adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Noyabr 2019 12:15
30470
ƏDƏBİYYAT

“Qələmsiz yazılanlar” – Rəşad Məcidin müqaviməti

İSTANBULDA, TÜRK ƏDƏBİYYATI VƏQFİNDƏ KEÇİRİLƏN TƏQDİMAT  MƏRASİMİNDƏN QEYDLƏR


"23 Noyabr, saat 14:00” – bu qeydi bir həftə öncədənyaddaş dəftərçəmə yazmışam. Həmin gün Rəşad Məcidin yeni kitabının İstanbulda,Türk Ədəbiyyatı Vəqfində təqdimatı olacaq. Onun "Qələmsiz yazılanlar” kitabınınTürkiyədəki oxucular, araşdırmaçılar tərəfindən necə qarşılanacağını səbrsizlikləgözləyirəm. Evdən Vəkfin binasına gələnə qədər bu çoxsəsli, çoxmillətli şəhərdəonlarla fərqli dildə danışan adamların səsini eşidirəm və ana dilimdə uzun-uzunsöhbət etmək üçün darıxdığımı anlayıram...

Binanın pilləkənlərini yavaş-yavaş qalxarkənuzaqdan tanış bir səs eşidirəm. Beynimdə bir səs "Rəşad müəllim buradadır”deyir. Görüşürük. Biz söhbət edirik, bu arada toplantı zalı dolur. Bir nəfəryaxınlaşıb Rəşad müəllimin burada olub-olmadığını soruşur məndən. Elə bilirəm,müəllimin tanışıdır, amma sonra məlum olur ki, yoldan keçərkən binanın çölündəkiafişanı görüb. Beləcə, onu şəxsən tanıyanlar və sadəcə mətinlərindən tanıyanoxucular bir-bir gəlirlər...

Tədbiri giriş sözüylə açan Türk Ədəbiyyatı Vəqfininbaşqanı Sərhad Kabaklı Azərbaycan Yazıçılar Birliyi ilə olan sıx münasibətlərindən,Rəşad Məcidin şair, jurnalist kimi fəalliyyətindən danışır. Sonra isə onunbioqrafiyasının ən mühüm məqamlarındansöz açır.

Kitabın redaktoru yazıçı Bəxtiyar Aslan çıxışının əvvəlindəcəvurğulayır ki, Rəşad Məcidin sadəcə Türkiyə üçün yox, bütün Türk Dünyasıylabağlı gördüyü çox önəmli işlər var: "O, Azərbaycanda jurnalistika sahəsindəyeniliklər yaratmış bir qəzetçidir. "525-ci qəzet” sadəcə xəbər qəzeti deyil,bir ədəbi məktəbdir. Yəni bizim bu Vəqfdə bir araya gəlib etmək istədiklərimiziRəşad Məcid qəzet vasitəsilə etməkdədir. Bu qəzetdə həm gənc yazarların, həm dəölkənin önəmli imzalarının dəyərli yazıları yayımlanmaqdadır. Bununla yanaşı o,həm də şair və nasirdir. Bu gün burada təqimatını keçirdiyimiz "Qələmsizyazılar” həm də ədəbiyyata yeni bir janr təklifidir. Bəlkə də bütün dünya ədəbiyyatınabir təklifdir. Bu kitabdakı yazılar qələmlə yox, klaviatura ilə yazılıb. Sosialmediadakı paylaşımların ədəbiyyata təsiri haqqında çox danışılır. Bu mövzu hazırdadünyanın gündəmindədir. İndi biz "fast food” dönəmi yaşayırıq. Qaçaqaç içindəyik.Beləcə, ədəbiyyata ayrılan vaxt da azalır. Bəs bu sürət əsrində insanlar ədəbiyyatehtiyacını necə qarşılayacaq? Qərbdə qısa hekayə janrının inkişafı bu sualabiraz cavab verir. Yəni əlli-yüz sözləyazılan hekayələr bu qaçaqaç içində rahatlıqla oxumaq üçün uyğundur. "Qələmsizyazılanlar” da biraz qısa hekayələri xatırladır. Amma buna sadəcə qısa hekayədemək çətindir. Bunların içində aforizmlər də var və bəzi hissələri gündəlikkimi oxumaq da olar. Gələcəkdə Rəşad Məcidin həyatıyla bağlı araşdırma ediləndəbu qeydlər önəmli bir mənbə olacaq. Bu mətnlər yazarın hansı gün nəyidüşündüyünün, hara getdiyinin ipuclarını verir. Beləcə, sosial media üzərindən ədəbiyyattarixi də yazmaq olar.



