Səhnə şahzadəsinin anım günüdür :Uğursuz tale, ailə, eşq, ömür...

Balaca vaxtı da, yeniyetmə dövrümüzdə də həkimdən qorxmuşuq, Həkim gözümüzə dünyanın ən qəddar insanı kimi görünürdü. Məktəb illərində hərəmiz bir sənət sevdasını düşünüb xəyal quranda çoxu məhz həkim olmaq istədi. Maraqlı idi ki, aktyor - aktrisa yox məhz həkim! Niyəsini deyim.
O vaxt yeganə televiziyamız olan Az TV-də tanınmış yazıçı İslam Səfərlinin "Göz həkimi” əsəri tamaşaya qoyulmuşdu. Hamımız sanki o tamaşaya kilidlənmişdik. Bütöv bir istedad kadrosu! Elə orda sevdik həkimləri, həkimliyi və Azərbaycanın Əməkdar artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, özünəməxsus şirin diksiyası ilə seçilən, tamaşaçıların yaddaşında gülər üzü, sevilən simalı aktrisa Vəfa Fətullayevanı!
Yaşasaydı bu gün əzizləri, sevənləri, tamaşaçıları, oğlu-qızı, nəvələri başına toplaşardı. Yaşasaydı... Təəssüf ki, gözəl aktrisa yaşadığı qısa ömüründə nə övlad sahibi ola bildi, nə analıq, nə nənəlik sevinci yaşaya bildi. İndi isə bilməyənlər üçün Vəfa Fətullayevanın acı, nakam taleyindən söhbət açacağıq.
Qara gözlü gözəlin sənət hekayəsi
Vəfa Fətullayeva 1945-ci il avqustun 25-də SSRİ Xalq artisti Hökumə Qurbanova və teatr rəssamı Nüsrət Fətullayevin ailəsində dünyaya gəlmişdi. Anası, o illərdə Rəsul Rzanın eyniadlı pyesində oynadığı obrazın şərəfinə qızının adını Vəfa qoydu.
Bəzən sənət adamlarına sual verirlər: "Yenidən doğulsaydınız yenə həmin sənəti sevərdinizmi, o sənətə özünüzü fəda edərdinizmi?” Fikrimcə, Vəfa xanım yenidən, lap dəfələrlə dünyaya gəlsəydi, hər dəfəsində aktrisa olardı. Vəfanın teatra sevgisinin ailə kökləri vardı
.
Bütün ailəsi, qohumları incəsənət fədailərindən ibarət olub qəhrəmanımızın. Atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, anası sevilən aktrisa, əmisi aktyor Fateh Fətullayev, əmisi oğlu musiqişünas Hafiz Fətullayevdir. Necə deyərlər, V.Fətullayeva genetik olaraq aktrisa doğulmuşdu. Bu cür sənət adamlarının əhatəsində böyüdükcə də sənətə sevgisi artırdı. O balaca olanda da tay-tuşlarından seçilib. Onun rəfiqələri "top-top”, "qaçdı-tutdu” oynayanda Vəfa hər bazar günü Dram Teatrına gedir və onlar üçün ayrılmış xüsusi lojada oturub tamaşalara baxırdı. Sonra gördüklərini, əzbərlədiklərini, yaddaşına köçürdüklərini ev də təkrarlayırdı. Onun yaradıcılığını araşdıran araşdırmaçı jurnalistlərin dediyinə görə, İlk dəfə səhnəyə çıxanda 8-9 yaşı vardı Vəfa xanımın. Gələcək aktrisa Şekspirin "Qış nağılı” tamaşasında elə anasının övladı rolunda - həm də oğlan kimi, Mamili obrazını oynayır. Anası ilə bir tamaşada rol alması onu ruhlandırır və bu gələcək aktrisanın sənət aləmində ilk addımı olur.
Vəfa Fətullayevanı Teatr İnstitutuna gətirən də bu həvəs idi. O, anasının təkidilə Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakültəsinə daxil olur. Amma sonra teatrşünaslığa keçir və 1970-ci ildən Azərbaycan Dövlət Dram Teatrında çalışmağa başlayır. Anası – SSRİ Xalq artisti Hökumə Qurbanova, atası teatrın tərtibatçı rəssamı Nüsrət Fətullayevlə birgə çalışır.
