adalet.az header logo
  • Bakı 13°C
23 May 2022 11:58
652
ƏDƏBİYYAT

Qəşəm Nəcəfzadə: Rafiq İsmayılovun anlamadığı uşaq şeirlərim!

Rafiq İsmayılovun anlamadığı uşaq şeirlərim!(Çünki o, həm Azərbaycan dilini bilmir, həm də şeiri duymur) Deyir onun şeirlərini bəyənmədim. Xahiş edirəm oxuyun, onun dərsliyə saldığı şeirlər yaxşıdı, yoxsa mənim sizə təqdim etdiyim şeirlər! Oxucular soruşdu, xahiş etdi, ona görə paylaşıram. Biri də sual verdi ki, dərslikdəki şeirləri bəyənmirsən, bəs sənin şeirlərin hanı?

ŞABALID

Üşümüşdü şabalıd

Geymişdi çuxasını.

Qoydum sobanın üstə

Tez açdı yaxasını

BARMAQLAR

Barmaqlarım ovcuma

Baş qoydular yatdılar.

Səhər ozumdən qabaq

Yerlərindən qalxdılar.

QUZU

Qumral qoyunum tez - tez

Quzusnu yaladı.

Neyləsin ki, quzusu

Yenə ala - buladı.

QUŞLAR YIXILAR

Ağac olmasa görən

Quşlar hara yığılar?

Əmi, kəsmə ağacı

Axı quşlar yıxılar.

NƏĞMƏ

-Ay qızım, oxu bir də

O nəğməni nə olar?

- Ay ata, olmaz axı,

Birdən nəğməm yorular.

ÇƏMƏNLİK

Batdı torpağa,

Yağış dimdiyi.

Çəkib çıxartdı,

Bu çəmənliyi.

KÖKƏ

Sevinc kuklaya,

Verib kökəni,

Getdi gətirsin,

Toyuğa dəni.

Qayıdıb gördü,

Yox olub kökə.

Saldı kuklanı,

Yaman pis kökə.

İTMİŞ NƏĞMƏ

Sevinc unutdu birdən,

Nəğmənin sözlərini .

Nəğməni tapmaq üçün ,

O yumdu gözlərini.

Heç düşmədi yadına

Ha çalışdı, çalışdı.

Nəğməni ürəyindən,

Kimsə oğurlamışdı.

QAZLAR

Sevincə deyiblər ki,

Yeri qaytar qazları.

O da gedib çağırıb,

Evcik quran qızları.

KUKLASI BÖYÜSÜN

Sevinc kuklasına,

Paltar tikibdi qəşəng.

Di gəl kuklasına,

Gendi tikdiyi köynək.

Qalıbdı yana - yana,

Heç bilməyir neyləsin.

Bir əlac qalıb ona,

Kuklası böyüsün.

KƏLƏM

Soydu qabığını,

Sevinc kələmin.

Dedi ki, görən,

Harasındadı

Kələm kələmin?

Çağırdı hələ,

Dostu Kərəmi

Kərəm də soydu

Yenə kələmi.

Tapmadılar heç

Axırda Sevinc

Gedib dedi ki

Tez ol gəl, əmi

Tapaq kələmi.

QOZ

Qoz ağacına

Tural qoz atdı.

Qoz yoldaşını

Tez götürüb qayıtdı.

KƏKLİKOTU

Kəkliklə mən

Yığdıq dağdan,

Kəklik otu.

Gəzdik dağı

Endik diki

Bir də gördüm

Itiribdi

Kəklik otu

Çox dolandıq

Çox fırlandıq

Mən oturdum

Dedim sən də

Kəklik, otur.

Baxıb gördük

Daşın dibi

Kəklikotu.

FINDIQ

Tural qırdı fındığı

Fındıq boşdu, lap boşdu.

Bu yoxluqdan qorxdu o

Hələ rəngi də qaçdı.

Tulladı qabıqları

Bucaqdakı ləyənə.

Ürəyində söydü o

Fındığını yeyənə.

GÖZÜMÜ YUMA BİLMƏRƏM

-Otağı süpür, qızım

-Süpürmüşəm, anacan!

-Mənə su gətir, qızım

-Gətirmişəm, anacan!

-Paltarları yumusan ?

-Indi yudum, anacan!

-Çörəyini yemisən ?

-Yedim, doydum anacan!

-Di gözünü yum görüm ,

Sənə bir şey göstərim .

