23 Oktyabr 2025 11:23
136
GÜNDƏM

Jurnalistin “Araz” marketdən aldığı portağal niyə xarab çıxdı? – Ekspertlər şərh etdi

Əməkdaşımızın Xırdalanda yerləşən “Araz” marketdən aldığı portağal xarab çıxıb. O dərhal aldığı məhsulu götürərək marketə gedib və müdiriyyətlə görüşərək iradını bildirib. Market rəhbərliyi vitrində olan portağalların xarab olduğunun jurnalist tərəfindən ifşa edildiyini bildikdən sonra malı satışdan çıxarıb. Amma əməkdaşımız jurnalist olduğunu və məsələni ictmailəşdirəcəyini bildirib. 

O, məsələylə bağlı ekspertlərin fikirlərini öyrənib. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, rəhbəri olduğu quruma “Araz” və “OBA” marketdən tez-tez bu kimi şikayətlər daxil olur:
“İstehlakçı narazılığı mövcuddur, amma çox təəssüf ki, həmin market sahibləri cəmiyyətə heç bir mesaj ötürmürlər. Təəssüflər olsun ki, işlərində dönüş əmələ gətirmirlər. Bu cür malın mövcudluğu Nazirlər Kabinetinin 94 saylı qərarının yetinə yetirilməməsindən qaynaqlanır. Həmin qərarda deyilir ki, ölkənin əmtəə bazarında satılan bütün mallar fasofka olunmalıdır, onun üzərində son istehsal və son yararlılıq müddəti olmalıdır. Aydındır ki, belə mallar hardasa saxlanılıb, yararlılıq müddəti keçib, istehlakçı heç bilmir ki, bunun yararlılıq müddəti nə vaxt bitib və sair. Portağal quruyub və bu vəziyyətdə satışa çıxarılıb. Bu yolverilməzdir. Mallar gərək bükülmüş olsun ki, insanlar təzə mal almaq imkanlarına malik olsunlar. Azərbaycan hökuməti biznes qurumları üçün çox rahat bir şərait yaradıb. Lakin biznesi də, dövləti də, ordunu da saxlayan istehlakçı siyasəti arxa planda qalıb. Bunun da nəticəsi odur ki, belə mallar mövcuddur. Belə hallarla rastlaşanda itehlakçılar fəal olmalıdır, 1003 qaynar xətti ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidirlər və eləcədə də malın geri qaytarılaraq pulun alınmasında fəallıq göstərməlidirlər”. 

Qida məsələləri üzrə mütəxəssis İlkin Şirinov isə saytımıza açıqlamasında bildirdi ki, marketlərdə vaxtı keçmiş məhsul məsələsi həmişə problem olub:
“Vaxtı keçmiş məhsulların marketdən asılı və asılı olmayan tərəfləri var. Marketlərin anbarlarında məhsulların qəbul qaydalarına uyğun olaraq ola bilər vaxtına az qalmış müddətdə endirimlə məhsullar verilir, bunu da market bilə-bilə qəbul edir və burda marketin də, şirkətin də qazancı var. Digər bir tərəfdən məhsulların saxlanma qaydalarının düzgün seçilməməsi, istər meyvə-tərəvəz, istər şirniyyatlar, çərəzlər və istərsə də digər buzlu məhsullar olsun. Saxlanma qaydalarının düzgün seçilməməsi, buna əməl olunmaması, temperaturun normal seçilməməsi gətirib marketlərdə həmin məhsulların xarab olmasına, müştəri narazılığına çıxardan məsələlərdir”. 

İ.Şirinov bildirib ki, soyuducudan çıxan məhsullar marketə çatdırılarkən soyuq qida zənciri qırılır və marketlərdə onların satışı artıq soyuducusuz təşkil olunur:

“Bu kimi səbəblərə görə həmin o meyvə-tərəvəz və digər məhsulların keyfiyyətində həm gözlə görüləcək səviyyədə, həm də gözlə görünməyəcək səviyyədə keyfiyyəti aşağı düşür. Ola bilər ki, məhsulun üzərində yararlılıq müddəti var, bitmə tarixi normaldır, amma məhsulun saxlanma şəraiti düzgün saxlanılmadığına görə onun tərkibində də, xarici görünüşündə  və tərkibində də dəyişiklik ola bilər”. 

Vasif ƏLİHÜSEYN