adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
31 Yanvar 2018 17:30
16099
SİYASƏT

Rafael Cəbrayılov: ”Amnistiya və əfvetmə humanizmdən qaynaqlanır”

Bu il Novruz bayarmı öncəsi ölkə başçısının növbəti əfv sərəncamı imzalayacağı gözlənilir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası artıq bir iclası keçirib. 

Komissiyaya ümumilikdə 1000-ə yaxın müraciət daxil olub. Onların 100-nə dünən keçirilən iclasda baxılıb. Digər müraciətlərə də 2 ay ərzində baxılacaq. Gözlənilən əfv fərmanı ilə bağlı danışan millət vəkili Rafael Cəbrayılov deyir ki, humanizm hər bir qanunun əsas prinsiplərindəndir. Amma əfvetmə və amnistiya aktlarında isə humanizm sanki qanunun digər prinsiplərinin fövqundə dayanır və həmin aktlar sanki humanizmdən "yoğrulmuşdur”. Deputat qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyası və Cinayət Məcəlləsinə görə əfvetmə ölkə Prezidentinin, amnistiya isə Milli Məclisin səlahiyyətinə aiddir: "Əfvetmə fərdi xarakter daşısa da amnistiya ümumi xarakterli aktdır. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra çoxlu sayda əfvetmə və amnistiya haqqında aktlar qəbul edilmişdir ki, bu da dövlətin humanist imicinə müsbət təsirini göstermişdir. Müstəqilliyin bərpasından 2016-cı ilə qədər 61 əfv fərmanı imzalanmiş və 6484 məhkuma şamil olunmuşdur. Bunlardan 32 əfv fərmanı Ulu Öndər Heydər Əliyev, 29 əfv fərmanı isə cənab İlham Əliyev tərəfindən verilmişdir. Bu müddət ərzində Milli Məclis tərəfindən 11 amnistiya aktı qəbul edilərək təxminən 115 min məhkuma şamil edilmişdir. Qarşıdan Novruz bayramı və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi gəlir. Bu bayramların ərəfəsində əfv və amnistiya aktlarının qəbul edilməsi gözləniləndir. Artıq çoxlu sayda məhkum əfvolunma ilə əlaqədar ölkə Prezidentinə müraciət etmiş və əfv komissiyasının bu barədə iclasları da keçirilməkdədir. Bu haqda mətbuatda da məlumat verilmişdir. Düşünürəm ki, bu möhtəşəm tarixi bayramların ərəfəsində növbəti əfv və amnistiya aktlarının qəbul edilməsi məhkum həyatı yaşayan insanların ailələrinə dövlətin çox böyük sevinc hədiyyəsi olar. Bayramı öz evində ailəsi ilə birlikdə keçirməyin hər bir azərbaycanlı üçün önəmli bir məsələ olduğunu nəzərə alsaq qəti şəkildə deyə bilərik ki, gözlənilən əfv və amnistiya aktlarə xalqımıza əsl bayram sevinci gətirəcək”.

Ədil Ədilzadə