adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Mart 2023 14:02
1145
MƏMLƏKƏT

“Qızlarımız onlara inanmasınlar...”- Rusiyada yaşamağın eşqinə düşən qızın acı taleyi

Adalet.az-ın əməkdaşı bu gündən “qadın taleyi” rubrikasına start verir. Bu rubrikada adları şərti olmaqla qadınlarımızın taleləri barədə müsahibələrini təqdim edəcəyik. Müsahibələrin oxucularımız tərəfindən maraqla qarşılanacağına inanırıq. 

Bu dəfə sizə Sevincin (adı şərtidir) ailə qurmasından və bu evliliyin cəmisi bir il sürməsinin səbəblərini təqdim edəcəyik. Sevinc Rusiyadan Azərbaycana ailə qurmağa gələn öz millətimizin nümayəndəsiylə nigaha girib və bəxti gətirməyib. Onlarları əməkdaşımıza belə nəql edib:

“Ailədə iki bacıyıq. Kiçik isə mənəm. Artıq 26 yaşımı tamam etmişdim, amma ailəmiz çox kasıb olduğundanmı, ya ətrafdakıların pəlimi vurmasına görəmi ailə qura bilməmişdim. Elə məktəb vaxtından məni sevən oğlanın anası da məni almadı. Oğluna demişdi ki, “acından ölənin qızı mənə qalıb?”. Bütün bunlar mənə böyük travmalar yaşatmışdı”. 

“Bu təklifi mənə edəndə hə deməyə qərar verdim...”

“Bir gün gəlinimiz dedi ki, Rusiyadan qohumumuz gəlib, ailə qurmaq istəyir. Kiminlə ailə qursa, onu götürüb Rusiyaya aparacaq. Amma özü rus qadınla evli olub və boşanıb. İki oğlan övladı var. Kim onunla ailə qursa, gərək uşaqlarına da baxsın. Bu təklifi mənə edəndə hə deməyə qərar verdim. Doğrusu, anam razı olmadı. Amma mən inadımdan dönmədim.  


Gəlinimiz məni özümdən 20 yaş böyük olan kişiylə görüşdürdü. Söhbətimizi etdik, şərtini dedi. Sözsüz ki, övladlarına baxmağım əsas şərt idi. Başqa cehiz və əşyalar istəmədiyini, ailə quran kimi Rusiyaya gedəcəyimizi dedi. Beləcə elçi gəldilər və biz nişanlandıq. Bir neçə ay nişanlı qaldıq. Nişanlım işləriylə bağlı Rusiyaya getdi və bir müddət sonra qayıdıb toyumu etdilər. Toyumuzdan üç gün sonra Rusiyaya yola düşdük”.  

“Övladımın dünyaya gələcəyinə bir ay qalmışdı...”

“Bir il birlikdə yaşadıq. Evliliyimizdən bir neçə ay sonra hamilə qaldım. Bu müddət ərzində ərimin iki oğluna da baxmağa başladım. Amma uşaqlarla bacara bilmirdim. Rus tipli uşaqlar idi. Məni qəbul etmirdilər və sözümə də qulaq asmırdılar. Bilirdilər ki, ataları analarından boşanıb məni alıb. Ona görə tez-tez analarıyla görüşəndə məndən ona danışdıqlarını deyirdilər. 

Övladımın dünyaya gələcəyinə bir ay qalmışdı. Ərim dedi ki, get Azərbaycana anangildə övladımız olsun. Bir az orda qal və gəlib səni aparacam. Mən də onun sözünə qulaq asıb Azərbaycana qayıtdım. Oğlum dünyaya gəldi, ona elə rəhmətlik qayınatamın adını qoyduq. Qayıtmaq məqamı gələndə həyat yoldaşım dedi ki, “gəlmə, səni istəmirəm”. Onun bu cavabı məni şoka saldı. Çünki nə baş verdiyindən xəbərsiz idim. Onda anladım ki, məni aldatdı. Axır özüm durub Rusiyaya getdim və üz-üzə gəldik. Məni evdən küçəyə atdı, döydü. Dedi ki, “sənə demişdim də gəlmə, istəmirəm səni”. 

“İndi eşidirəm ki, yenidən başqa bir rus qadınla...”

“Elə kor-peşman atamın evinə qayıtdım. Özümdən iyirmi yaş böyük kişiylə ailə qurmağı ən çox məni sevən oğlanın anasına görə etmişdim. Amma zahirən nə qədər gözəl olsam da, bəxtim gözəl olmadı. İndiyə kimi atamın evindəyəm. Düzdü, övladımın atası ona köməklik edir, pul göndərir. Amma bu ailə olmaq deyil axı. İndi eşidirəm ki, yenidən başqa bir rus qadınla ailə qurub. Əgər yenə rus qadınla ailə quracaqdınsa, məni niyə bədbəxt edirdin?

Ona görə qızlarımıza məsləhətim odur ki, Rusiyadan Azərbaycana evlənməyə gələn bizim kişilərdən ehtiyatlı olsunlar, onlara inanmasınlar. Çünki əksəriyyətinin orda yaşadığı qadın var. Sadəcə bizi alırlar ki, qocalanda əllərinə su tökək. Bu sözləri məni alan kişinin də dilindən eşitmişəm. Öz millətinin qadınını bu qədər alçaldan kişi görməmişəm”. 

Vasif Əlihüseyn