13 Iyun 2024 08:47
2372
LAYİHƏ

“Şəhid ailələrinə dəstək” layihəsinə start verildi

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələrinə dəstək” layihəsinə start verilib. “Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi” İctimai Birliyi tərəfindən icra olunan layihənin əsas məqsədi şəhid ailələri və müharivə veteranlarının problemlərinin həllinə dəstək göstərmək, Vətəndaş Cəmiyyətinin dövlətin həyata keçirdiyi sosial siyasətinə dəstək olmaqdan ibarətdir.

Layihə rəhbəri Rövşən Ağamalıyevin sözlərinə görə, 4 aylıq həyata keçiriləcək layihə çərçivəsində Şəhid ailələri, müharibə veteranları ilə fərdi söhbətlər aparılacaq. Təşkilata edilən müraciətlər aidiyyatıə qurumlara göndəriləcək və bu məsələlərin həlli diqqətdə saxlanacaq. Qaynar xətt yaradılacaq ki, bununla da sadalanan kateqoriyaya aid insanların problemləri zaman və digər izafi xərc tələb etmədən öz həllini tapmış olacaq: “Layihənin hədəf qurupu Bakı şəhərində olan şəhid ailələri və qazilər olacaq. İlkin olaraq bu istiqamətdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə müzakirələr aparılacaq. Daha sonra hazırlanan verlişlərin təbliğatı həyata keçiriləcək ki, verlişlər vasitəsi ilə bu qəbildən olan vətəndaşlarımızın hüquqi maarifləndirilməsi işində vətəndaş cəmiyyətinin rolu artacaq”.

R.Ağamalıyev onu da vurğulayıb ki, Azərbaycan şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial problemlərinin həlli sahəsində dünya miqyasında ən qabaqcıl yerlərdədir: “Ölkəmizdə şəhid ailələrinə, eləcə də Qarabağ qazilərinə diqqət, qayğı bütövlükdə sosial siyasətin prioritet istiqamətlərindən biridir. Dövlət müvafiq kateqoriyadan olan insanlar üçün əlindən gələni edir. Dövlət başçısının bu sahədəki siyasəti birmənalıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Sosial şəbəkələri izləyərkən belə aydın olur ki, şəhid ailələri, veteranlar, hərbi qulluqçularla bağlı görülən işlər kölgə altında qalır. Bir çoxları isə həssas təbəqədən olan bu insanlardan vasitə kimi istifadə etməyə çalışır və hökumətin gördüyü işləri, həyata keçirilən layihələri nəticəsiz kimi qələbə verirlər. Bu baxımdan vətəndaş cəmiyyəti institutları olaraq hökumətin siyasətinin yerlərdə təbliği, şəhid ailələri və qazilərər göstərilən diqqət və qayğı ilə bağlı maarifləndirmə və məlumatlandırma işlərinin aparılması vacibdir”.

Layihə rəhbəri bildirib ki, layihə ərzində 120 ədəd kitabça çap olunacaq. Kitabçada şəhid ailələri, müharibə veteranları və bu kateqoriyaya aid insanların hüquqları ilə bağlı qanunvericilik öz əksini tapacaq. Eyni zamanda TV verlişlər hazırlanacaq.