adalet.az header logo
  • Bakı -°C
10 Avqust 2026 14:30
61
GÜNDƏM
A- A+

Strateji obyektlərin kibertəhlükəsizliyi ilə bağlı qaydalar hazırlanacaq

Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq.

Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti tənzimləyici test mühitinin həyata keçirilməsi qaydalarına, o cümlədən onda iştirak edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi, tənzimləyici test mühitinin maksimum müddəti və normativ hüquqi aktların tələblərindən istisnaların tətbiqi qaydasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Eyni zamanda Nazirlər Kabinetinə dövlət orqanlarına (qurumlarına) məxsus (kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri istisna olmaqla), habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturunun informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyinin təmin edilməsi qaydalarına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla doqquz ay müddətində dövlət informasiya ehtiyatları və sistemlərinin (kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə məxsus informasiya ehtiyatları və sistemləri, eləcə də kritik informasiya infrastrukturu, Azərbaycan Respublikası Mərkəzi Bankının və maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərin (dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) informasiya infrastrukturu istisna olmaqla) təhlükəsizlik meyarları üzrə monitorinqinin və auditinin aparılması, habelə informasiya təhlükəsizliyi üzrə rəy verilməsi qaydalarını da təsdiqləməlidir.