adalet.az header logo
  • Bakı -°C
18 Avqust 2020 11:15
57896
MƏMLƏKƏT
A- A+

Ruhu səmalarda pərvaz edən Məleykə Səma: “Qarabağın azad olunacağı gün...!”

Qarabağ müharibəsinin ilk günlərindən həkim-cərrah olaraq ermənilərlə döyüşlərdə yaralanmış yüzlərlə Azərbaycan əsgərini ölümdən qurtaran birinci dərəcəli tibb xidməti kapitanı, "Azərbaycan bayrağı" ordenli Məleykə (Səma)

Əhmədovanın bu gün anım günüdür.

Adalet.az xəbər verir ki, kapitan Məleykə Əhmədova 1957-ci ilQərbi Azərbaycanın Loru mahalının Allahverdi (Tumanyan) rayonunda anadan olub. Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizəyə 1988-ci ildə qoşulub. Döyüş bölgəsindəki fədakarlığına, tibbi xidmətin təşkilində xüsusi xidmətlərinə, torpaqlarımızın erməni işğalından müdafiəsində göstərdiyi şəxsi şücaətinə və igidliyinə görə "Azərbaycan Bayrağı" ordeni, "Qüsursuz xidmətlərə görə", "Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 10 illik yubileyi" medalları ilə təltif olunub. "Məleykə Səma” imzası ilə 20-dən artıq kitabı çap olunub.

Məleykənin üç qardaşı ...

1988-ci ildə Ermənistandan qovularkən qardaşı Yaqub Əhmədov ermənilər tərəfindən qətlə yetirilib. Daha sonra kiçik qardaşı 16 yaşlı Səyyad Əhmədov da ermənilər tərəfindən suda boğularaq öldürülüb.

Böyük qardaşı Kamandar Əhmədov Qarabağ uğrunda müharibədə şəhid olub. Kamandar Əhmədov BakıdaŞəhidlər Xiyabanında torpağa tapşırılıb.Bakıküçələrindən biri Kamandar Əhmədovun adını daşıyır.

Məleykə xanımın tası Əhməd kişi üçüncü oğlunun ölümünə dözməyərək vəfat edib.

Azərbaycanda ilk hərbi səhra-cərrahiyyə hospitalını yaradanlardan biri olan, elimizin qəhrəman qızı yağılardan intiqam almayınca hərbi formasını əynindən çıxarmayacağına söz vermişdi. Xəstə yatağında ölümlə çarpışan Məleykə xanımın ürək sözləri: "Xalqımız və gələcəyimiz hesab olunan gənclər bilməlidir ki, Qarabağ uğrunda minlərlə qəhrəman oğullarımız şəhid olub. Onların ruhları itkin torpaqlarımız üzərində pərvaz edir. İntiqam alacağımız günü, Qarabağın azad olunacağı günü gözləyir. Qarabağın azad olunması üçün əlimizdən gələni etməliyik. Kimlərinsə gəlib bizim torpaqlarımızı azad etməsinə inanmaq sadəlöhvlük olar. Savaş əmrinə həmişə hazır olmalıyıq".

Hazırda Məleykə Əhmədovanın pak ruhu da itkin torpaqlarımız üzərində pərvaz edir. 18 avqust 2006-cı ildə Bakı şəhərində vəfat edib və II Fəxri Xiyabanda dəfn edilib.

Məleykə Əhmədovanın "Vətən həsrəti" adlı şeiri vətəndən didərgin düşənlərin yaralı-yaslı ağısıdır sanki:


Çay batıb, çaylaq qalıb,

Ceyransız oylaq qalıb.

Dağlar qəm libasında,

El köçüb yaylaq qalıb.


Şamama qopub tağdan,

Alma düşüb budaqdan.

Ey gözümün işığı

Məni qurtar bu dağdan.


Eləmi dağlar çəkər,

Dumanı dağlar çəkər.

Şəhid bala dağını

Analar ağlar, çəkər.


Eləmi, Vətən yeri,

Yurd yeri, Vətən yeri.

Haraylayıb gəzirəm

Bülbüllər ötən yeri.


Əzizim, qala dərdi,

Yurd dərdi, qala dərdi.

Elim xoş günlər görə

Düşmənə qala dərdi.


Yuvadan uçan ağlar,

Vətəndən qaçan ağlar.

Dərdlilərin içində

Obadan köçən ağlar.


Əntiqə Rəşid