ŞƏRƏFLİ ÖMRÜN HƏR KƏSƏ DÜŞƏN İŞIQ PAYI

Bu gün ömrünün 70-ci yayını salamlayan tanınmış elm adamı, dəyərli ziyalımız Bəhram Əliyev 2 sentyabr 1955-ci ildə Ermənistanın Zəngibasar rayonunda anadan olmuşdur. 1973-cü ildə əmək və elmi fəaliyyətinə başlamışdır. 1979-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun hidromeliorasiya fakültəsinin "mühəndis-hidrotexnik" ixtisası üzrə tam kursu bitirmiş və 2003-cü ildə "İlin ixtiraçı mühəndisi" adına layiq görülmüşdür. Elə bu nailiyyətlər də onun həyatını yeni uğurlara istiqamətləndirmiş və demək olar ki, bir elm adamı, bir pedaqoq kimi o, qısa zamanda həmkarlarından müsbət mənada seçilmiş, tələbələrinin sevimlisinə çevrilmişdir.
Haşiyə:
1988-ci ildə Novoçerkask şəhərində namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək "Meliorasiya və suvarma əkinçiliyi" ixtisası üzrə texnika elmləri namizədi dərəcəsi almışdır. Öz elmi yaradıcılıq fəaliyyəti dövründə 30-dan çox müxtəlif konstruksiyalar, suvarma texnikası sistemi və kənd təsərrüfatı bitkilərinin mütərəqqi suvarma üsullarını yaratmışdır. Bir çox elmi-tədqiqat işlərinin rəhbəri olaraq onların yerinə yetirilməsində bilavasitə iştirak etmişdır ki, bunların da nəticəsi hazırda təkcə MDB ölkələrində deyil, həm də uzaq xaricdə - İran, Türkiyə, Kuba, Almaniya, İsrail və s. ölkələrdə tətbiq olunur.
1997-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasına öz dissertasiyasını təqdim edərək "Meliorasiya və suvarma əkinçiliyi" ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsi almış və Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü seçilmişdir.
1999-cu ildə Beynəlxalq Mühəndislər Akademiyasının müxbir üzvü, 2001-ci ildə Rusiya Su Təsərrüfatı Elmlər Akademiyasının akademiki seçilmişdir. 2010-cu ildən isə Rusiya Kənd Təsərrüfatı Akademiyasının həqiqi üzvüdür.
2001-2004-cü illərdə su və torpaq ehtiyatlarının idarə olunması ilə bağlı böyük bir layihənin milli koordinatoru və rəhbəri olmuşdur. Bu layihələr əsasən Azərbaycanın Şamaxı və Tərtər rayonlarında həyata keçirilmişdir. Rəhbərliyi ilə yaradılmış yeni növ suya qənaət edən suvarma texnika və texnologiyalar bu günədək demək olar ki, Azərbaycanın dağ və dağətəyi zonalarında geniş tətbiq edilməkdədir.
100-dən çox elmi əsərin, həmçinin çoxlu sayda (30-dan artıq) ixtiranın müəllifi olmuşdur ki, onlardan onuna patent (o, cümlədən 3-ü Rusiya Federasiyasının, 7-si Azərbaycan Respublikasının) verilmişdir. Elmi əsərləri ilə yanaşı, 22 monoqrafiyası vardır ki, bunlar da meliorasiya və təbii ehtiyatların qorunması probleminə həsr olunmuşdur. Elmi-istehsalat fəaliyyəti ilə yanaşı, Azərbaycan İnşaat Mühəndisləri Universitetinin "Hidrotexnika və meliorasiya" kafedrasının professoru kimi elmi-mühəndis kadrların hazırlanmasında fəal iştirak edir.
