adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
06 Dekabr 2022 14:02
1030
MARAQLI

Sarı Kamış - Türk tayfalarının yadigarı

Bu şəhərin adı Zaporojye, keçmiş adı: Sarı Kamış(1770-ə dək)

Sarı Kamış adı Cənubi Rus çöllərinin qədim sakinləri olan türk tayfalarından yadigardır. Övliya Çələbi “Səyahətnaməsi"ndə indiki kazaklar məskunlaşan bütün Zaporojye diyarını Sarı Kamış adlandırırdı: Sarı Kamış Özü nehri kənarında (Özü-Dnepr çayı-müell.) qorxulu, çox təhlükəli və qamışlı bir yerdir. Heyhat səhrası ilə (Qıpçaq çölü) Kırım ağzındakı Ur qalasına gedirik. Bu çöllərdə şənlik və sevindirici bir şey yoxdur. Günəş çöldə doğar, çöldə batar...(2,370)Vilayətin və yaşayış məntəqəsinin Sarı Kamış adı 1770-ci illərə qədər işlənirdi. 1768-1774-cü illərin Rus-Türk müharibəsi gedişində Sarı Kamış zəbt edilir. Buradan getgedə istila olunan torpaqlarda - müasir Ukraynanın cənub-şərq sərhəddində Kırım tatarları üzərinə güclənən hücumlar üçün istifadə ediləcəkdi; odur ki, o bir dayaq məntəqəsi kimi möhkəmləndirilir, belə ki, rus hökmdarı (1,34.) Yekaterinanın planına görə dövlətin yeni cənub sərhədini qorumaq üçün elə keçirilən Sarı Kamışda qala tikilməyə başlayır və şəhərin türk adı 1770-ci ildə Aleksandrovski (bu müharibədə 1-ci Ordu baş komandanı feldmarşal Aleksandr Qolitsının şərəfinə) adı ilə əvəzlənir. Qala gecə-gündüz tikilirdi; onun tikilməsinə katorqaçılar, xidməti başa vurmuş soldatlar cəlb edilmişdilər, 1775-də tikintisi başa çatan qalaya da ilk olaraq onlar yerləşdirildilər. Tezliklə Rusiyaya dəvət edilən alman kolonizatorları Sarı Kamış torpaqlarında məskən salır və burada 23 abad kənd qururlar. Qala 1806-ci ildən Aleksandrovsk şəhərinə çevrilir.Sovet hakimiyyətinin ilk illərində şəhərin çar general şərəfinə adlanmasından dolayı adı dəyişdirilir.

Şəhərə verilən yeni ad - Zaporojye isə onun coğrafi cəhətlərini əks etməklə yaranmışdı. Vaxtilə Sarı Kamış Dneprdə əlverişli keçid yeri idi; yəni Uzu nəhrinin dar yerində sualtı qayalar üzündən dayazlaşmış bu yer həqiqətən tək-tək nəfərlərlə bərabər qoşun birliklərinin də keçməsinə çox yararlı idi. Odur ki, bu keçid yerini tarixən skiflər, hunlar, avarlar, peçeneqlər, kumanlar, ardınca daha sonrakı yüzilliklərdə türklər, tatarlar nəzarətdə saxlamışdılar. İndi bura gəlib çıxan ruslar buranı öz dillərində poroq “astana” adlandırdılar. Şəhərin yeni adı da bu astanalarla bağlı yarandı; belə ki, Dnepr astanalarının о biri üzündə-arxasında yerləşdiyinə görə şəhər 1921-ci ildə Zaporojye (astanaların arxa üzü) adlandırılır. Bu astanalar-çaydakı kiçik təpə adalar Dneprohes(Su-Elektrik stansiyası) tikilərkən su altında qaldılar. Zaporojyenin (əski Sarı Kamışın) Türk adlarından bu günədək qalan Bayda adası(indi Xortitsa), şəhərkənarı Saqaydak massivi, şəhərdaxili Baburki, Kiskas məhəllə adlarını göstərmək olar.Vilayətin çayları əsas etibarı ilə türk adlarını mühafizə etmişdir: Atmanay, Begim-Çokrak, Berda, Utluk, Karatış, Kiziyar, Süt nəhri, Taşanak, Çınqul, Çukrak, Kayin Kulak, Yançura, Sisi kulak, Yuşanlı… Tarix boyunca işlənilən “Sarı Kamış kazakları” ifadəsi Zaporojye kazakları ifadəsi ilə əvəzləndi; bu gün bir neçə yüzillik əvvəlki tarixi hadisələrdən danışarkən Sarı Kamış deyil, süni şəkildə 1921dən meydana gəlib işlənməyə başlayan Zaporojye adından istifadə edilir. Bu ətrafların tarixinə gəlincə demək mümkün ki, Sarı Kamış yaşayış yerləri mədəni bəşər ərazilərindən olmuşdur.

