Heydər Əliyev dühası əbədi Azərbaycan haqqıdır!

Heydər Əliyev - 100
Mənbələrdən bildiyimiz kimi, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Həmin an Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1989-cu ilin noyabrında Milli Məclis xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etdi.
Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar, lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi.
1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi. Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar da qoşuldu, bu proses parçalanmış xalqın təbii birləşmə meyli kimi müdafiə edildi və bu, xalqımıza qarşı yönəldilmiş çirkin təbliğatın qarşısını qismən aldı. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.
Bu günün özündə dünya azərbaycanlılarının Azərbaycan uğrunda birlik nümayiş etdirməsi ümummilli lider Heydər Əliyevin tarixi siyasi uğurudur. Hazırkı bütün nailiyyətlərimiz bu uğurla təsbit edilir...
Bilirik ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli siyasi və dövlət xadimi, adı qəlbimizdən heç vaxt silinməyəcək tarixi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 ili münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar sərəncam imzaladı. Ötən aylar ərzində müstəqil Azərbaycanımızın hər yerində Zati-aliləri cənab Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə qeyd olunur, bu istiqamətdə tədbirlər planı həyata keçirilir.
Bildiyimiz kimi, Heydər Əliyev Tanrının xalqımıza bəxş etdiyi dahi insan, varlığı siyasətdən yoğrulmuş qüdrətli dövlət başçısı, xalqımızın xilaskarı, dövlətimizin rəmzi, dövlətçiliyimizin, Konstitusiyamızın və qanunlarımızın qarantıdır.
Hamımıza yaxşı məlumdur ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli tarixi şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Bu səbəbdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2023-cü il “Heydər Əliyev İli” elan etməsi çox doğru addımdır.
Gözlərimizin önündədir ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir.
Ulu öndər Heydər Əliyevin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.
Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.
Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.
Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri gördüyü işlərin hamısında bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir.
Ulu öndər Heydər Əliyev, bildiyimiz kimi, cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və bunları məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Hazırkı iqtisadi yüksəlişə də elə bu amillər zəmin yaradır.
Hamımız birmənalı etiraf edirik ki, Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.
Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Böyük tarixi Qələbənin əldə olunmasında da Heydər Əliyevin siyasi xətti əsaslı rol oynayır.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Əbəs yerə deyil ki, xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir.
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Danılmaz bir həqiqətdir ki, Azərbaycan xalqının möhtəşəm tarixinin son 30 ildən çoxu nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin adı və misilsiz fəaliyyəti ilə bağlıdır. Öz mənalı ömrünü xalqının haqq işinə həsr etmiş bir insanın doğma
Azərbaycanımıza rəhbərlik etdiyi bütün dövr ərzində həyata keçirdiyi daxili və xarici siyasət yüksək intellektin, dərin zəkanın və siyasi uzaqgörənliyin parlaq təcəssümüdür.
