Sərhədçilər 17 kq narkotikin ölkəyə gətirilməsinin qarşısını alıb
Sərhəddə 17 kq 285 qram narkotik vasitənin və 3000 ədəd psixotrop preparatlarının dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən Adalet.az-a verilən məlumata görə, Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Bala-Bəhmənli kəndi yaxınlığında İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının "dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllərindəki əşyaları əraziyə ataraq geriyə qaçıblar. Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, 2 ədəd sarı və ağ rəngdə torbalarda 4 kq 75 qr heroinvə 4 kq 290 qr marixuanaaşkar olunaraq götürülüb.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Dələli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən əraziyə baxış keçirilərkən 2 ədəd sahibsiz halda bağlama aşkarlanıb. Bağlamalara baxış zamanı 7 kq 900 qr tiryək, 1 kq 20 qr heroin, 3000 həb "Metadon-40” psixotrop preparatlar və 2 qutu tütün məmulatları aşkarlanıb.
Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.