adalet.az header logo
  • Bakı -°C
28 Noyabr 2026 17:51
41
GÜNDƏM
A- A+

Şad xəbər: Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək

Həyətyanı torpaq sahəsi üçün yalnız plan-ölçü sənədi olan bəzi vətəndaşların mülkiyyət hüququnu rəsmiləşdirməsi mümkün ola bilər. Bununla bağlı qanun layihəsi Milli Məclisdə birinci oxunuşdan keçib.

Torpaq islahatı çərçivəsində həyətyanı sahə alan vətəndaşların bir qisminə mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamə, digərlərinə isə yalnız plan-ölçü sənədi verilib. Plan-ölçü texniki sənəd olduğu üçün onun əsasında çıxarış almaq mümkün olmayıb. Bu səbəbdən ölkədə minlərlə sənədsiz mülk var.

Layihəyə əsasən, torpaq islahatı çərçivəsində vətəndaşlara verilmiş həyətyanı sahələr üzrə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 2015-ci il fevralın 6-dək tərtib etdiyi plan-ölçü sənədi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas sayılacaq.

Məsələ ilə bağlı Oxu.Az-a danışan deputat Müşfiq Məmmədli qeyd edib ki, layihə vətəndaşların mülkiyyət hüquqlarının təmin olunması, uzun illər ərzində formalaşmış hüquqi problemlərin aradan qaldırılması və sosial ədalət prinsipinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

O bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən torpaq islahatı ölkədə xüsusi mülkiyyət münasibətlərinin formalaşmasında, regionların sosial-iqtisadi inkişafında və əhalinin rifahının yüksəldilməsində müstəsna rol oynamışdı:

"Lakin sonrakı dövrlərdə torpaq sahələrinin sənədləşdirilməsi mexanizmlərində baş verən dəyişikliklər müəyyən hüquqi problemlərin yaranmasına səbəb olub. Belə ki, 2006-cı il iyulun 6-dək vətəndaşlara həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr verilib. Həmin tarixdən sonra isə vətəndaşlara Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən yalnız torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim edilib. Nəticədə eyni hüquqi əsaslarla torpaq sahəsi əldə etmiş vətəndaşlar fərqli hüquqi vəziyyətlə üzləşiblər. Bir qrup vətəndaş öz mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıra bildiyi halda, digər qrup vətəndaş əlində rəsmi dövlət qurumu tərəfindən verilmiş sənəd olmasına baxmayaraq, bu imkandan məhrum olub".

M.Məmmədli əlavə edib ki, oxşar problem 2006-2015-ci illərdə bələdiyyələr tərəfindən ayrılmış və plan-ölçü sənədləri tərtib edilmiş həyətyanı torpaq sahələrinə münasibətdə də yaranır:

"Təqdim olunan qanun layihəsinin əhəmiyyətini bir neçə istiqamətdə qiymətləndirmək mümkündür. Birincisi, sosial ədalətin və hüquqi bərabərliyin təmin olunmasıdır. Vətəndaş dövlət orqanlarının sənədləşdirmə mexanizmlərində baş vermiş dəyişikliklərin mənfi nəticələri ilə üzləşməməlidir. Eyni hüquqi əsaslarla torpaq əldə etmiş şəxslərin mülkiyyət hüquqlarının fərqli qaydada təmin olunması probleminin aradan qaldırılması hüquqi dövlət prinsiplərinə tam uyğundur. Torpaq sahəsinin dövlət qeydiyyatına alınması yalnız çıxarışın əldə edilməsi demək deyil. Bu, həm də vətəndaşın öz əmlakı üzərində sərəncam vermək, onu satmaq, bağışlamaq, vərəsəlik qaydasında ötürmək və qanunvericiliyin tələblərinə uyğun olaraq girov predmeti kimi istifadə etmək imkanlarının genişləndirilməsi deməkdir. Beləliklə, bu dəyişikliklər ailələrin iqtisadi imkanlarının genişlənməsinə, daşınmaz əmlak bazarının şəffaflaşmasına və regionlarda iqtisadi fəallığın artmasına töhfə verə bilər".