Şəhərin əsasının 952-də qoyulduğu göstərilsə də arxeoloji qazıntılar nəticəsində yeraltı daş qorunacaqlarından Xəzərlərə, Bulqar xanı Asparuxa aid olan tapılan dəfinələr 6-8 əsrə aid olmaqla bu tarixi daha əvvələ götürür.Kazaklar tarix səhnəsində Moğol yürüşlərindən sonra 14. yüzillikdə görünür. Kazaklar kimdir? sualı indi də çoxlarını məşğul etməkdədir. Bir sıra araşdırmaçılar kazakların mənşəyini skiflərlə, kıpçak, hazar, alanlarla, qırğız, kasoğ, qara klobuklar, tork və dağ çərkəzlərinə bağlayırlar. Lakin çoxdankı dərsliklərə də keçən-kazakların çarın zülmündən, zor qanunlarından qaçıb uzaq Don çayının azad çöllərinə sığınan təhkimli rus kəndlilərindən olduğu və ya moğollar fütuhatı nəticəsində moğol-tatarların təsirilə ruslardan ayrılan bir təbəqə olduğu iddiaları ilə bağlı yalan bilgilər də təsirsiz qalmamışdır. Nəticədə xüsusən Sovet hakimiyyəti illərində başladılan bu təbliğat nəticəsində artıq Kazaklar özü özlərinin rus olduğuna inanmaqdadır. Hər bir münasibətdə, hətta hazırda kazakların mənşəyi barədə məsələ açıq qaldığı halda Qıpçaq çölündə yerleşən Sarı Kamış kazak məskənidir.

Qədim Qıpçaq çölündə yerləşən Sarı Kamışda - indiki Zaporojyedə möhtəşəm skif kurqanları aşkar olunmuşdur: Buradakı yeni eradan IV əsr əvvələ aid olan Soloxa kurqanından zəngin tapıntılar, о cümlədən məşhur skif qızıl darağı tapılmışdı. Bəşər svilizasiyasının qiymətli sənət nümunəsi olan bu daraq Rusiya Dövlət muzeyində - Ermitajda saxlanılır. Şəhərin indi televiziya qülləsi yerləşən təpəsində Bulqar xanı Asparuxun məzarı aşkar edilmişdir. Zaporojye (Sarı Kamış) vilayəti Kulab kurqan, Soloxo kurqan, Qayman kurqanı, Gün(ovka) kurqanı, Kız yar (indi: Melitopol) kurqanı, Çertomlık(indi:Nikapol) kimi skif kurqanları ilə zəngindir(3,107).Sarı Kamış adına türklər yaşayan bütün qədim ərazilərdə-Volqa boyunda Çuvaş Sarıkamışı, Qazaxıstanda Sarı Qamış yaşayış məntəqəsi, Cənubi Azərbaycanda Sarı Qamış kənd adları, Türkiyənin şərqində böyük ərazi adı və şəhər, Tacikistanda Sarı Qamış çölü, Türkmənistanda Turan düzündə (Qara Qum səhrası yaxınlığında) böyük Sarı Qamış çökəkliyi və Sarı Qamış göl adı, yurdumuzun yer adları içərisində Sarı Qamış kəndi (Salyan, Zərdab və Samux rayonlarında), Xəzər dənizində Sarı Qamış burnu (Neftçala rayonu ərazisində) adları şəklində rast gəlmək mümkündür. Şair Molla PənahVaqifin (1717-1797) vəsf etdiyi yurd adları kimi rastlanması bu adın daha bir nümunəsini yada salır.

1. Buşakov V.A. Теrminı, оbоznаçаyuşiе sеlенiе i кrеpоsti v tоpоnimii Кırımа,

Sоvеtsкаya tyurkologiya, 1985, № 2, s. 34

2. Evliya Çelebi. Seyahetnamesi, Üç Dal yayınları, İstanbul, 1966, VII с, s.370

3. Mаtеrialı i issledovaniya po Arxeologii SSSR, № 17, s. 10

 

Minəxanım Nuriyeva Təkəli