Özünə şəhidlik arzuladı, əsir qadını azad etdi – Pəncəlinin ata evindən REPORTAJ - FOTOLAR
2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı hərbçi Pəncəli Teymurovun ailəsini və məzarını ziyarət etmək çoxdankı arzum idi. Amma təəssüflər olsun ki, bu illər ərzində mənə qismət olmamışdı. Bu dəfə rayona səfərim zamanı iş adamı, xeyriyyəçi Rafiq müəllim Abışovla görüşəndə bu arzumu dilə gətirdim. Rafiq müəllim isə bu səfəri təşkil etməyi öz üzərinə götürdü.
Beləliklə, noyabrın 23-də bir qrup ziyalı dostumuzla Cəlilabaddan Pəncəlinin doğulub boya-başa çatdığı Astaranın Əzərüd kəndinə yola düşdük.
Yolboyu söhbətimiz zamanı Astaranın hündür dağlarına baxanda yazıçı dostumuz Meyxoş Abdulla mənə deyir, “Vasif, bu dağlarda böyüyən uşaq ancaq qəhrəman ola bilər. Elə deyilmi?”. Onun fikirləri ilə razılaşıram. Doğrudan da meşənin içi ilə Əzərüd kəndinə gedən dolama yolun enişli, yoxuşlu və sərt döngələri bizi təəccübləndirir. Yolda maşınları saxlayıb bu mənzərəli yerlərdə xatirə fotosu da çəkdiririk.
Günorta saatlarında Pəncəlinin ata evinə çatırıq. Bizi şəhidimizin anası Vahimə xanım, qardaşı Elbrus və yaxınları qarşıladı. Vahimə ana Pəncəliyə Azərbaycanın Milli Qəhrəmanı adını verdiyi üçün Ali Baş Komandan Prezident İlham Əliyevə təşəkkür edir:
“Təbrikiniz üçün çox sağ olun. Mən neçə illər idi bu günü gözləyirdim. Pəncəlini Milli Qəhrəman adına layiq gördüyü üçün ölkə başçımız, Prezident İlham Əliyevə özüm və ailəm adından təşəkkür edirəm. Ali Baş Komandanı həm də təbrik edirəm. Dünən Prezidentimizin qızları Leyla və Arzu Əliyevalar da bizdə qonaq oldu. Onlara da öz minnətdarlığımı bildirdim. Pəncəli Milli Qəhrəman adına layiq görüldüyü gündən bu yana ölkənin hər bir tərəfindən insanlar bizi ziyarətə gəlir. Biz buna görə çox sevinirik”.
Vahimə xanımla birlikdə Pəncəlinin ev muzeyinə gedirik və burda gördüklərimiz bizə çox maraqlı gəlir. Şəhid anası deyir ki, muzeydə Pəncəlinin corablarına kimi yadigar saxlanılır:
“Burda Pəncəlinin geydiyi ayaqqablar, paltarlar, hətta corablarını da saxlayırıq. Şəxsi əşyaları, medalları və digər əşyalar da burdadır. Mən onlara baxıb toxtaqlıq tapıram. Pəncəli həmişə məndən dolayısı yolla halallıq istəyirdi, amma mən başa düşmürdüm. Sən demə hər şey bu gün üçün imiş”.
Şəhid anası ev muzeyinin necə tikilməsinin tarixçəsini danışır:
“Bu muzeyin yerində ikiotaqlı evimiz var idi. Bir dəfə Pəncəli böyük qardaşı Elbrusa dedi ki, “Mənə yer verərsən gələcəkdə burda özümə ev tikərəm?”. Qardaşı da dedi ki, Pəncəli, əlbəttə. Nə vaxt istəsən, gəl tik!”. Əslində Pəncəliyə burda ev lazım deyildi, o, Xırdalanda özünə ev almışdı. Pəncəli şəhid olandan sonra mən onun bu arzusunu gerçəkləşdirmək üçün o köhnə evimizi söküb yerində onun ev muzeyini tikdirdim. Muzeydə onun bütün şəxsi əşyaları, hətta avtomobili belə saxlanılır. O, şəhid olandan sonra hərbi hissədən avtomobilini gətirdilər. Bu mənim üçün ən ağır səhnələrdən biri idi”.