Bəllidir ki, möhtərəm Heydər Əliyevin respublikamıza rəhbərliyinin üçdən iki hissəsi keçmiş ittifaqın tərkibində olduğumuz dövrə təsadüf edir. İstər bilavasitə respublikaya rəhbərlik edərkən, istərsə də ittifaqın mərkəzi partiya və dövlət hakimiyyəti orqanlarının rəhbərliyində olarkən bu böyük insanın xalqına olan misilsiz məhəbbəti onu öz doğma torpağına elə bağlamışdır ki, onun qəlbi daim öz Azərbaycan ilə döyünmüşdür.
Etiraf olunası haldır ki, məhz Heydər Əliyevin ölkəmizə rəhbərliyi və qayğısı nəticəsində həmin dövrdə respublikamız sosial-iqtisadi cəhətdən yüksək səviyyədə inkşaf etmiş, o vaxtkı ittifaqın ən qabaqcıl respublikalarından biri hesab edilmiş, adı həmişə hörmətlə çəkilmişdir.
Müstəqilliyimizin ilk illərində respublikamızı gözü götürməyənlər, ərazimizə xaincəsinə göz dikənlər min cür hiylə quraraq Azərbaycanımızı həlli çox çətin olan problemlər qarşısında qoymuşdular. Hətta ölkəmizin ərazisinin parçalanması təhlükəsi yaranmışdı. Xalqımızın belə bir ağrılı, qanlı-qadalı günündə onun köməyinə çatan yenə də öz elini, Vətənini misilsiz bir məhəbbətlə sevən Heydər Əliyev respublika əhalisinin təkidi və tələbi ilə ölkə rəhbərliyinə qayıtdı, Vətənimizin xilaskarı oldu.
Özünün yüksək dühası və siyasi uzaqgörənliyi ilə şöhrət tapmış, adı müasir dünyanın ən görkəmli şəxsiyyətləri ilə bir sırada çəkilən, güclü bir tarixi şəxsiyyət olan Heydər Əliyevin səyi və bacarığı nəticəsində respublikamız azad və təhlükəsiz yaşamaq şərəfinə nail oldu. Respublikamızda ardıcıl surətdə həyata keçirilən sosial-iqtisadi, hüquqi islahatlar nəticəsində milli dövlətçiliyimiz daha da inkişaf etdirilərək yeni məzmun kəsb etdi.
Bu gün də Azərbaycanda cəmiyyətimizin ictimai-siyasi həyatının daha da demokratikləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması həyatı reallığa çevrilmişdir. Bu mühüm işin əsas özəyi Heydər Əliyev siyasətinin uğurudur.
Bilirik ki, doğma azərbaycanımızın beynəlxalq miqyasda tanınması, onun dünya dövlətlər birliyinə daha fəal surətdə qovuşması sahəsində atdığı addımlar da cənab Heydər Əliyevin adı ilə bağlıdır.
Ölkəmizin həm daxilində, həm də beynəlxalq aləmdə qazandığı uğurlar xalqımızın misilsiz və dahi oğlu Heydər Əliyevin nailiyyətləridir. Məhz bu reallıqlara onun böyük dühasına ümid bağlayan beynəlxalq ictimaiyyət, ona həm də regionda sülh və əmin-amanlığın təminatçısı kimi baxırdı. Çox şükür ki, hazırda bu missiyanı Heydər Əliyevin layiqli varisi İlham Əliyev cənabları uğurla davam etdirir. Buna görə də xalqımızın ən böyük və xilaskar, milli qüruru olan oğlu ilə öyünməyə həmişə haqqı var.
Əslində, Heydər Əliyevi yaşadan da, ona ilham, güc verən də məhz xalqın ona olan inamı və məhəbbətidir. Bu məhəbbətin sayəsində təqvimin 10 may günü Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb. Qəlbində Vətən məhəbbəti, xalq sevgisi olan hər bir azərbaycanlı üçün bu gün əziz və doğmadır. 30 ildən artıq bir müddətdir ki, Azərbaycan xalqı bu günün dünyaya bəxş etdiyi dahi və nadir bir şəxsiyyətin rəhbərliyi altında öz tarixini qurub yaradır.
Bu, tarixin ən şanlı səhifəsi isə nə qədər çətin, qanlı-qadalı günlər yaşamış olsaq da, belə istiqlalımızın əldə edilib, qorunub inkişaf etdirilməsidir.
Məhz dünya azərbaycanlılarının Vətənimiz naminə birlik nümayiş etdirməsi, bütün hallarda onların ürəklərinin Azərbaycanla döyünməsi ümummilli lider Heydər Əliyev siyasi xəttinin fövqüdür.
Heydər Əliyev dühası əbədi Azərbaycan haqqıdır!
Elnurə Fizuli qızı İsgəndərova,
Abşeron Xızı Regional Təhsil idarə Güzdək qəsəbə tam orta məktəbin tədris işləri üzrə direktor müavini
Digər Xəbərlər

Azərbaycan Universitetində Heydər Əliyevin 102-ci ildönümü qeyd edildi - FOTOLAR

Millət vəkili, yazıçı Aqil Abbasla görüş keçirilib - FOTOLAR

IV və VI sinif şagirdləri üçün monitorinqlər təşkil olunacaq
