Nigar Rəfibəylinin anadan olmasından 110 il ötür

Ala gözlüm səndən ayrı gecələr,
Bir il kimi uzun olur neyləyim?!
Tarix təkrarlanır, təkrarsız olan isə, onun miras qalan misralarıdır. Bəli, söhbət Nigar Rəfibəylidən gedir...
Azərbaycanlı xanım şair, tərcüməçi Nigar Rəfibəyli 1913-cü il iyun ayının 29 –da Gəncə şəhərində cərrah – həkim ailəsində dünyaya göz açıb. Atası Xudadat bəy Rəfibəyov əsrimizin əvvəllərində Avropada oxumuş ziyalılarımızdan biri, ali təhsilli ilk azərbaycanlı cərrah olub.
Nigar evin son beşiyi idi. Bu dünyadan nakam getmiş bibisi Suğra xanımın adını vermişdilər ona. Amma 4-5 yaşına çatsa da, heç kim onu adı ilə çağırmırdı, buna ürək etmirdi. Bir gün türkiyəli şair Nigar xanımın “Əfsus” adlı şeirlər kitabını oxuyan Cəvahir xanım qayınatasından icazə istəyir: “Bu qızın adını çağırmağa heç birimizə ürək eləmirik. Əgər izn versən, adını dəyişib, Nigar qoyardıq”. Beləcə Ələkbər bəyin xeyir-duası ilə Suğra adı Nigarla əvəz olunur.
Hələ ibtidai təhsilini Gəncədə almış balaca Nigar sonralar Bakı Pedaqoji texnikumunda təhsilini davam etdirmək qərarına gəlir və əmək fəaliyyətinə müəllim kimi başlayır. İncə ruhlu Nigar xanım bu illərdə bədii yaradıcılıqla da məşğul olur. Onun ilk şeirləri də elə bu vaxtlar dövrü mətbuatda çap olunub. Nigar Rəfibəylinin ilk şeiri olan “Çadra” 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc olunub. Yaradıcılaığa böyük həvəsi olan xanım sənətçi 1930-1932-ci illərdə Bakı kinostudiyasında, sonralar isə fəhlə-gənclər məktəbində işləyib. “Zəfər nəğməsi”, “Şeirlər”, “Anaların səsi” , “Yol xatirələri”, “Dənizin səsi gəlir” və başqa kitabları nəşr olunub. 1931-ci ildən “Azərnəşr”də bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor kimi fəaliyyətə başlayan Nigar Rəfibəyli sonradan Moskvada pedaqoji institutunda təhsilini davam etdirib. Orada təhsil alarkən Bakıda ilk şeirlər məcmuəsi çapdan çıxıb. 1937-1939-cu illərdə “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor vəzifəsində çalışan Nigar Rəfibəyli 1940-cı ildən ömrünün sonunadək bütün qüvvəsini yaradıcılıq işinə həsr edib, qardaş xalqlar ədəbiyyatından Nəvai, Şiller, Puşkin, Lermantov, Çexov, Şevçenko və başqalarının əsərlərini bədii tərcümələr etməklə milli mədəniyyət xəzinəmizi zənginləşdirib.
Nigar Rəfibəylinin həyat və yaradıcılığı, onun həzin hisslər və incə duyğular tərənnüm edən poeziyası nəinki milli ədəbiyyat tariximizdə özünəməxsus yer tutub, eyni zamanda, böyük şair, ictimai xadim Rəsul Rzanın həyat və yaradıcılığına belə əsaslı təsir edib. O, Azərbaycanın Xalq şairi Rəsul Rza ilə birlikdə Azərbaycan ədəbiyyatının yüksəlməsində xüsusi rol oynayıb. Bu ailənin övladı Azərbaycan Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar da öz əcdadlarının, anasının, atasının sənət yolunu davam etdirir. Bir ailənin üç üzvü Azərbaycanın sevilib - seçilən nümayəndəsinə çevrilib.
Yaradıcılıq dövründə Nigar Rəfibəyli xidmətlərinə görə “Şərəf nişanı” ordeni və medallarla təltif olunub. Bu gtün Onun adını daşıyan küçə, xatirəsini əbədiləşdirən məkan, haqqında çəkilmiş film var. Gözəl insan, unudulmaz sənətçi həyat yoldaşı Rəsul Rzanın yoxluğunu hiss edərək ona yas saxlayaraq 1981-ci il iyulun 9-da Bakıda vəfat edib.
Şəlalə Camal
(AJB – ninn üzvü)
Digər Xəbərlər

“Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib - VİDEO

Karatepe-Aslantaş Yazıları UNESCO-nun “Dünyanın Yaddaşı” Reyestrinə daxil edilib

“Dergizan. I Azərbaycan sənət görüşü”

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ LAYİHƏYƏ START VERİLİR

Bakı Xoreoqrafiya Akademiyasının şagirdləri konsert proqramı ilə çıxış ediblər

Ankarada Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə konsert keçirilib

Bakıda Xalq şairi Rəsul Rzanın ev-muzeyi açılıb - FOTOLAR
