adalet.az header logo
  • Bakı -°C
10 Yanvar 2026 16:46
131
DÜNYA
A- A+

Qrenlandiya xalqından Trampa: “Biz Amerikalı olmaq istəmirik!”

Qrenlandiyadakı siyasi partiyalar ABŞ prezidenti Donald Trampın Danimarkaya məxsus ada üzərində nəzarəti ələ keçirmək cəhdlərinə qarşı çıxıb.  

Adalet.az xarici mediaya istinadla xəbər verir ki, Qrenlandiya Parlamentində beş partiya tərəfindən imzalanan birgə bəyanatda deyilir: 

“Biz Amerikalı olmaq istəmirik, biz danimarkalı olmaq istəmirik; biz qrenlandiyalı olmaq istəyirik". 

Partiyalar ABŞ-ni ölkəyə qarşı alçaldıcı münasibətinə son qoymağa çağırıb və bildiriblər ki, Qrenlandiyanın gələcəyinə Qrenlandiya xalqı qərar verməlidir. 

Verian tədqiqat şirkətinin sorğusuna əsaslanan Financial Times hesabatına görə, Qrenlandiya əhalisinin 85 faizi ABŞ vətəndaşı olmaq istəmir. 

Sorğuda iştirak edənlərin əksəriyyəti Danimarkada həyat səviyyəsinin daha yüksək olduğunu, ABŞ-də cinayətkarlıq səviyyəsinin və yüksək səhiyyə xərclərinin onları narahat etdiyini bildirib.

Tramp isə Vaşinqtonun strateji əhəmiyyətli Arktika adasının Rusiya və ya Çinin təsiri altına düşməsinin qarşısını almaq üçün hərəkətə keçməli olduğunu iddia edib. Ağ Evdə keçirilən tədbirdə jurnalistlərə danışan Tramp deyib ki, Başqalarının xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, Qrenlandiya ilə bağlı bir şey edəcəyik. Əks halda, Rusiya və ya Çin nəzarəti ələ keçirəcək. Asan bir razılaşma əldə etmək istərdim, amma asan deyilsə, bunu çətin yolla edəcəyik”.

ABŞ prezidenti dəfələrlə bildirib ki, Danimarkaya məxsus və NATO müttəfiqi olan ada ABŞ-nin nəzarəti altına keçməlidir. O, işğal ambisiyaları üçün Rusiya və Çin gəmilərinin bölgədə artan iştirakını əsaslandırıb. Trampın hərbi güc və ya iqtisadi təzyiq ehtimalını istisna etməyən açıqlamaları isə narahatlıq doğurub. Ərazisi əsasən buzlaqlarla örtülü olan Qrenlandiyanın təxminən 57.000 əhalisi var.

Vasif ƏLİHÜSEYN