Şəhid dostunun torpağından öpən hərbçi
Ağcabədi haqqında təəssüratlarımı indi yazmayacam. Bu barədə geniş köşə yazımı növbəti nüsxədə təqdim edəcəm. Bu gün Ağcabədidə tanış olduğum bir zabitin bir hərəkəti barəsində sizə söhbət açacam.
Məni tanıyanlar bilir ki, mən hərbçi qardaşıyam. Hərbçi qürurunun nə demək olduğunu iliyimə qədər hiss edən insanam. Onların yenilməzliyini, məğrur duruşunu, əyilməz qamətini 13 yaşımdan bəri görən, sezən birisiyəm. Yəni mən hərbçilərlə üz-üzə gələndə haqlarında min bir xəyali düşüncələrə dalan bir jurnalistəm. Onlarla bağlı olan ayrı-ayrı məqamlar elə həyatımın ayrı-ayrı anlarında da yaddaşıma həkk olunub. Dünənki kimi.
Mən dünən tək yaralı bir hərbçinin öz dostunun torpağından əyilib öpməsinin şahidi olmadım, mən dünən o hərbçini özüm bildim. Müxbir kimi şəhidləri ziyarətə getmişdim. Şəhid məzarının ətrafında çoxlu insan vardı. Həmçinin, mənim tanış olduğum Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi olan Röyal da. Şəhid məzarını ziyarət etdikdən sonra hər kəs dağılışmağa başlamışdı ki, anidən bu hərbçi bir cümlə səsləndirdi: “Məni dostumla baş-başa buraxın!” İnanın səmimiyyətimə, cümlə ruhumu elə sirkələdi ki...
Kənara çəkildim, qıraqdan o hərbçini müşahidə etdim. Gözümdən axan yaşlarla. 2-3 dəqiqə torpaqlamı deyim, şəhidin ruhu iləmi deyim, dostunun özü iləmi deyim, bilmirəm, söhbət etdi. Bax o 2-3 dəqiqədən sonraki səhnə mənim gəncliyimin heç unutmayacağım bir anına çevrildi, yaddaşıma həkk olundu. O, əyildi, dostunun torpağını qoxladı və alnını torpağa qoyub, növbəti 2-3 dəqiqə ərzində də torpaqdan öpərək donmuş vəziyyətdə qaldı. Çəkdiyim bu fotoda olduğu kimi:
.jpg)
Sonra ayağa qalxdı. O, arxasını çevirib məzardan uzaqlaşmadı, üzü məzara arxa-arxaya geri addımlayıb bir neçə metr sonra çevrilib mənə doğru irəlilədi. Bu an mən jurnalistliyimi kənara qoymuşdum. Mən müəllimlərimin mənə öyrətdiyi “Jurnalist soyuqqanlı olmalıdır” cümləsini birmənalı şəkildə unutmuşdum. Çünki artıq mən jurnalist deyildim, artıq mən əvvəldə də qeyd etdiyim kimi, hərbçini iliyimə qədər hiss edən bir insan idim. Ona: “Olarmı, sizi qucaqlayım?”-dedim və hönkürtü ilə ağlayıb boynundan öpdüm. Yarasını hiss edərək, varlığını duyaraq, acılarını yaşayaraq qucaqladım mən onu. Və bir cümlə: “Sizin kimi oğullara görə, Allah haqqı, sizin kimi oğullara görə...”
Cümləni tamamlaya bilmədim. Qəhərdən tamamlaya bilmədim. Amma indi tamamlayıram, onlar kimi oğullara görən biz torpaq üstündə rahat gəzirik.
Bir neçə həftə öncə bir status yazmışdım: “Bu gənclər Qarabağı görmədi, heç görmədi, amma onlar anladılar ki, Qarabağ onlar üçün namusdur, anadır”. Mən yaralı Röyalın simasında bunun növbəti dəfə şahidi oldum. Və bir neçə gün öncə yazdığım yazıda dediyim “Tozlu, palçıqlı çəkmələrindən öpürəm, əsgər” ifadəsini indi Röyala ünvanlayıram: “Tozlu, palçıqlı çəkmələrindən öpürəm, Röyal”.
Rövşən Tahir
Digər Xəbərlər
14 Sentyabr 2026 18:00
Sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
14 Sentyabr 2026 17:51
Sabahdan iş rejimi DƏYİŞİR
14 Sentyabr 2026 15:25
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
12 Sentyabr 2026 16:23
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış oldular - FOTOLAR
12 Sentyabr 2026 12:35
Bakıda təmizlik və abadlıq işləri həyata keçirildi - FOTOLAR
12 Sentyabr 2026 11:31
"Ulduz" stansiyasının önündən keçən yola asfalt çəkilir
12 Sentyabr 2026 10:07
Dənizə getmək istəyənlərin NƏZƏRİNƏ!
11 Sentyabr 2026 22:02


Bakı -°C

