"Şərurlu İsfəndiyar"ın həbs olunması üçün vəsatət verildi - YENİLƏNİB

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.
Adalet.az xəbər verir ki, “Report”un məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə İsfəndiyar Axundov da iştirak edib.
İclasda onun anket məlumatları dəqiqləşdirilib. Prosesdə Emil Səməmdərovun vəkili Asim Abbasov İsfəndiyar Axundovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət verib. O bildirib ki, İsfəndiyar Axundov bundan əvvəl məhkəmə proseslərindən yayınıb. Vəkil bu səbəbdən barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş şəxsin həbs olunmasını istəyib.
İsfəndiyar Axundovun müdafiəçisi deyib ki, işi ilə əlaqədar ötən prosesdə iştirak edə bilməyib:
"Müvəkkilimin hüquqi savadı olmadığı üçün ötən prosesdə vəkilsiz iştirak etmək istəməyib. Bu, onun məhkəmədən yayınması kimi qəbul edilməməlidir. Xahiş edirəm ki, vəsatət təmin olunmasın".
Məhkəmə İsfəndiyar Axundov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatəti təmin etməyib.
Sonra şikayətçinin vəkili Asim Abbasov İsfəndiyar Axundovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı vəsatət verib. O bildirib ki, onun ölkədən çıxışına qadağa qoyulması təqsirləndirilən şəxsin gələcəkdə məhkəmə prosesindən yayınmasının qarşısını alacaq.
İsfəndiyar Axundovun vəkili deyib ki, müvəkkili ölkənin qabaqcıl şirkətlərinə rəhbərlik edir və onun bu işə görə məhkəmə prosesindən yayınacağını düşünmək düzgün deyil:
"İsfəndiyar Axundovun ölkədən çıxışına qadağa qoyulması onun fəaliyyətinə buxov vurmaq kimidir. Xahiş edirəm vəsatət təmin edilməsin".
Məhkəmə təqsirləndirilən şəxsin ölkədən çıxışına qadağa qoyulması üçün verilən vəsatəti də təmin etməyib.
Prosesdə təqsirləndirilən İsfəndiyar Axundov da ifadə verib. O deyib ki, fəaliyyəti dövründə bir çox insana mənzil sahibi olması üçün kömək edib:
"Xahiş etmişəm ki, məni həbs etsinlər, canım bunlardan qurtarsın, lakin dövlətim mənə deyib ki, işimlə məşğul olum. Mən bu işlərə məcburi cəlb olunmuşam. Emil Səməndərov bu qədər adamı aldadıb. Zərərçəkənlər də elə bilir ki, onları mən aldatmışam".
Şikayətçinin vəkili Asim Abbasov əlavə edib ki, təqsirləndirilən İsfəndiyar Axundov tikinti işlərinə məcbur cəlb olunduğunu etiraf edib.
Təqsirləndirilən şəxsin vəkili cavabında bildirib ki, “Proqress 2016” MTK-nın öhdəliklərini "Şərur" MTK öz iradəsi ilə etməsə də, könüllü olaraq icra edib. Vəkili İsfəndiyar Axundovun fikrinin yanlış anlaşıldığını deyib.
Şikayətçi Emil Səməndərovun vəkili Asim Abbasovun sonuncu vəsatəti təqsirləndirlən İsfəndiyar Axundovun əvvəllər cinayət məsuliyyətinə cəlb olunub-olunmadığını müəyyən etmək üçün Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu göndərilməsi ilə bağlı olub:
"Hər hansı bir təqsirləndirilən şəxsin barəsində qərar çıxarılanda onun əvvəllər cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı da nəzərə alınır. Ona görə də, bu məlumatların əldə edilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu göndərilməsini xahiş edirəm".
Məhkəmə vəsatəti təmin edib.
Növbəti proses mayın 24-ə təyin edilib.
Qeyd edək ki, İsfəndiyar Axundov “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.
Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.
O, İsfəndiyar Axundovu qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.
***
14:59
“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçiriləcək.
Adalet.az-ın məlumatına görə, o, prosesdə iştirak etmək üçün Binəqədi Rayon Məhkəməsinə gəlib.
Qeyd edək ki, İsfəndiyar Axundov “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.
Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.
O, İsfəndiyar Axundovu qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.
Digər Xəbərlər

Ruben Vardanyanın məhkəməsi davam etdirilib - YENİLƏNİB + FOTOLAR

MƏHKƏMƏ: Başlıbel əhalisinin məhvinin şahidi olanlar ifadə veriblər - YENİLƏNİB + FOTOLAR

"Yaşlı kişini yandırmışdılar, sadəcə, başı qalmışdı" - Başlıbel faciəsinin şahidi

"Ermənistan silahlı qüvvələri mülki şəxsləri mühasirəyə salıb məhv etdilər" - Zərərçəkmiş

Barışıq sazişi əsasında cəzadan azad edildi - Azərbaycanda ilk

"23 nəfəri diri-diri basdırdılar, sadəcə, başları çöldə qalmışdı" - VİDEO

"Erməni hərbçilər 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar" - Zərərçəkmiş