Kitaba yazdığı önsözdə akademik İsa Həbibbəyli buyazıları Qobustan qayalarındakı rəsimlərilə əlaqələndirir. Orijinal biryanaşmadır. Bir adamın qaya üzərinə rəsm çəkməsi və ya damğa vurmasını bir neçəmənada yozmaq olar. Əvvəla, həmin adam "mən burada yaşadım” mesajını verir,sonra isə "bu coğrafiya mənə aiddir”deyir. Ona görə buna ciddi yanaşmaqlazımdır. Onsuz da simvollarla danışmaq bizi sonradan sənət tarixinə aparıbçıxaracaq. Rəşad Məcidin bu qeydləri də sadəcə bir sosial media paylaşımıdeyil. Bunlar gələcəyə olan bir mesaj və eyni zamanda yeni bir janr yaratmaqistəyidir. Bu kitabın içində esse də var, aforizm də, gündəlik də, xatirələr də...Qısası, bu kitabda ədəbiyyat və sosyologiya adına araşdırılacaq önəmli məsələlərvar”.

Kitabı Türkiyə türkcəsinə çevirmiş yazıçı və tərcüməçiİmdat Afşar"Qələmsiz yazılanlar”ın Türk Dünyasında misli görülməmiş bir kitabolması səbəbilə Türk Ədəbiyyatı Vəqfinin təşkil etdiyi bu görüşü son dərəcə önəmliişlərdən biri kimi dəyərləndirdi. İmdat Avşar kitabın dəyərini daha yaxşıanlamaqdan ötrü çağımız üçün dəyişikliyin nə qədər önəmli olmasını vurğuladı:"Gün keçdikcə öyrəşdiyimiz dəyərlər, sistemlər dəyişməkdədir. Sürətli bir çağdayaşayırıq. İstər-istəməz hamımız bu dəyişmənin içində yer alırıq və zamanlaadaptasiya oluruq. Xüsusən texnologiya inanılmaz bir sürətlə inkişaf edir. Məsələn,20 il öncə istifadə etdiyimiz o böyük telefonlar indi haradadır? Hər şeyin birson istifadə tarixi var. Var olan bütün texnoloji cihazların, insanların,düşüncələrin, sənətin, ədəbiyyatın son istifadə tarixi var. Bir zamanlarfotoaparat çıxarkən rəssamlar narahat idi. Onlar anladılar ki, fərqli bir yoltutmalıdırlar. Beləcə fiqurativ rəsmlərdən abstrakt rəsmlərə keçildi. Bu nümunələrinsırasını uzatmaq olar. Qısaca demək istəyirəm ki, dəyişiklik qaçılmazdır. Birzamanlar qalın romanlar yazılırdı, amma indi dövr başqadır. Bu sürət çağında ədəbiyyatınyeni bir yol tapması, zamana uyğunlaşması lazımdır. Bu girişdən sonra Rəşad Məcidin"Qələmsiz yazılanlar” kitabına gəlirəm. Yəqin burada oturan hər kəsin sosialmedia hesabları var, hər gün internetdən istifadə edirik.Amma bu yenilik içində biz çox şeyin fərqinə varmadıq. Məsələn, Rəşad Məcidə qədərsosial mediada yazdıqlarımıza fərqli bir ədəbi janr olaraq baxa bilmədik. Onun əsasuğuru bundadır ki, bu dəyişikliyi yazar zəkasıyla duydu və belə bir kitabyazdı. Bu kitab, məncə, ədəbiyyat dünyasında yeni polemikalara səbəb olacaq.Kitabda Azərbaycanın ictimai-siyasi həyatına, mədəniyyəti və ədəbiyyatına dairçox dəyərli yazılar oxuyacaqsınız. Biz indi bunun nəzəriyyəsindən ətraflıolaraq danışa bilmirik, çünkü bu janr yenidir. Zamanla ədəbiyyat nəzəriyyələribunun haqqında yazacaq. Gələcəkdə bəlkə kimsə Rəşad Məcidin facebookstatuslarına yazılan şərhləri toplayıb yayınlayacaq, hər şey ola bilər. Mixiyazıdan qələmsiz yazılanlar dövrünə gəlmişik. Rəşad Məcidin sosial medianı ədəbiməkan olaraq görməsi önəmli bir faktordur. Bir daha müəllifi təbrik edirəm”.

