Sevinc və ruzi bayramı

Sona Çərkəz,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Yenə də qarlı dağlar aşaraq, yel ətəkli, quş qanadlı yaz özünü elimizə, obamıza yetirir. Qar əriyir, çaylar aşıb-daşır, dərələrdən sel axır, ürəyimiz sevinclə dolur.
Torpaq yaşıl xalıya bürünür, yer-yurd sanki dil açıb demək istəyir: «Novruz gəldi, yaz gəldi, yurdumuza bahar gəldi».
Bənövşələr kol dibindən boylanır, bahar qız əlində səməni Novruzu təbrikə gəlir. Bahar qızın arxasınca sıra-sıra qızlar gəlir, onların xor səsi eşidilir:
Səməni saxla məni,
İldə göyərdərəm səni.
Səməni Novruz bayramının simvoludur. Səməninin səslədiyi göylük dirilikdir, həyatdır, həyatın canıdır, nəfəsidir. Məhz ona görə də Novruz bayramından sonra – səməni saralıb soluxanda onu zibilliyə atmırlar, çünki bu, günahdı. Gərək səmənini axar suya axıdıb arxasınca da bir iki parça qənd atasan. El adətinə görə belədə evə xeyir-bərəkət gələr, ürəyində tutduğun diləklər yerinə yetər. Bu yüz illərdən üzü bəri gələn bir inancdır və bu adətə ölkəmizin bir çox bölgələrində indi də əməl edirlər…
Novruzla bağlı adət-ənənələr, inamlar çoxdur. Bu inamlar, Novruzla bağlı təsəvvürlər özünün qədimliyi ilə seçilir. Bu adət-ənənələr Zərdüşt dininin yarandığı gündən bəri davam etməkdədir. Zərdüşt – atəşpərəstliklə bağlıdır.
Novruz bayramı əsrlərdən bəri qeyd edilir və baxıb görürük ki, oda sitayiş edən ulularımızın məişəti, gündəlik qayğıları, inam və etiqadları Novruz bayramı günlərində öz əksini tapır.
…Yurdumuza yaz gəlir, Novruz gəlir. Çaylar için-için burulur, köpüklü-köpüklü axır. Dədə Abbasın sözləri yada düşür:
Duman, gəl get bu dağlardan,
Bahar gəldi, qar əylənməz.
Yaz gələndə – Novruz gələndə təkcə torpaq oyanmır, meşə də, göylər də, yerlər də oyanır, eyni zamanda yazın ilk günlərindən adamlar xüsusi ev təmizliyi ilə məşğul olurlar. Xonçalar bəzədilir, xonçalarda yanan şam işığında yazın, baharın sevinci duyulur, ağrı-acı yox olub gedir, tonqallar qalanır. Ağrı-acılar yanan ocağa «tökülür», adamlar mənən durulur, saflaşır, ocaqdan paklıq alır.
Tonqal qalamaq oda sitayişlə bağlıdır. Əbəs yerə «od oğlu», «od qızı» deməyiblər bizə. Əbəs yerə yurdumuza «Odlar yurdu» deməyiblər… Məhz ona görə də Novruzun oda sitayişlə bağlılığı təqdir olunmalıdır və olunur da. Daha çox axır çərşənbədə – bayram axşamı bütün həyətlərdə ocaq qalanır. Uşaqlar «ağırlığım, uğurluğum odlara» deyərək tonqalların üstündən hoppanırlar. Bu hoppanmanın özündə də bir sevinc duyğusu, bir inam və ümid duyğusu var. Bu həm də yüz illərdən üzü bəri gələn adətdir. Ona görə də ocağın üstündən hoppanmaqda bir ululuq, müqəddəslik əhvalı hiss olunur. Ocağın üstündən hoppanmaqla insanlar həm mənən təmizlənir, həm günahlarını «yuyur», həm də bir-birinə daha yaxın olurlar. Tonqalın üstündən atılan adamların dərd-səri, ağrı-acısı qovurğa kimi odda qovrulur, yaz suları azar-bezarı axıdır, çox-çox uzaqlara aparır, «əridib» yox eləyir.
Bahar mərasimində həm də əkinçilik, maldarlıq təsəvvür edilir. Hər evdə səməni göyərdilməsində, «kosa-kosa» oyununda, sayaçı nəğmələrində…bunu görmək, duymaq mümkündür. Xalq oxuduğu bu nəğmələrlə, göstərdiyi tamaşalarla həm də şərə, şər qüvvələrə öz nifrətini bildirir.
