Qəşəm İsabəyli: İntiqam
"Müharibə və uşaqlar” silsiləsi
İntiqam
–Ay ata, ermənilər
Raketlərlə vurubdur,
Gecə yatdığı yerdə
Gəncəni.
Qanına bələyibdir
Neçə-neçə ananı,
Neçə-neçə uşağı,
Neçə-neçə qocanı,
Gəncini.
–Oğul, intiqamını
Beş-on qat almışıq biz!
–Nə xeyri varmış, ata,
Dirilib duracaqmı
Ölüb-itənlərimiz?!
Niyə bəs
–Erməni də müsəlmandır,
Anlat mənə, baba, bir?!
–Nə pis söz danışırsan,
Ağlın azıbdır nədir?!
–Tutaq ki, ağlım azıb,
Sözlərim də pisdi lap.
Mənə başa sal barı,
Niyə bəs Qarabağa
Silah daşıyan Rusun
Qabağını kəsməyir
İran müsəlmanları?!
Məlik Məmməd öldürdüyü Əjdəha dirilibmiş
Məktəbə aparardı
Hər səhər atam məni,
Öpərdi üz-gözümdən,
Dişləyərdi çənəmi:
–Nə şirin baladır bu,
Allah qorusun bunu!
Qucaqlayıb boynunu,
Mən də öpərdim onu!
Düz bir aydı görmürəm
Atamın üzünü mən:
–Ana, atam hardadı,
De, bilim düzünü mən?!
Yamanca darıxıram,
Səhərlər oyananda
Yatağına baxıram.
–Ay bala, atan gedib
Döyüşür erməniylə...
–Neyləyib bu erməni?
–Bizə gəlibdir hiylə,–
Tutub torpağımızı,
Suyumuzu kəsibdir,
Bir gün, bir ay deyil ki,
Bala, düz otuz ildir!
–Demək, Məlik Məmmədin
Öldürdüyü Əjdəha
Dirilib gəlib cana?!
Atam gedib onunla
Döyüşə girib, ana?!
Eybi yox, qoy darıxım,
Atam gec dönsün geri, –
Öldürsün Əjdəhanı,
Məhv etsin pislikləri!
Şəhid uşaqlarımız
Erməni əsgərini
Qorxaq doğub anası, –
Odur ki, dovşan kimi
Qorxur əsgərimizdən!
Döyüşlər başlayanda
Tir-tir əsir...
O anda
Silah düşür əlindən:
"Oy ana, qorxuram mən!”
Ya ölür... itir... gedir...
Ya da qaçıb gizlənir,
Daldadan güdür bizi.
Gecə yatdığımız yerdə
Ən güclü silahlarla
Vurub öldürür bizi!
Sülhü neyləyirik biz...
Qəşəm-Şəm açdı qapımı,
Pərt durdu qabağımda:
–Necə sakit oturmusan,
Necə rahatsan, baba?!
–Nə olubdur, ay oğul?!
–Sənə pis xəbərim var –
Hələ şəhidlərimizin
Alınmayıbdır qanı,
Televizor deyir ki,
Müharibə dayanır.
Axı Prezidentimiz
Şəhid analarına
Söz vermişdi o günü:
"Sonacan gedəcəyik,
Düşməni Qarabağdan
Vurub rədd edəcəyik!”
İndi bəs bu nə işdi,
Torpaqlarımız yanır,
Müharibə dayanır?!
–Sən deyən deyil, bala,
Düşmənlə aramızda
Sülh elan olunubdur...
–Nə danışırsan, baba,
Sülhü neyləyirik biz?!
Məgər azad olubdur
İşqaldan Vətənimiz?!
–Müvəqqəti sülhdü bu.
–Müvəqqəti nə demək?
–Döyüş meydanlarından
Meyitləri götürüb,
Əsirləri dəyişmək...
Sonra düşmən çıxmasa
Xoşluqla Qarabağdan,
Toplar guruldayacaq,
Mərmilər partlayacaq...
Ya düşmən diz çökəcək,
Ya da ki, məhv olacaq!
Şəhid balası
Şair dostum Tariyel Ümidin
təzəcə şəhid olmuş Mayis yeznəsinin
övladları Məleykə və Süleymana.
Bizimlə bir sinifdə
Şəhid qızı oxuyur.
Partasının qarşısında
Atasının şəklidi, –
Azərbaycan bayrağıyla
Qoşa durur.
Elə ki, dərslərindən
"Əla” alır, sevinclə
Dik baxır atasına –
Bir anlıq gülümsünür.
Sonra da ah çəkərək,
Əllərinin dalıyla
Göz yaşlarını silir.
Vurur Azərbaycanı... Paşinyan
Gecələr xalq yatarkən
Vurur Azərbaycanı
Raketlərlə Paşinyan.
Bir dənə mərmisi də
Çovuyub getməyir yan...
Bu, məktəb binasıdır,
Vurur Paşinyan onu –
Darmadağın dağıdır,
Bu, uşaq baxçasıdır,
Vurur Paşinyan onu –
Yerlə bərabər edir.
Bu da ki, xəstəxana...
"Qoymarıq bir türk burdan
Qurtulub gəlsin cana!”
Sonra da güllələyir
Qəbirləri bu yağı, –
Əsgərləri qırılıb,
Əllərindən çıxdıqca
Azərbaycan torpağı!
Gecələr xalq yatarkən
Vurur Azərbaycanı
Raketlərlə Paşinyan.
Bir dənə mərmisi də
Çovuyub getməyir yan...
Dron
–Baba, xəbər satıram,
Sevinc doludur içi.
Dronunu vurubdur
İran erməni-bicin!
–Səhv etmə, oğul bala,
Erməniyə heç zaman
Ziyan yetirməz İran!
–Saytlar dolub daşır
Bu sevinclə birə on!...
–Bala, avamlıq etmə,
Yəqin İran səhv salıb,
Elə zənn eləyib ki,
Bizim drondur dron!
Şir kimi vuruşuram
O qədər qələmim var,
İtirmişəm sayını,
Hücum çəkib tuturam
Erməni cəbhəsini –
Stolu, çarpayını.
Zeynəb də tez-tez deyir:
–Bu qədər dəftər, qələm,
Pozan, panel,karandaş, –
Nəyinə lazım, qaqaş?!
–Niyə nəyimə lazım,
Erməni əsgərinə
İntiqamla coşuram.
Görmürsən bəs onlarla
Şir kimi vuruşuram?!