adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Mart 2023 15:35
1408
MÜSAHİBƏ

“Son illərdə ədəbiyyatımızda bir canlanma var” - MÜSAHİBƏ

 Bu gün şair, tərcüməçi, esseist Qismət Rüstəmovun ad günüdür.

Adalet.az Qismətlə mini-müsahibəni təqdim edir:

- Qismət bəy, adınızı kim qoyub? Bunun sizin üçün həyatda elə rəmzi mənası varmı?

- O vaxt babalarım mən dünyaya gəlməmişdən öncə məsləhətləşib bu adın üstündə dayanıblar. Bəlkə də bu adın səslənməsi onların xoşlarına gəlib. Mənə ən azından bizim ailədə danışılan əhvalat budur. Açığı bu adın rəmzi mənası barədə düşünməmişəm, amma haqqımda yazılan yazılarda “ədəbiyyatın Qisməti” kimi sözləri dostlar yazırlar. Çox sağ olsunlar. Mən özüm adların mistikası üzərində çox da düşünən adam deyiləm. Amma yəqin ki, adlar haqqında düşünməsək də, müəyyən təsiri var. 

- Ədəbiyyatımızın və kitabın vəziyyəti sizi qane edirmi? Həmişə bununla bağlı bədbin danışırlar...

- Son illərdə ədəbiyyatımızda bir canlanma var. Bizim tələbəlik illərində, yəni 2000-ci illərin əvvəllərində şəhərdə bir neçə kitab ünvanı vardı. Məsələn, Qız qalasının yanındakı Elman dayının köhnə bukinisti var idi. Yəni çox kitab evi yox idi. Amma son dövrlərdə təxminən 2000-ci illərin əvvəllərindən müəyyən kitab evləri fəaliyyətə başladı. Məsələn, “Əli və Nino”, “Libraf”, “Azərkitab” kimi mağazalar yarandı. Yavaş-yavaş az da olsa müəyyən bir hərəkətlənmə var. Amma mənə elə gəlir ki, problem bu prosesin ancaq paytaxtda baş verməsidir. Yəni kitab paytaxtdan bölgələrə doğru yayılmalıdır ki, biz həqiqi oxucunu və tirajı bilək. Bizim indi bildiyim tirajların heç biri həqiqi tiraj deyil. Həqiqi tiraj o vaxt olur ki, kitab ölkə boyu yayılır, tirajı çoxalır və dəqiq rəqəmi bilirsən.  Ona görə də kitab paytaxtdan bölgələrə doğru yayılmalıdır. Ümid edirik ki, bu da düzələr.

- Ölkədə haqqı-nahaqdan ayıran ziyalılarımızın hər biri bu gün televiziyalarımızdakı verilişlərdən narazıdır. Siz bir ziyalı kimi bunu müşahidə etmisinizmi?

- Televiziyalarımızla bağlı tənqidlərdə mənə elə gəlir ki, haqlı tərəf var. Televiziyalarımızda şou-biznesin faizi, lüzumu bizim kimi bir ölkə üçün lüzumundan artıqdır. Türkiyəylə müqayisədə bu aşırı dərəcədədir. Çünki onun alternativi yoxdur. Məsələn, qardaş Türkiyəylə müqayisə etsək, orda əyləncə proqramları var. Amma ona paralel olaraq axşam saat 22 və 23-dən sonra başlayan və gecə yarına kimi davam edən tarix, fəlsəfə elmlə bağlı uzun davam edən  verilişlər də var. Bu gün o verilişlərə “YouTube” kanalına baxdıqda görürsən ki, insanlar buna həm canlı verilişdə, həm də sonradan baxırlar. Bizdə isə həmişə bəhanə gətirirlər ki, kimdi bu verilişlərə baxan? Axı biz bunu nə vaxt açıq yoxladıq ki, bilək buna baxan var, yoxsa yox. 

- Təzə kitabınızı oxuculara nə vaxt təqdim etmək fikrindəsiniz?

- Bir neçə tərcümə təhvil vermişəm. Onlar bu il çapdan çıxmalıdır. Bununla yanaşı, son illərdə yazdığım esselərdən ibarət  kitab hazırlayıram. Yəqin ki, yeni ilə qədər o da çapdan çıxar. 

Vasif Əlihüseyn