Novruz bayramında adamlar bir-birinə daha çox yaxınlaşır, doğmalaşır, donuqluq, soyuqluq yox olub gedir. Oğul-uşaq, qız-gəlin ən gözəl və təzə geyimlərini geyinər, təzə geyimlə təzə günə çıxar. Novruz bayramında insanın sevinci köksünə sığmır, alışan tonqallar da, göyərən səmənilər də, papaq atmalar da, boyanmış yumurtalar da, «Kosa-kosa» oyunları da… baharın adınadır. Pəncərələr, qapılar Novruzun üzünə açılır, evimizə, eşiyimizə yaz havası dolur. Evlərdən – evlərə bayram sovqatı aparılır, şirinlik «axır», küsülülər barışır, hamının üzündə gülüş olur, sevinc olur. Ulu babalarımız, nənələrimiz Novruz günü könülə dəyən söz işlətməyi, kobudluğu, yalan danışmağı, ürək sındırmağı… yasaq eləyiblər və düz də eləyiblər. Axı Müqəddəs Novruz bayramı ümumxalq bayramıdır, ayağa qalxmaq, yüksəlmək, bir-birinə əl tutmaq imkanıdır, yaxşılıq etmək, ürək sevindirmək imkanıdır.
Novruz bayramında aşıqlar sazı köynəkdən çıxardıb meydana girir və insanları kin-küdurətdən, nifrətdən uzaq olmağa, mehribançılığa və ülviyyətə səsləyir. Belə deyirlər ki, aşığı aşıq eləyən də yazın – Novruzun bu çal-çağırıdır.
Bahar oldu, çiçək açdı,
Güllər qırmızı geyindi.
Güllər, çöllər… qırmızı geyindikcə ürəklər cuşə gəlir, damarlarda qan «qaynayır», torpağın da, adamların da qırışığı açılır. Havadan qırxbuğumun, yarpızın, quzuqulağının, quşəppəyinin… ətri gəlir. Ağaclardakı budağın düyməsi bircə-bircə açılmağa başlayır.
Meşələrdə, ağaclarda Novruzun – baharın «darağı» gəzir, baxıb görürsən ki, daraqda gələn yamyaşıl istəkdi, arzu-diləkdi.
«Yel çərşənbəsi» yazın gəlişində, torpağın oyanmasında xüsusilə fərqlənir. Yel çərşənbə bayramını müqəddəs hava-yel varlığı ilə əlaqələndirirlər.Bu çərşənbəyə «Küləkli və yelli çərşənbə, eləcə də «Nəfəs çərşənbə» də deyirlər. Hava-külək çox qısa bir müddətdə yer üzünü gəzib dolaşır və ondan ayrılmış Su, Od və Torpağı hərəkətə gətirir. Müşahidələrə görə, bayram ərəfəsində və Yel çərşənbə günü əsən küləklər artıq soyuq olmayıb, vaxtın, vədinin tələbindən isinirək gün ərzində bir neçə dəfə səmtini dəyişir. Bu dəyişmə isə hava-yel varlığının təmizlənib paklaşması ilə bağlıdır. Əsən yellər ağacların qol-budağını yellədir, onları quş yuxusundan ayıldır, puçurlarını açır, buludları qovaraq bir-birilə toqquşdurur, ilıq yaz yağışları yağdırır və bununla da torpağa can verir. Havadan yazın isti nəfəsi duyulmağa başlayır.
Novruz xəbəri gülə-gülə gəlir, gülə-gülə qapıları silkələyir, aynalarıdöyəcləyirvə insanların taleyinə bir göz qırpımında qaynayıb qarışır. Torpaq Novruzun gəlişindən diksinib oyanır. «Torpaq çərşənbəsi» ifadəsi havayı yaranmayıb ki… Od, Su, Yel çərşənbələrindən sonra gələn Torpaq çərşənbəsi günü hamı tezdən durar, bayramın əsas yeməyi sayılan aşın düyüsü islağa qoyulur, axşamdan hazırlanan şəkərbura, paxlava, qoğal və s. şirniyyatlar masaya düzülür, yandırılacaq şamlar və tonqallar hazır vəziyyətdə olur. Axşamtərəfi uşaqlar qapı-qapı gəzər, papaq atar, bayram payı yığarlar.
Hamı qohum-əqrabanı yoxlayır, bir-birlərini təbrik eləyir, yaza çıxdıqları üçün gözaydınlığı verirlər…
«Torpaq çərşənbəsi» torpağın oyanması ilə bağlıdır. Dünya sanki torpağın oyanmasına bənddir, hər yan yaşıllığa bürünməyə başlayır. Həyət-bacalarda, tarlalarda, əkin sahələrində böyük canlanma yaranır, həyat bulaq kimi qaynayır.
Novruzun gəlişilə dağ çayları daha da gurlaşır, aşıb-daşır. Qar əridikcə çayların səsi, sellərin gurultusu çox-çox uzaqlardan eşidilir. «Su aydınlıqdır, su həyatdır» - deyiblər. «Su çərşənbəsi» ifadəsi də elə-belə yaranmayıb. Boş yerə deməyiblər ki, ilin axır çərşənbəsində axar suyun qabağını kəsmək olmaz, kəssən, sənə sədəmə toxunar, işlərin dolaşar, müşkülə düşər. Həm də ulu babalarımız deyiblər ki, axır çərşənbə gecəsinin səhəri sübh obaşdan durub axar su üstünə getmək, suya salam verib üç dəfə üstündən atlanmaq gərəkdir. Sonra da həmin sudan bir qab gətirib həyət-bacaya, evin dörd bucağına səpmək lazımdır. Deyilənə görə belədə ilin xoş gələr, ağrı-acı görməzsən, həyatda diləklərinə çatarsan, ümidlərin gerçəkləşər...