-Gözümü yumsam, ana

Sənsiz qalaram axı .

Istəmirəm bircə an ,

Mən sənsiz yaşamağı.

Kəramət üçün öyüd

Uşaqlara toxunma,

Yaxşı yeri yolunu.

Küçədə təpik atma,

Yanına sal qolunu.

Keçirsən əyri - üyrü,

Düz çəkilən yolları.

Hələ sığal bilirsən,

Sənə dəyən qolları.

Öz - özünü öyürsən,

Bir şey girmir başına.

Bu gün mənə dəyərsən,

Sabah yekə maşına.

QUŞLAR DA...

Yazılıb ağaca

Turalın adı.

Quşlar da orda

Yuva qurmadı.

DƏVƏ

Tural həmişə,

Minir dəvəyə.

Çapır dəvəni,

Üzü küləyə.

Heç kəs inanmır,

Bu möcüzəyə.

Sən demə Tural

Dərsdən gələndə,

Açır gəbəni .

Sonra da minir,

Şəkil dəvəni.

QAŞQA AT

Getdi qış, əridi qar,

Yamacların yalında .

Bir ovuc qar qalıbdı,

Atımızın alınında.

SU

Tural bir təpik,

Vurdu vedrəyə.

Su da inciyib,

Qaçdı dərəyə.

SEVİNCİN “KÖKƏ” PAYI

Arı vurub Sevincin

Sağ gözünün altına.

Üz - gözünü gizlədir ,

O, utana - utana.

Çağırırlar Sevinci

Uşaqlar düzdə, yolda.

Kökə yeyən Sevincin,

Kökəlibdi sağ gözü,

Olubdu kökə boyda.

TURAL VƏ DƏNİZ

-Dəniz, dəniz, ay dəniz

İndi yaman acmısan.

Uzadıb əllərini

Sahilini qucmusan.

Yemək üçün indi sən

Yamanca ağlayırsan.

Içindəki balığı,

Nə vaxta saxlayırsan?

Yoxsa sənə gülərlər,

Ye balıqdan doyunca.

Çaylar su gətirərlər

İndi sənə ovcunda.

-Bu sözümü, ay Tural,

Sırğa elə qulağa.

Dəniz acından ölər,

Amma dəyməz balığa.

ÇOBAN SƏFƏR

Səfərə bax, səfərə

Gedib çıxıb çəpərə.

Demə çəpər çürükmüş

Dəyib üz üstə yerə.

Sınıbdı qabırğası

Əyri - üyrü çəpərin.

Pozulub halı, kefi

Qara gözlü Səfərin.

Demə çəpərin üstə

Boranılar varıymış.

Demə çəpərin üstü

Dolu yuvalarymış.

Elə bil ki bu yerdən

Quşlar küsüb haçandı.

Boranılar quzudu

Səfər indi çobandı.

TOP

Tural, topu

Tullanıb tut.

Əlimizdə

Top qızarıb,

Allanıb top.

Görmürsənmi,

Əyri gedir

Yolun azıb,

Aldanıb top.

Tural, tez ol

Tullanıb tut.

ƏGƏR

Balaca Tural,

Ağladı bir gün

Tez olun mənə,

Şokalad verin.

Əgər siz mənə

Top almasanız,

Dənizə çaya

Aparmasanız,

Dəvəyə, ata

Mindirməsəniz,

İşdən gələndə,

Şəkil kitablar

Gətirməsəniz,

Bir gün gözümü,

Yumacağam mən,

Qalacaqsınız

Qaranlıqda siz.

ÇİÇƏKLİ XALÇA

Xalça çiçək - çiçəkdi,

Hər ilməsi göyçəkdi.

Sevinc bir çiçəyindən,

Tutdu çəkdi, ha çəkdi

Nə çiçək qopdu yerdən,

Nə də çiçək əl çəkdi.

XANLAR

Gilənardan o qədər

Yedi doymadı Xanlar.

Lap axırda özü də

Çönüb oldu gilənar.

Anası öpdü, öpdü

Göyçəkləşən Xanları.

Sıxıldı dodağına

Gilənar tək xalları.

Ağacın budaqları

Saralıbdı, solubdu.

Xanların yanaqları

Gilənarla dolubdu.

Ana

-Ana, dəniz çəkmişəm,

Sular axsa da dolmaz.