Pəncəlinin toyunda özünə şəhidlik arzulaması anasının dediyinə görə, hamının təəccübünə səbəb olub, hətta qonaqlar ağlayıblar:
“Pəncəlini evləndirmək istəyirdik, amma işinə görə heç evdə olmurdu. Atası mənim bacım qızını çox istəyirdi və Pəncəliyə dedi ki, o qızla evlən. Pəncəli də razılaşdı və ailə qurdular. Toyunu edəndə məsləhətləşdik və Manaf Ağayevi dəvət etdik. Manaf müəllim üç saat toyda oxudu. Pəncəli mikrafonu götürüb özünə şəhidlik arzulayanda hamımızı ağlamaq tutdu. Toydan sonra dedim ki, bu nə idi özünə arzuladın? Heç nə demədi. O, iki il yeddi ay evli oldu, amma heç yeddi gün evdə olmadı. Övladı da yox idi. Pəncəli şəhid olandan sonra müğənni Manaf Ağayev övladları ilə bizə gəldi, oğlumun məzarını ziyarət etdi və “Vətən oğlu” mahnısını oxudu”.
“İcra başçısı demişdi ki, anası Pəncliyə baxmasın...”
“Pəncəlinin şəhid xəbəri gələndə icra başçımız demişdi ki, qardaşı gedib Pəncəlinin meyitinə baxsın, anası baxmasın, yoxsa, dayana bilməz. Dedim ki, narahat olmayın, heç bir şey etməyəcəm, sadəcə onun üzünü görüm. Bilirəm müharibədir, o döyüşüb, tikə-tikə ola bilər. Amma nişanələrinə baxacam. Pəncəlinin üzün açdılar baxdım, üzü salamat idi, amma arxa tərəfi və ayaqları parça-parça idi. Dedilər ki, qumbara ilə özünü partladıb” (Ağlayır).
Vahimə ananın Pəncəli haqqında xatirələri bizə çox maraqlı gəlir və suallarımızı verib onu danışdırırıq. Şəhid anası deyir ki, Pəncəli ermənilərin hərbi hissəsində andiçmə mərasimində iştirak edib:
“Ermənilərin hərbi hissəsində andiçmə mərasimində iştirak edib. Daha sonra kazarmaya girərək stolun üstündə olan əşyaları götürüb, ardıyca divara əlinin şəklini çəkərək ordan uzaqlaşıb. Erməni komandirlər itən əşyalara görə əsgərləri sorğu-suala çəkiblər, amma əşyaların yerini bilən olmayıb. Onlar divarda Pəncəlinin əlinin şəklini görəndə deyib ki, bura Pəncəli gəlibmiş. Ondan sonra Pəncəlinin başına pul qoymuşdular”.
Vahimə ana deyir ki, Pəncəli azərbaycanlı qadını əsirlikdən xilas edib, amma biz bundan o şəhid olandan sonra xəbər tutduq:
“Pəncəli şəhid olandan sonra Beyləqandan olan bir nəfər oğlum Elbrusa demişdi ki, Pəncəli əsirlikdə olan azərbaycanlı qadını xilas edərək Azərbaycana gətirib. Hadisə isə belə olub. Pəncəligil əməliyyata gedəndə biz tərəfdən onlara deyilib ki, düşmən sizi gördü, bu əməliyyatı təxirə salın. Amma onlar qəbiristanlıqda gizləniblər. Bu zaman ora çox pis vəziyyətdə olan bir qadın gələrək yaxının məzarı başında ağlamağa başlayıb. Qadının Azərbaycan dilində ağı deməsi Pəncəlinin təəccübünə səbəb olub. O, komandiri şəhid polkovnik-leytenant Murad Mirzəyevə deyib ki, icazə verin qadını tutub yanımıza gətirim və görək bu kimdir. Murad Mirzəyev icazə verməyib və deyib ki, ola bilsin bizim yerimizi müəyyən etmək üçün bu ermənilərin hiyləsidir. İki gün gözləyiblər və üçüncü gün qadın yenə məzar başına gələndə Pəncəli onu tutub yanlarına aparıb. Orda qadının həqiqətən azərbaycanlı olduğu məlum olub. Yaxınlıqdakı fermada işlədiyini deyən azərbaycanlı qadın əsirlikdə olmazın işgəncələrinə məruz qaldığını deyib. Pəncəli komandirinə deyib ki, bu qadını ermənilərin əlindən xilas edib Azərbaycana aparacaq. Elə dediyi kimi də edib”.
