adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 Aprel 2024 15:39
2382
SAĞLAMLIQ

SN-nin 9109 “Çağrı Mərkəzi” bir ildə neçə müraciəti cavablandırıb? - FOTOLAR

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müharibə iştirakçıları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə 9109 qısa nömrəli “Çağrı Mərkəzi” 1 aprel 2023-cü il tarixindən fəaliyyət göstərir.

Bu barədə Adalet.az-a Nazirlikdən bildirilib.

Məlumata görə, “Çağrı Mərkəzi” müharibə veteranlarına göstərilən psixoloji və tibbi reabilitasiya xidmətlərinə vahid platformadan nəzarətin təşkil edilməsi, müharibə veteranları və şəhid ailələri ilə proaktiv işin aparılması, tibbi reabilitasiya xidmətlərinin sistemli yanaşma və davamlı şəkildə təmin edilməsi, sahəvi fəaliyyətlərin digər dövlət qurumları ilə koordinasiyasının aparılması məqsədilə yaradılıb.

“Çağrı Mərkəzi”nə daxil olan müraciətlərin operativ şəkildə həlli məqsədilə aidiyyəti dövlət qurumları ilə inteqrasiya olunmuş “Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə Vahid Nəzarət Platforması” formalaşdırılıb.

Fəaliyyət göstərdiyi ötən bir il ərzində “Çağrı Mərkəzi” vasitəsilə müharibə iştirakçısı və şəhid ailəsinin 56 358 müraciəti cavablandırılıb.

Bunlardan 12 062 müraciət əsaslı, 44 296 isə proaktiv zənglər təşkil edib.

Ötən müddət ərzində Səhiyyə Nazirliyinin ixtisaslaşmış qurumlarına psixoloji yardımla bağlı 1940 müraciət yönləndirilib. Eyni zamanda, psixiatrik müayinə və müalicə ilə bağlı 1930 müraciət daxil olub. Daxil olan müraciətlərdən Səhiyyə Nazirliyinin tabeliyindəki reabilitasiya mərkəzlərinə ümumillikdə 975 müraciət yönləndirilib. Belə ki, nazirliyin nəzdində olan Sanator Kurort Reabilitasiya Mərkəzinə 613, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna 338 və 24 şəhid övladı müalicə almaq üçün Respublika Uşaq Sanatoriyasına yönləndirilib.

Qeyd edək ki, 9109 “Çağrı Mərkəzinə” müraciətlər həftənin bütün günləri, günün istənilən vaxtında qəbul olunur.