Qələmlə ünsiyyətdə olan biri kimi ürəyimdən keçənlərin hamısını bir-bir yazmaq səadətini bu an yaşayıram. Üstəlik də çox yaxşı tanıdığım, sonsuz hörmət bəslədiyim, ünvanına səmimiyyətlə düşündüklərimi çatdırmaq istədiyim insan, yaxınım-doğmam olduğundan bu yubiley yazısını qələmə almaq istəyəndə düşündüm necə yazım ki, ailəsini-ətrafını yaxşı tanıdığım insan haqqında mükəmməl bir yazı alınsın. Sən demə, çox yaxşı tanıdığım insan barəsində yazmaq, ürək sözlərimi ardıcıllıqla qələmə almaq heç də asan iş deyilmiş. O da ola elm sahəsində sözünü demiş, hərtərəfli və çox ləyaqətli insan haqda fikir söyləmək, söz açmaq, düşüncələrini bölüşmək...
Məncə, bu, böyük məsuliyyətdir. Sadə və səmimi insanların elmdə öz xüsusi və böyük çəkisi olduğunu da bilirəm. Elə Bəhram müəllim də belə böyük ürəkli, tanınmış, yüksək vəzifələrdə də öz səmimiliyini və sadəliyini qoruyan seçilmişlərdən olduğu üçün bu kiçik yazımda qəlbimdə olanları, düşündüklərimi qeyd etməyin, yazmağın həyəcanını yaşamaqdayam.
Bəhram müəllim müasir təfəkkürlü alimlərdən olduğu üçün onun elmə verdiyi töhfələr, elmi uğurları bu gün və sabah üçün ölkəmizdə önəmli sahələri əhatə edir. O, Azərbaycan elmində çoxlarına yol göstərmişdir, həmişə ətrafında olanlara böyük ehtiramla yanaşaraq qarşılıqlı hörmət çərçivəsində hər kəsə nümunə ola bilən elm adamlarımızdandır. Mən Bəhram müəllimin elmdə göstərdiyi uğurları və öz sahəsində vurduğu külüng haqda çox danışmaq niyyətində deyiləm. Çünki bu, bir yubiley təbriki çərçivəsindən çox böyük və geniş mövzudur. Lakin mən gördüklərimi mütləq şəkildə burada, qısa formada olsa da, öz qələmimə güvənərək uyğun tərzdə təbrik yazısı çərçivəsində sığışdırmaq fikrindəyəm.
Bəhram müəllim sanki çox ciddi və bununla bərabər çox mütəvazi, mülayim təbiətli, hər kəsə sevgi ilə yanaşan insan olmaqla bərabər, həmişə, həm özünə, həm də ətrafına qarşı tələbkarlığı olan şəxsiyyətlərdəndir. Onu tanıdığım andan anladım ki, Allah hər zaman olduğu kimi, ömrümün səhifələrinə adı böyük hərflərlə yazılmağa layiq, seçilmişlərdən olan, hərtərtəfli insan nəsib edib. Min şükür kərəminə.
Bəhram müəllim öz nəslinə, nəcabətinə, soykökünə, ailəsinə şərəf yaşadan, qürurlu insandır. Mən hər zaman düşünmüşəm ki, insanı uca tutan, onun ölçüsüz və qiymətsiz sərvəti ilk növbədə ailəsidir. Belə bir gözəl ailənin böyüyüdür Bəhram müəllim. Onun xeyirxahlığı, mehribanlığı, qarşısındakılara dəyər vermə qabiliyyəti, tükənməz bacarığı, dəyanəti və biliyi sayəsində elə elmə yiyələnməsi də həyatının qayəsidir.
Bugün illərdir yaxşı tanıya bildiyim, səmimiliyinə məftun olduğum doğma insan – əzizim Bəhram müəllim dünyanın mənasını kimlərəsə əl tutmaqda, pasibanlıq etməkdə, çoxlarına valideyn qayğısı göstərməkdə görən əvəzsiz insanlarımızdandır. Onu da deyim ki, Bəhram müəllim qohum-əqrəbaya, həmkarlarına qarşı da çox ülvü münasibət bəsləyən və hər birinə ayrı-ayrılıqda qırılmaz tellərlə bağlı olan biridir. Və çoxlarına da arxa-dayaq olubdur.
Gözəl alim, müəllim və həm də bənzərsiz rəhbər, təşkilatçılıq bacarığına malik çox təmkinli insandır desəm, fikrimi daha düzgün ifadə etmiş olaram. Məğrurluğundan, sədaqətindən, etibarından öz övladlarına da yetərincə pay verib. Ailəsində paklıq, təmizlik, sədaqət ruhu hökm sürür.