Həm Bəxtiyar Aslanın, həm də İmdat Avşarın sosialmedia və ədəbiyyat haqqındakı analtik düşüncələri "Qələmsiz yazılanlar”ın önəminioxuculara daha ətraflı çatdırdı. Bu fikirlər ədəbiyyatdan çox fəlsəfəyləbağlıydı. Zalda əyləşənlər arasında İstanbulda yaşayan filosof Səlahəddin Xəlilovda vardı. Kitab haqqında o da fikirlərini bölüşdü: "Rəşad Məcidi öncə jurnalistkimi tanımışam. Onun rəhbərlik etdiyi "525-ci qəzet”in müəlliflərindən biriolmuşam. Bizdə qəzetlər çoxdur, ancaq bu qəzetin ictimasi-siyasi, mədəni mühitdəböyük rolu var. Bu qəzet xüsusən gənc yazarların ilk tribunasıdır. Qəzet əslindəzamanın nəbzini tutmaqdır. Bugün diqqətlə baxsaq, görəcəksiniz ki, cəmiyyətdə ənçox tanınan imzalar jurnalistlərdir. Bəlkə də, zamanın ab-havasını onlar dahayaxşı duyduqları üçün bu belədir. Rəşad Məcidin də əsas məziyyətlərindən birizamanın ruhunu duya bilməsidir. O, zamanın içindən baxaraq həyata, cəmiyyətə dəyərverir. Jurnalistikanın çevikliyi ilə ədəbiyyatın yaradıcılıq gücünü uğurlu şəkildəsintez edir. Həm klassik müəlliflərlə, həm də gənclərlə yaxşı anlaşır. Gənclikruhla bağlıdır, zamanla ayaqlaşmaqla, zamanla iç-içə olmaqla bağlıdır. Əgər sənhələ də 40-50 il öncəki kimi düşünür, o şəkildə yazırsansa gənc sayıla bilməzsən.Məsələn, bizim böyük yazıçımız Anarın tez-tez Yazıçılar Birliyinin sədrliyindəngetməsini istəyənlər olur. Elə bilirlər ki, gənc biri o posta gəlsə, böyük dəyişikliklərolacaq. Yanılırlar. Anar zamanın ruhunu duyan, zamanın nəbzini tutan böyükyazıçıdır. Bu mənada mən Anarı gənc hesab edirəm. Demək istəyirəm ki, Rəşad Məcidkeçmiş, indi və gələcək arasında körpü rolu oynayır. Bu kitabı da klassik ədəbiyyata,geçmişə yönələn inkar yox, alternativ olaraq dəyərləndirirəm. Bu alternativialqışlayıram, müəllifi təbrik edirəm”.



