adalet.az header logo
  • Bakı -°C
04 Dekabr 2025 09:00
67
GÜNDƏM
A- A+

SƏN NƏ İSTƏYİRSƏN, RAMİZ MEHDİYEV?! 

Bir Meksika filmi var, çox  maraqlı siyasi bir filmdi, Meksikanın azadlığına həsr olunub.  İki qəhrəmanı var, biri xalq hərəkatından gəlib, oxuyub-yazmağı da bilmir, biri isə generaldı. Mübarizələri Meksikanın azadlığı ilə nəticələnir. İndi bir məsələ qalıb – kim prezident olsun? Xalq hərəkatından gələn generala deyir ki, mən oxuyub-yazmağı bilmirəm, sən prezident ol. General da yaşlanıb, gülür və deyir:

- Mənim arzum  Meksikanın azad olması idi, oldu. Day mən qocalmışam, gedib kəndimizdə yaşamaq, inək sağmaq, qarğıdalı əkmək, nəvələrimlə oynamaq istəyirəm. 

İndi yaşının bu çağında Ramiz Mehdiyev hər rayonda tikdirdiyi villaların həyətində gedib mer-meyvə ağacı əkməkdənsə…

… jurnalist Etibar Hüseynov Mehdiyevin Şabranda tikdirtdiyi villasından bir reportaj hazırlamışdı. Fikir verdinizsə çox böyük bir həyət idi. Və bütün həyətə də üzlük daşlar döşənmişdi. Bir dənə də ağac yoxuydu.  Həyət helikopter meydançasına oxşayırdı, amma deyəsən, gözlədiyi  helikopter gəlib çıxmadı...

… Bəli, ağac əkməkdənsə, nəvələriylə oynamaqdansa bu yaşında millətin heysiyyatı ilə oynadı. Torpaqlarını iki yüz illik bir işğaldan 44 günə azad etmiş dövlətlə çirkli oyun oynadı. Həmişə Azərbaycanda gözü olan Rusiyanın burdakı gözünə çevrildi. Çörəyini yediyi, milyardlarla pul qazandığı, bütün nəsil-nəcabətini, dostlarını yüksək  dövlət vəzifələrinə yerləşdirdiyi dövlətə xəyanət etmək üçün şeytanlarla da işbirliyi bağladı. 

Özü başda olmaqla yüksək vəzifələrdə çalışan adamlarıyla var gücüylə çalışdı ki, Cənab Prezident İlham Əliyev torpaqları müharibə yolu ilə azad etməsin və onun nüfuzuna zərbə endirsin.

Əgər «Tərtər işi»ni yaxşı araşdırsalar  və yəqin ki, DTX bunu da araşdıracaq və «Tərtər işi»nin altından da Ramiz Mehdiyev çıxacaq. Eləcə də Aprel döyüşlərində general Polad Həşimovun və polkovniklərin həlak olmasında da Ramiz Mehdiyevin izi çıxacaq. 

O, bununla ordunu İlham Əliyevin gözündən salır və Cənab Prezidenti inandırmağa çalışırdı ki, bu ordu ilə müharibə etmək olmaz. 

Amma Cənab Prezidentin  sözləri ilə desək, dövlət başçısı nəyi nə vaxt etməyi və deməyi gözəl bilirdi. 

Ona görə də müharibə başlamamışdan bir il əvvəl, yəni 2019-cu ildə əl-ayağına dolaşanları, Ramiz Mehdiyevi və Ramiz Mehdiyevin ən yaxın adamı, Azərbaycan mətbuatını əlinə keçirərək kor qoyan Əli Həsənovu vəzifədən kənarlaşdırdı. Eləcə də Ramiz Mehdiyevə bağlı olan bəzi yüksək vəzifəli dövlət məmurlarını yola saldı. 

2013-cü ildə prezident seçkiləri ərəfəsində «Milli Şura» deyilən bir təşkilat da Rusiyanın projesi idi və təbii ki, bu projedə Ramiz Mehdiyevin də əli vardı. 

Düzdür, Cəmil Həsənli and içərək çörəyi  qırıq-qırıq edir ki, bu, Rusiya projesi deyil, Abbas Abbasovla da əlaqəsi yoxdu, eləcə də «Milyarderlər İttifaqı»yla da. Bəs, onda  kinorejissor, yazıçı Rüstəm İbrahimbəyov Moskvadan Tiflisə niyə gəlmişdi? 

Amma Rusiyanın bu projesi baş tutmadı, iflasa uğradı. Üstündən illər keçəndən sonra Rusiyanın tapşırığı ilə Ramiz Mehdiyev bu dəfə «Milli Şura» deyil, «Dövlət  Şurası» adlı yeni bir proje hazırladı.

Amma bir şeyi unudurdu. Unudurdu ki, Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin olunandan sonra Əli Nağıyev bütün gücünü korrupsiyaya qarşı mübarizəyə və dövlətə xəyanət edənlərə qarşı yönəltmişdi. Dövlət Təhlükəsizlik Xidməti işləyirdi, özü də diqqətlə, dəqiq araşdırmalarla. Və Əli Nağıyevin rəhbərlik elədiyi DTX Ramiz Mehdiyevin bu projesini ifşa elədi, dəlil və sübutlarla. Ramiz Mehdiyevin həm Rusiya ilə, həm də Azərbaycan

Xalq Cəbhəsinin sədri Əli Kərimli ilə əlaqələri  tam çılpaqlığı ilə üzə çıxdı.  Əli Kərimlinin evində axtarış zamanı Ramiz Mehdiyevin məlum məktubunun orijinalı da tapıldı. 

Ramiz Mehdiyevin radikal müxalifətlə əlaqələri yeni deyil, bu, 2000-ci illərə və ondan əvvəllərə dayanır. 

Hələ istintaq gedir. Çox cinayətlərin üstü açılacaq. Bir sözlə, Ramiz Mehdiyevin xəmiri hələ çox su aparacaq. 

 Aqil ABBAS