"Roma statusuna razılaşmaq, Ermənistanın "Ukrayna aqibəti"ni yaşayacağı deməkdir" - TƏHLİL

Ermənistanın Baş naziri Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasındakı münasibətlərin ilk etapı sona çatdığının fərqindəyik. Gərginliyin başlanğıc nöqtəsinə diqqət yetirsək anlamaq çox asandır ki, Putin uzunmüddətli siyasi fəaliyyətində Ermənistan qədər güzəşt etdiyi bir ölkə, Paşinyan qədər səhvini bağışladığı bir siyasi lider olmayıb.
Baxmayaraq ki, baş nazir Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi bəyanatla Rusiyanı siyasi riyakarlıqda suçlamasını dəfələrlə təşkil edib, amma Putin belə bəyanatlara susaraq cavab verib və güzəşt edib.
Liderlər arasında gərginlik nə vaxt başladı?
Ötən ilin noyabrında Putin Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) sessiyasında iştirak etmək üçün Yerevana gəldi. Paşinyan KTMT sammiti çərçivəsində Kollektiv Təhlükəsizlik Şurasının bəyannamə layihəsini və ölkəsinə yardım göstərilməsi üçün birgə tədbirlər haqqında layihəni imzalamaqdan imtina etməsi Putin üçün ilk ən böyük zərbə effekti oldu. Putin İrəvanı əliboş və "sınmış" vəziyyətdə tərk etdi.
Bundan əvvəl isə (2022-ci ildə) İrəvanın “Azadlıq” meydanında “KTMT-yə yox, KTMT-dən çıx” şüarı ilə aksiya keçirildi. Aksiya iştirakçıları KTMT-nin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə heç bir aydın qiymət vermədiyini sitat gətirirdi. Bu dinc nümayişi Kreml Paşinyanın və onun güvəndiyi ABŞ-ın, Qərbin oyunu hesat etdi. O arada Peskovun və Zaxarovanın verdiyi açıqlamalar da bunu təsdiq edirdi.
Xatırlayırsınızsa, hətta bu ilin fevralında Avropa İttifaqı bir müddət öncə Ermənistana 2 il müddətinə 100 nəfərdən ibarət müşahidə missiyasının göndərilməsi barədə qərar qəbul etdi . Bu qərardan sonra Ermənistana KTMT yox, Avropa İttifaqı müşahidəçiləri gəldi. Bir sözlə, Paşinyan ABŞ və Qərbin təsirinə düşərək 200 illik himayədarından imtina edir.
Bu ilin ilk günlərində Rusiya Ermənistan ərazisində KTMT sülhməramlı kontingentinin “Sarsılmaz Qardaşlıq-2023" birgə təlimi keçiriləcəyi ilə bağlı məlumat yaymışdı . Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında “Sarsılmaz Qardaşlıq-2023” birgə təlimləri İrəvanda keçirilməyəcəyini dedi. Buna da susan Putin 11-20 sentyabr tarixlərində Ermənistanda keçirilən “Qartal tərəfdaşı 2023” adlı təlimdə ABŞ-ın 85 hərbçisi iştirak etməsini həzm edəcəyini düşünmək ağılsızlıq olardı.
Paşinyan ABŞ və Qərbin onu xilas edə biləcəyinə çox inandığı üçün regionun ən böyük dövləti ilə kəllə-kəlləyə gəlməyi davam etdirir.
Paşinyandan Putinə növbəti zərbə ni ötən gün vurdu. Ermənistan Milli Assambleyası (parlament) Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya edərkən. Baxmayaraq ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sentyabrda keçirdiyi brifinqdə bildirdi ki, Moskva İrəvandan BCM-nin Roma Statutunun Ermənistan parlamenti tərəfindən ratifikasiyası ilə bağlı aydınlıq tələb edib.Amma Paşinyan həmin “aydınlıq”ı da Rusiyaya qıymadı.
Elə Kremlin sözçüsü Dmitri Peskov bəyan etdi ki, Ermənistanın Roma Statutuna qoşulmaq niyyəti Rusiyaya qarşı son dərəcə düşmənçilikdir: “Ermənistan çox yaxşı bilir ki, biz Roma Nizamnaməsinin tərəfləri deyilik və Ermənistan BCM-nin Rusiya prezidenti Vladimir Putinin həbsinə order verməklə bağlı BCM-nin bu əsasnamə əsasında qəbul etdiyi çətin qərarını yaxşı bilir”,
Axı nədir bu Roma statutu?
Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu 15 iyun 1998-ci il və 17 iyul 1998-si il tarixləri arasında Birləşmiş Millətlər Təşkilatı Konfransının, İtaliyanın paytaxtı Romada qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin Qurulması haqqında sənəddir. Qeyd edək ki, beynəlxalq müqavilələrə tez-tez status da deyilir və bu sənəd gündəlik istifadədə isə Roma Əsasnaməsi adlanır. 2016-cı ilin mart ayından etibarən 139 dövlət müqaviləni imzalasa da, cəmisi 124 dövlət bu müqaviləni təsdiqləyib ki, Ermənistan da son mərhələni adlamaqla 125-ci tamhüquqlu təsdiqçi ola bilər.
Maraqlıdır ki, 2000-ci ilin sentyabrında Rusiyanın özü də bu əsasnaməni imzalayıb. Lakin 2016-cı ilə qədər rəsmi ratifikasiya prosesinə başlanılmayıb. Həmin ilin noyabrın 16-da isə prezident Putin Rusiyanın Roma Statutunda iştirakdan imtinası ilə bağlı sərəncam imzalayıb. Prezidentin sözçüsü Dmitri Peskov isə BCM-nin yurisdiksiyasından çıxmağı “dəqiq milli maraqlar”ın tələbi kimi qiymətləndirmişdi. Qeyd edək ki, Roma Statutunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri. Bu cinayətlərə heç bir məhdudiyyət tətbiq olunmur. Roma Əsasnaməsinə görə, Beynəlxalq Cinayət Məhkəməsi, dövlətlərin özlərinin həll etməkdə çətinlik çəkdiyi və müdaxilə etmək istəmədiyi vəziyyətlərdə yalnız dörd əsas beynəlxalq cinayətin araşdırmasını apara bilər; məhkəmənin yurisdiksiyası yerli məhkəmələrin səlahiyyətləri ilə ziddiyyət təşkil etmir. Məhkəmə yalnız cinayətlərin hər hansı iştirakçı dövlətin ərazisində və ya iştirakçı dövlətin vətəndaşı tərəfindən törədildiyi təqdirdə səlahiyyətlərə malikdir; İstisna olaraq, BCM-nin yurisdiksiyası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən icazə verildiyi təqdirdə, bəzi beynəlxalq cinayətlərə də aid ola bilir.
Paşinyan Qafqazda növbəti “Ukrayna”nın taleyini yazdı
Ratifikasiya müzakirələrində yalnız baş nazir Nikol Paşinyanın “Mülki müqavilə” fraksiyası iştirak edib.
Müxalifətin “Ermənistan” və “Şərəfim var” fraksiyaları bu məsələnin müzakirəsini boykot edərək, səsvermə olmadan iclası tərk ediblər.
60 deputat ratifikasiyanın lehinə, 20 deputat əleyhinə səs verib. Bu barədə səsvermənin nəticələrinə görə parlamentin spikeri Alen Simonyan məlumat verib.
Martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. Rusiyanın hazırkı prezidentinə qarşı Rusiya-Ukrayna münaqişəsi zamanı uşaqların Ukrayna ərazisindən Rusiyaya qanunsuz deportasiyasına görə ittihamlar irəli sürülüb.
Putinlə birlikdə Prezidentin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın da həbsinə order verilib.
Yəqin ki, bir çoxunuz xatırlayırsınız: 2021-ci ilin noyabrı…Vladimir Putinin ən yaxın müşavirlərindən biri olan Rusiya Xarici Əlaqələr Şurasının idarə heyətinin rəhbəri Fyodor Lukyanov bildirib ki, əgər Ukrayna Şimali Atlantika Alyansına (NATO) daxil olarsa, Moskva Ukraynaya qarşı hərbi əməliyyatlara başlayacaq.
ABŞ və Qərbin təkidi ilə Ukrayna NATO-ya qatılmaq üçün növbəti dəfə məsələ qaldıranda artıq Rusiya səbrini basa bilmədi. 2022-ci ilin fevralında o qanlı müharibəyə start verildi. Eyni ssenari 2008-ci ildə Gürcüstanın da başına gəldi.
Bir sözlə, Ermənistanda Putinin həbsinə qərar verən bir sənədə qol çəkmək, həmin ölkənin aqibətinin Ukraynanın yaxud da Gürcüstanın aqibətindən fərqli olmayacağından xəbər verir.
Əntiqə Rəşid