-Yox qızım, yanılmısan,

Dəniz dalğasız olmaz.

Dəniz çoşar, ha daşar,

Şahə qalxar dalğası.

Hər xırda gölməçədən,

Dəniz olmaz qadası.

-Yatan zaman çəkmişəm,

Mən dənizi, aya ana!

Oyansa bu dənizim,

Dönəcəkdir tufana.

Qarabağ

Qəribə qızdı Aysu

Bayraq tutub əlində,

Dönə - dönə söyləyir,

Bayraq bitib əlimdə.

Əlində qara torpaq

Torpağın üstə bayraq.

Deyir ay ata, bax, bax...

Torpaq bitib əlimdə...

Biz qələbə çalmışıq,

Qarabağı almışıq,

Gör nə gözəl yaraşır

Bax, Qarabağ əlimdə.

Lövhə

Yıxılmışdı torpağa,

“Şuşa” yazılan lövhə.

Aysu hey soruşurdu,

Atasından hər dəfə:

-Nə çətin işmiş belə,

Qaldırmaq bir lövhəni.

Mən özüm qaldıraram,

Apar ora sən məni.

Ata hey kövrələrdi,

Aysunun bu sözündən.

Başın yana əyərdi,

Yaş düşərdü gözündən.

Aysu sevindi bir gün,

Sığışmadı otağa.

Televizorda gördü ki,

“Şuşa” qalxıb ayağa.

Deyəsən

Yağış yağır, isladır,

Gülü, daşı, torpağı.

Qızım yerin üstünə,

Sərir güllü yaylığı.

Deyir yer islanmasın,

Tez- tez həyətə düşür.

Dünyanı qorumağı,

Deyəsən başa düşür.

Əsgərin ürəyi

Kəramətin əmisi,

Gəlibdi əsgərlikdən.

Papaq, ulduz və nə nişan,

Gətiribdi nə desən.

Kəramət əmisindən,

Alıb geydi paltarı.

Pencək böyük, neyləsin,

Yerə dəyən qolları.

Hələ şalvar bir yana,

Papağı da yekədi.

Bu paltarlar içində,

Kəramət bir tikədi.

Ağlama, oğlum, belə,

Qoy ömrün yaşa dolsun.

Təki əsgərin bala,

Böyük ürəyi olsun.

Dava – dava oyunu

Dava- dava oynayırdı

Turalla Azad.

Azad faşistdi,

Tural partizan.

Ikisi də xöbəxt azad.

Qaçırdılar hey aşağı,

Yuxarı,

Birdən faşist Azad,

Vurdu bizim Turalı.

Tural əyildi Mehdi kimi,

Kinoda gördüyü kimi.

Azad qışqırdı: yıxıl, tez ol.

Birdən Tural

Tez əl atdı cibinə

Çıxartdı “qumbara”nı,

Bir qırmızı almanı,

Tulladı, al.

Alma dəydi Azada,

Ayağı qalxdı göyə,

Başı bulandı toza.

Eşələndi, toz elədi,

Kinoda da belədi.

Qurtardı dava,

Başlandı əsl dava.

Oturub Azad,

Bir qırmızı almanı,

Şirin –şirin yeyirdi.

Yazıq Tural elə hey

“Ver almamı” deyirdi.

Əlifbam

Həriflərin yuvası,

Əlifbam, ay əlifbam.

Şirin ana laylası,

Əlifbam, ay əlifbam.

Anamın səsi səndə,

Körpə nəfəsim səndə.

Arzum, həvəsim səndə,

Alifbam, ay əlifbam.

Sən mənim ilk kitabım,

Vətənim, yurdum, adım.

Vərəqlərin qanadım,

Əlifbam, ay əlifbam.

Təzə kövrək çiçəyəm,

Səndən su içəcəyəm.

Sənə and içəcəyəm,

Əlifbam, ay əlifbam.

Ana ürəklidi...

Sınsa kuklası,

Ağlayarlar hey,

Körpə vaxtından

Özləri bəbə,

Saxlayarlar hey,

Ana ürəklidi

Qız uşaqları.

Yemək verərlər,

Laylay deyərlər.

Böyük qardaşa,

Çay dəmləyərlər.

Ana ürəklidi

Qız uşaqları.

Ev süpürərlər,

Paltar tikərlər.

Evin içində

Evcik tikərlər.

Ana ürəklidi

Qız uşaqları.

 

Paylaş