Yurdumuza Bahar bayramı gələndə oğul nişanlamış ata-analar sor-sovqat düzəldib qudalarıgilə bayramlıq aparırlar, adına da bayramlıq deyirlər.
Novruzun ilaxır çərşənbəsində bütün küsülülər barışmalıdır. Bu ilin küsülülüyünü gələn ilə qoymazlar. Deyirlər ki, üstündən bir bayram ötən küsülülük qırx il çəkər. Kim qırx il küsülü qalmaq istəmirsə, tonqal başına gəlsin, küsülülüyünü, incikliyini oda, alova atsın. Çox gözəl adətdir. Elimizin bu kimi gözəl adətləri qürurvericidir.
Novruzun ilaxır çərşənbəsində adamlar ürəyində niyyət tutub hava qaralandan sonra xəlvətcə qohum-qonşunun qapısına yaxınlaşır, qapı dalında durub, içəridən gələn səsə qulaq asırlar…içəridən ağzını açıb ilk kəlmə kəsənin dediyi söz niyyətin yerinə yetib-yetməyəcəyini nişan verir. İlk kəlmə xoş mətləbə, yaxşı bir istəyə bağlıdırsa, demək, niyyətin baş tutacaq; yox, pis söz, narazılıq, nigarançılıq bildirən kəlmə dilə gəlsə, onda istəyinə yetməyin müşkül işdir. Axır çərşənbə gəlib-yetəndə ağsaqqal-ağbirçəklər uşaqdan böyüyə hamıya öyüd-nəsihət eləyir ki, xoş sözlər, könül açan söhbətlər eləsinlər, birdən qapıya gəlib ürəyində dilək tutan olar, qoy niyyəti xoş sözə ürcah olsun.
…Yürdumuza Novruz gəlir, yaz gəlir. Qarabağda – Şuşada, Ağdamda, Füzulidə Novruz bayramı bir özgə aləmdi. Min şükür Allaha ki, indi o bölgələrdə bayramı bütöv ürəklə, sevinclə keçirəcəklər…Bayram axşamı hər evdə mütləq plov dəmlənməlidir. Bəzədilən xonçanın süfrədə xüsusi yeri olur. Xonçada səməni, şəkərbura, paxlava, qoğal, iydə, innab, fındıq, qoz, şabalıd…və müxtəlif kətələr yer alır.
Hər süfrə başına yığışıb ailə üzvlərinin sayı qədər şamlar yandırırlar…
Çərşənbə axşamlarından tutmuş, Novruz bayramı bitənə qədər hamı bayram əhval-ruhiyyəsində olur. Rəhmətlik İsa babam deyərdi ki, bu bayram tut yetişənə qədər davam edir…
Novruz bayramının yaşı ulu Zərdüştün – onun müqəddəs kitabı «Avesta»nın yaşı qədərdir. Novruz dediyimiz gün dünyanın dirilik saatı, oyanış hikmətidir. Novruzda istənilən diləklər yerinə yetir, gecələr görünən yuxu çin olur. Hər halda belə deyirlər. Həm də deyirlər ki, Novruz aydınlıqdır, duruluqdur. Bəli, Novruz bayramı böyük mənəvi gücə malikdir. Bu gözəl və əvəzedilməz bayram ulu əcdadlarımızdan bizə verilən ən gözəl yadigarlardan biridir. Novruz bayramı xalqımızın milli ruhunu və yaddaşını bütün zənginliyi ilə yaşadır… Novruzla bağlı nə varsa, məişətimizdə, psixologiyamızda milli bütövlüyü daha da gücləndirir. Novruz bayramı milli dünyagörüşümüzlə birlikdə yaranan inamdır.
Və onu da unutmayaq ki, xalqımızın əski çağlardan daşıyıb gətirdiyi mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri vardır. Bu, həm də sevinc, fərəh, həmrəylik bayramıdır. Üstəlik biz 30 ilə yaxın bir müddətdə, yəni torpaqlarımız işğal altında olarkən Novruzun özəlliklərini bütünlüklə yaşaya bilmirdik. Şükürlər olsun ki, 44 günlük Böyük Vətən Müharibəmiz Novruzumuzun bütün özəlliklərini və gözəlliklərini olduğu kimi yaşamaq haqqımızı da bizə qaytardı. Indi Şuşada da, Ağdamda da, Füzulidə də, Kəlbəcərdə, Zəngilanda, Laçında, Qubadlıda, Cəbrayılda, yəni işğaldan azad olunmuş torpaqlarımızın hər guşəsində Novruzumuzun sevinci, şadyanalığı yaşanır. İnanırıq ki, Zəngəzur dəhlizi də açılacaq, qədim İrəvan şəhərimizdə də Azərbaycanın bütün torpaqlarında bayrağımız dalğalanacaq, Novruz tonqallarımız yandırılacaqdı. O gün inşallah olacaq! Axı Novruz Azərbaycan xalqının müqəddəs bayramıdır. Bayramınız mübarək!