Uğursuz ailə həyatı...
Xalq artisti Nurəddin Mehdixanlı xatırlayır:” Biz onunla "Torpağa sancılan qılınc» tamaşasında bir tamaşada oynadıq. Vəfa xanım mənim anamı - Burlaxatun rolunu oynayırdı. İndiyə qədər Vəfanın siması, baxışları, danışığı, mizanları gözümün qabağındadır. Vəfa xanım o insanlardan idi ki, onu xatırlayanda ilk növbədə gözəl davranışı gözümün qabağına gəlir. O, əksəriyyətdən fərqlənən, sənətini sevən, yüksək mədəniyyət sahibi olan aktrisa idi. Heyf ki, bu dünyadan vaxtsız getdi...”
Nakam sevgi, eyni xəstəlik, eyni "ölüm ayı”...
Azərbaycanın xalq artisti Fuad Poladovun vəfatından sonra onun nakam eşqi barədə məlumatlar paylaşıldı. Tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər” pyesinin tamaşasında Savalan rolunu oynayıb. Onunla ilk dəfə "Məhv olmuş gündəliklər” tamaşasında tərəf müqabili kimi eyni səhnəni paylaşıblar.
Eyni səhnəni paylaşan Vəfa və Fuad sonradan isə tədricən həyatlarını, sevgilərini, hisslərini də bir-biri ilə paylaşıblar. Amma bu sevginin sonu olmayıb. Ailə qurmayıblar, ya da qura bilməyiblər. Məlumata görə, onların qovuşmasına V.Fətullayevanın anası Hökumə Qurbanova icazə verməyib.
Vəfa Fətullayevanın əmisi oğlu, rejissor Hafiz Fətullayev bu məsələ haqqında danışarkən bunları deyib: "Başa düşürdülər ki, nə qədər Hökumə Qurbanova var, onlar ailə qura bilməyəcəklər. Vəssalam… Hökumə Qurbanova o aktyoru çox istəyirdi. O aktyor özü də Hökumə xanımın yaradıcılığına yüksək qiymət verib. Amma bir insan kimi münasibətləri, ola bilsin, başqa cür olub”.
Bəzi versiyalara görə, anasının onların münasibətinə qarşı çıxmasına səbəb H.Qurbanovanın qızının səhnə-ailə dilemması qarşısında qalmasını istəməməsi olub. Çünki Vəfanın Zaurla evliliyi uğursuz olmuşdu. Zaur Vəfanın səhnəyə çıxmasına qarşı olub. H.Qurbanova qızının növbəti belə bir hadisə yaşamasını istəmədiyi üçün Fuadla onu ayırıb.
1987-ci ildə Vəfa Fətullayeva ağır xəstəliyə düçar olub. Həmin il mayın 21-də – Fuad Poladovun doğum günündən 3 gün əvvəl – əməkdar artist qan xərçəngindən əbədi olaraq gözlərini yumub. Bundan 6 ay sonra (1 oktyabr 1987) Nüsrət Fətullayev, bir il sonra isə Hökumə Qurbanova (2 noyabr 1988- ci il ) dünyasını dəyişib.
Fuad Poladov isə onunla bağlı heç vaxt danışmayıb.
Bəzi məlumatlara görə, o, xəstəxanada yatarkən Poladov yanından heç ayrılmayıb və Vəfa sevdiyinin qollarında can verib.
Fuad Poladov Vəfa Fətullayevanın ölümündən düz 31 il sonra, onunla eyni ayda – mayda, eyni xəstəlikdən – xərçəngdən vəfat edib. Ölüm günlərinin arasında isə sadəcə 16 gün fərq var…
Əntiqə Rəşid
Digər Xəbərlər

Prezidentdən Afaq Bəşir qızı ilə bağlı SƏRƏNCAM

Türkiyənin cənnəti Tekirdağ – FOTOLAR

“Daşlarda Gizlənən Hekayə, Karacahisar Camisi: Bir Dövlətin Təməlində Yüksələn Məbəd”

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir – FOTOLAR

Qara dənizin təbiət və mədəniyyət mərkəzi Giresun – FOTOLAR

Leyla və Arzu Əliyevalar Müasir İncəsənət Muzeyində - VİDEO

Qarabağda daha 44 abidə reyestrə daxil edilib – RƏSMİ