Bəhram müəllimin həyat yoldaşı, sevib-seçdiyi, gözəl Şəhla xanım sonsuz ehtirama layiq, çox mehriban əzizimizdir. Əsl Azərbaycan xanımı ər üçün zaman gəlir ana, bacı, dost, sirdaş olmağı bacara biləndir. Şəhla xanım sadalaya bildiyim və sadalaya bilmədiyim daha çox ilahi sevgi ilə yoğrulmuş, baş tacı hesab olunan, seçilmiş xüsusiyyətləri xarakterində cəmləşdirən həyat yoldaşıdır. Mehriban, duyğulu ana, nəvələri üçün diqqətli nənə, qohumlarına sonsuz sevgi ilə bağlı olan Şəhla xanımla mənim də böyük bir könül bağlantım var. Doğma və isti münasibətimiz ilk görüşdən elə yaranıbdır ki, sanıram onillərlə doğma bildiklərimdən daha doğma birisinə çevrilibdir. Qədirbilənlik, diqqətli olmaq, seçilmiş... əsl insanları daha da yüksəklərdə saxlayan xarakterik insani cəhətlərdəndir ki, bunlar hamısı Şəhla xanımda yetərincədir.
Sonda istərdim bir neçə cümlə də bu ailə ilə doğmalığımdan söz açım. Nəvəm Sona – gözümün, könlümün qız payı, adaşım bu gözəl ailənin gəlinidir, Bəhram müəllim demişkən, qızıdır. Əslində bu mehribanlıq da ailədən gələn gözəlliklərdən doğur. Bu evdə, bu ocaqda Şəhla xanımın yaratdığı saf və istiliklə dolu ab-havanı onun gəlininə və nəvəsinə sevgisi sanıram və bu mühit belə bir səmimiyyətin yaranmasının əsasıdır. Gül becəriləndə solmaz, insan seviləndə ucalar. Gəlin-qızlar sevdiklərinə, tükənməz məhəbbət bəsləyərək düşdükləri ocağa dəyər verib, dəyər görər, böyüyər. Mən öz nəvəmə də, onun düşdüyü ocağa da, orada olan bütün ailə üzvlərinə də səadət dolu günlər diləyirəm.
...Və əzizimiz Bəhram müəllimə ürək sözlərimi qeyd olunacaq yubiley ərəfəsində kiçik təbrik yazımla çox sevdiyim «Ədalət» qəzeti vasitəsilə çatdırıb demək istəyirəm ki, əziz qardaşım, siz fədakar əməyinizlə, əqidənizlə ətrafınıza pak, incə duyğular aşılamaqla bundan belə yüz yaşayıb var olun! Belə şad günlər sizin rəhbərliyinizlə sizin ailədə hələ çox keçiriləcək. Və bu gözəl günlər sizinlə, gülərüz Şəhla xanımla daha mənalı alınacaqdır.
Qəlbi mərhəmət hissi ilə yoğrulmuş əziz və böyük insan, hörmətli Bəhram müəllim, bu ad gününüzdə dostlarınızdan, həmkarlarınızdan saysız-hesabsız təbriklər alacaqsınız. Bu yazı da mənim düşüncələrimlə Sizi tanıdığım andan keçirdiyim fəxarət hissi ilə birləşərək Sizə ünvanlanan ürək sözlərimin bir qismidir. Ürəkdən və səmimi qəlbdən təbrik edirəm. Tanrı Sizi qorusun!
Ailəmiz adından dərin hörmətlə:
Sona Məmməd qızı ÇƏRKƏZ
Digər Xəbərlər

SELİNLƏ BABANIN TƏBİƏT HAQQINDA SÖHBƏTLƏRİNDƏN

MÜASİR CƏMİYYƏTDƏ AİLƏ və ŞAGİRD-MƏKTƏB-VALİDEYN MÜNASİBƏTLƏRİNİN PRİNSİPLƏRİ

Nizami Bayramlı - Sahiblik arzusunun vitrindəki ifadəsi
jpg-1756228710.jpg)