Zalın Rəşad Məcidə olan sevgisi aşkar hiss edilir.Onu tanıyanların, oxucularının qəribə bir enerjisi var. Elə bil hamı onunhaqqında fikir bildirmək, nəsə demək istəyir. Amma vaxt məhduddur. Ona görə soniki nəfərə söz veriləcəyini deyir İmdat Avşar. Hamı maraqla o iki nəfərin kimolacağını gözləyir. Söz tanınmış yazar və tərcüməçi Yasemin Bayereverilir: "Həyat yoldaşımın işinə görəbiz uzun müddət Bakıda yaşadıq. Bu illərdə Azəbaycan Yazıçılar Birliyi iləyaxşı münasibətlərimiz oldu. Rəşad Məcidlə də Bakıda keçirdiyimiz illərdə tanışolduq. Yanılmıramsa, Rəşad Məcidi Türkiyə türkçəsinə tərcümə edən ilk mənoldum. "Sular Güneşe Şarkı Söylerken” kitabında beş nasirin hekayəsini tərcüməetdik. Bu kitabda onun "10 sentyabr” hekayəsi yer aldı. Burada "525-ci qəzet”haqqında çox danışıldı. Mənə görə bu qəzet bir ensiklopediyadır. Bu qəzetdə Azərbaycanınçox böyük alimləri, yazarları, siyasət adamları yazıblar. Qəzetin ictimai və ədəbibaxımdan güclü bir duruşu var. Yadımdadır ki, qəzetin şənbə sayını o zaman da hərkəs maraqla gözləyirdi. Qısacası, Rəşad Məcidi tanıdığım, oxuduğum və tərcüməetdiyim üçün çox məmnunam. "Qələmsiz yazılanlar” kitabıyla ədəbiyyata yeni birjanr gətirdiyi üçün ona təşəkkür edirəm”.

Mən də daxil olmaqla zalın gözü sonuncu çıxış edəninkim olacağını axtarırdı, birdən adımı eşitdim. İndi bu yazını yazarkən, sözsüzki, öz çıxışıma əlavələr edə, dediklərimə biraz da "bəzək vura” bilərəm. Ammabu davranışı doğru hesab etmirəm və lentdəki səsimi yazıya köçürürəm: "Hamı"525-ci qəzet”dən danışdı, ədəbi məktəb olaraq dəyərləndirdi. 2013-cü ildə mənimdə yolum bu qəzetdən keçdi. Burada çox şey öyrəndim, həyatımın önəmli bir dönüşnöqtəsi oldu. Həqiqətən bir məktəb oldu mənim üçün. Mən və mənim mənsub olduğumədəbi nəsil Rəşad Məciddən, onun qəzetindən çox şey öyrəndik. Bu kitabıyla da Rəşadmüəllim hamımızdan gənc olduğunu göstərdi. Qəzetdə çap olunmağa başlayandan busilsiləni maraqla oxuyurdum. İndi toplu halda oxumaqdan zövq aldım. Həm içindəkidüşüncələr, 
həm də forma olaraq bu kitab bizə önəmliyol göstərdi”.

Kitab təqdimatlarında ən çox gözlənilən çıxış müəllifinolur. Əsəri haqqında başqalarının fikirlərini eşitdikdən sonra müəllifin onunecə dəyərləndirəcəyini, deyilənlərlə razılaşıb-razılaşmadığını bilmək üçündiqqətlə dinləyirik: "İstanbula ilk dəfə otuz il öncə gəlmişəm. Bu şəhərin otuzil əvvəl mənim üçün mistik bir ovqatı vardı, bu gün də İstanbul o ab-havanıqoruyub saxlayır. Əvvəllər bu Vəqfin binasının önündən dəfələrlə keçmişəm. Sonillərdə isə Türk Ədəbiyyatı Vəqfiylə xoş münasibətimiz yarandı və bura mənimüçün doğmalaşdı. Keçən ilin baharında biz burada Anar müəllimin 80 illikyubileyini keçirdik və çox gözəl görüşlərimiz oldu. İndi isə burada kitabım çapolunub, onun təqdimatına yığışmışıq.