“O, qadın mənim əlimdən, ayağımdam öpməyə başladı...”
“Günlərin bir günü həyətimizə bir neçə nəfər adam gəldi. Hamı maşından düşsə də bir qadın düşmədi. Amma elə hönkür-hönkür ağlayırdı. Maşına yaxınlaşıb onu evə dəvət edəndə qadın maşından yerə düşüb ayağımdan başıma kimi məni öpməyə başladı. Dedim ki, belə etməyin, mənim üçün günahdı. Sonra süfrə açdıq, o yemək yemədi, bir qurtum çay içdi. Ancaq gözyaşlarını saxlaya bilmirdi. Mən hələ də bu qadının kim olduğunu bilmirdim. Muzeyə daxil olub Pəncəlinin batinkalarının altını öpürdü. Özüm də təəccüblə baxırdım. Amma kim olduğunu, niyə bu qədər hönkür-hönkür ağladığını düşünürdüm. Bu qadını və yanındakı qonaqları yola saldıqdan sonra oğlanlarıma dedim ki, onun kim olduğunu araşdırsınlar. Araşdırandan sonra məlum oldu ki, bu qadın Pəncəlinin xilas etdiyi həmin o əsir qadın imiş”.
Şəhid anası Pəncəlinin komandiri general-polkovnik Hikmət Mirzəyevin onlarda qonaq olduğunu bildirib:
“Evdən yola baxanda görürdüm ki, qara maşınlar sürətlə Pəncəlinin məzarı istiqamətində gedir. Bir neçə gün bu gediş-gəlişi müşahidə etdim. Günlərin bir günü gəlib məni evdən Pəncəlinin məzarı başına apardılar. Gedib gördüm ki, burda hərbçi əlindən yer yoxdur, Xüsusi Təyinatlılar hamısı burdadır. On dəqiqə sonra bir maşın dayandı və bir neçə hərbçi düşdü. Hikmət Mirzəyevi uzaqdan görən kimi tanıdım. Görüşdük və o, Pəncəlinin məzarı başında durub onunla söhbət etməyə başladı. Bu görüş də bizim üçün çox təsəlli oldu”.
Qeyd edək ki, şəhid Pəncəli Teymurov aprelin 11-də doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb. 1981-ci il təvəllüdlü Pəncəli Teymurov hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq, xidmətini davam etdirib. Yüksək bacarıq və peşəkarlığı, nümunəvi xidməti nəzərə alınaraq o, 24 iyun 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. 2016-cı il Şanlı aprel döyüşləri zamanı isə qəhrəmancasına şəhid olub. Ölkə başçısının göstərişi ilə ölümündən sonra “Vətən uğrunda” medalıyla təltif edilib. Prezident İlham Əliyevin 07.11.2025-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif ƏLİHÜSEYN
Astara, Əzərüd kəndi.
Fotolar müəllifindir.
Digər Xəbərlər
24 Noyabr 2025 10:44
Bu gündən qadın avtobus sürücüləri vəzifələrinin icrasına başlayıb
24 Noyabr 2025 09:06
Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salındı
23 Noyabr 2025 13:54
Sabahın hava proqnozu açıqlandı
22 Noyabr 2025 12:29
Prezident açılış etdi - FOTOLAR
22 Noyabr 2025 11:13
Leyla və Arzu Əliyeva Pəncəli Teymurovun ailəsini ziyarət etdilər - FOTOLAR
22 Noyabr 2025 09:40
Leyla və Alena Əliyevalar Lənkəranda yaradılmış Baytarlıq Klinikası ilə tanış oldular - FOTOLAR
21 Noyabr 2025 18:33
Leyla və Alena Əliyeva uşaqlarla film izlədilər - FOTOLAR
21 Noyabr 2025 11:39


Bakı -°C

