adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Aprel 2024 19:04
445
SİYASƏT

“Radikal müxalifətin çirkin oyunları öz başlarında çatlayacaq” – Mahir Abbaszadə

“Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdikdən sonra bəzi xarici qüvvələr ölkəmizə qarşı məkrli siyasətini daha da sərtləşdirib. Təəssüf ki, Azərbaycan dövlətinin müstəqil siyasətini həzm edə bilməyənlər ölkəmizdəki anti-milli qüvvələrin vasitəsi ilə daxildə müəyyən çaşqınlıq yaratmağa çalışırlar”.    

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə səsləndirib. O bildirib ki, regionda və qlobal miqyasda gedən son dərəcə mürəkkəb hərbi-siyasi proseslər fonunda radikal müxalifətin daxildə gərginliyi artırqmağa hesablanan aksiyalar təyin etməsi milli maraqlarımıza xəyanətdir. Onun fikrincə, həftənin sonuna mitinq təyin edilməsinə xarici dairələrin çirkin sifarişlərini yerinə yetirməyə xidmət etməkdən başqa bir ad vermək olmaz:

“Diqqət edirsinizsə, Azərbaycan nə zaman regionda və dünyada bir addım önə çıxanda, yaxud hansısa beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşanda həmin qüvvələr hərəkətə keçirlər. Qarabağın bütövlükdə erməni işğalçılarından azad olunması, ərazi bütövlüyümüzün tam təmin olunması onsuz da, bəzi dövlətləri narahat edib. Elə qüvvələr var ki, Azərbaycanın bu qədər böyük bir qələbəyə imza atmasını heç cür qəbul edə bilmir. Ona görə də, daxildəki anti-milli qüvvələrlə çirkin oyunlar qurmağa çalışırlar. Amma Azərbaycanda gərginlik yaratmaq istəyənlərin çirkin oyunları öz başlarında çatlayacaq”.    

M.Abbaszadə onu da qeyd edib ki, Azərbaycan xalqı öz seçimini edib və milli maraqlara qarşı gedən, dövlətimizin zəifləməsini istəyən radikal müxalifəti tarixin arxivinə göndərib:

“Xalq kimin kim olduğunu yaxşı bilir. Bir müddət əvvələ qədər radikal müxalifət liderləri hansısa sosial şəbəkə hesablarında uydurma çıxışlar edə bilirdilər, amma artıq xalq bütövlükdə onlardan imtina edib. Onların mitinq və bu kimi çirkin oyunlara çağırışları da nəticə verməyəcək. Xalq bu radikalların haradan qaynaqlandığını yaxşı bilir. Ona görə də heç kim o çirkin oyunda iştirak etməyəcək. Kimsə 3-5 nəfər hansısa çirkin niyyətə əl atacaqsa, qanunla cəzasını alacaq”.