Düşünürəm ki, bu kitab – "Qələmsiz yazılanlar” mənimmüqavimətimdir. İndi dövr dəyişir, yazı arxa plana keçir, informasiyanınötürülmə forması dəyişir, virtual dünya həyatımızın ayrılmaz hissəsinəçevrilir. Bir dəfə özəl bir şirkətdə işləyən gənc bir mühəndislə söhbət edərkəndedi, otuz il sonra indiki ixtisasların əksəriyyəti qalmayacaq. Mən ona dedimki, bilmirəm hansı ixtisaslar qalacaq, ya yox, amma yazı həmişə qalacaq. Necəki, qədimdə Qobustan qayalarına yazırdılar, biz də bəyaz bir yer tapıb orayayazacağıq. Tez-tez Cek Londonun "Dünyada yaradıcılıq ləzzətindən üstün ləzzətyoxdur” sözünü xatırlayıram. Bir gözəl cümlənin, əsərin nöqtəsini qoyandaaldığın zövqü və gücü heç nəylə müqayisə etmək olmaz. Əgər bu sürətli dəyişmədövründə biz köhnəyiksə, Məmməd Arazın sözlərilə desək, od kimi, su kimi köhnəyik.Və ya Kamal Abdullanın "Ən yaxşı yeni ən yaxşı unudulmuş köhnədir” dediyi mənadaköhnəyik. Yadımdadır, 1998-ci ildə qəzetlərin kağız variantının yoxa çıxacağınımüzakirə edirdik. O vaxt inanmazdım, amma indi sosial media bu barədə məniciddi düşündürür. Bu mənada deyirəm ki, "Qələmsiz yazılanlar” mənim müqavimətimdir.Bu kitabımla göstərmək istədim ki, forma nə qədər dəyişirsə dəyişsin, biz yenəbunun ən yaxşısını edə bilərik. Bir zaman mobil telefonlar yeni çıxanda bizdən əvvəlkinəsil bu cihazlardan istifadə etmək istəmirdi. Bir tədbirdə telefon uzun-uzun zəngçalanda hamı bir-birinə baxdı. Heç kəsin gözləmədiyi anda məlum oldu ki, bubizim ustadımız, böyük jurnalist və alim Şirməmməd Hüseynovun telefonudur.Ustad dedi ki, indi bu texnologiyanı bilməsən, zamanla uyğunlaşa bilməyəcəksən,geri qalacaqsan. Yəni forma nə qədər dəyişirsə dəyişsin, biz bu dəyişimin içindəsevdiyimiz işi, yazını qoruyub saxlayacağıq. Bu sürət əsrində gün ərzində başverənlərə böyük məqalələr yazaraq münasibət bildirməyə vaxt yoxdur. İndi bunusosial mediada paylaşdığımız kiçik mətinlər, analizlər əvəz edir. Artıq bizdənaslı olmadan özünüifadə forması dəyişib.

Bu düşüncələrdən yaranan kitabın yazılmasına məni ənçox həvəsləndirənlərdən biri akademikİsa Həbibbəyli oldu. Onun ədəbiyyata yeni janr gətirməyimlə bağlı dediyixoş sözlər məni daha da həvəsləndirdi.

Kitabımın nəşrinə görə böyük ənənəsi olan bu Vəqfiyaşadan Sərhat Kabaklıya, həm bu kitabı çevirdiyinə, həm də Azərbayan ədəbiyyatındançoxsaylı tərcümələrinə görə İmdat Avşara, kitabın redaktoru Bəxtiyar Aslana vəçıxış edən, mənim haqqımda, kitab barədəfikirlərini bölüşən hər kəsə təşəkküredirəm. Bu gün burada iştirak edən jurnalistlərə də dərin minnətdarlığımıbildirirəm.”

Beləcə, tədbir başa çatır. Rəşad müəllim oxucularıüçün kitab imzalayır. Sonra Gülhanə parkında dolaşmağa çıxırıq. O əsnada biroğlan yaxınlaşıb: "Salam, Rəşad müəllim” - deyir. Rəşad müəllim oğlana baxıbonu tanımağa, bu simanı nə zaman, harada gördüyünü xatırlamağa çalışır. Ammaalınmır. Çünkü bu oğlan sadəcə hansısa bir tanış deyil. O, oxucudur. Adını bilmədiyimiz,üzünü görmədiyimiz, oxuması üçün kitablar yazdığımız oxucu! Hər oxucu kimi o daşəkil çəkdirmək istəyir sevimli yazarıyla. Və birdən kənarda dayanan kişiyə əledib çağırır. "Atamdır- deyir, - sizi gördük, çox sevindik, istədik ki, sizinləşəkil çəkdirək”.

Tanış bir simaylaqarşılaşmağın mümkünsüz olduğu bu on altı milyonluq şəhərdə bir oxucu yazarıylaqarşılaşdı. Ədəbiyyatın bizi dünyanın hər yerində doğmalaşdırdığı hissinə olaninamımız bir qədər də artdı.