QƏLƏMƏ BAGLI ÖMÜR

Filologiya elmləri doktoru, professor İmaməddin Zəkiyevin 85 iliyinə
İmaməddin Şahverdi oğlu Zəkiyev 10-illik təhsilini keçmiş Qonaqkənd rayonunun Cimi kəndində uşaq evində yaşayarkən, alı təhsilini Bakı Dövlət Universitetində, aspirantura və doktorantura təhsilini AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda almışdır. Ədəbi yaradıçılığa şeirlə başlamışdır. Onun ilk mətbu şeiri orta məktəbdə oxuyarkən Azərbaycan Yazıcılar İttifaqının katibi, xalq yazıçısı Hüseyn Abbaszadənin xeyir duası ilə “Azərbaycan pioneri” qəzetində cap edilmişdir.
Bir il rayon qəzeti redaksiyasında çapçı işləyəndən sonra BDU-ya qəbul olan İ.Zəkiyev Universitet qəzetində, Azərbaycanın mətbu orqanlarında, ədəbi almanaxlarda vaxtaşırı maraqlı poeziya nümunələri ilə çıxış etmişdir. O, yazır:
Tanrı bu dünyanı qurandan bəri
Bu günü sabaha təkan yaradıb.
Uğursuz, bəhərsiz keçən günləri
Əl-ayaq dalayan tikan yaradıb.
Daha başqa bir poetik nümunə:
Kitabı günəşə bənzədib ellər,
Onsuz nə baş işlər, nə də ki, ürək.
Günəşi kitaba sığdıran əllər
Qızıla tutulsun, qızıla gərək!
İ.Zəkiyevin mətbu şeir və poemalarında yadda galan belə poetik nümunələrdən də aydın görünür ki, onun qələmindən nə çıxıbsa, yonulub çıxıb. Buna görə “Heyrət doğuran qeyrət” poeziya çələngində, “Qonaqkənddən başlanan yol”, “Ömürdən səhifələr” kitablarından və digər irili-xırdalı yazılarında yad cizgilər əksini tapmamışdır. O, yaxşı bilir ki, şeirin mayasını bulandıran mətləblər müəllifin fikir enerjisinin nüvəsinə zərbə vurduğuna görə oxucu qəlbini isindirməkdən acizdir. Həyatın, ədəbiyyatın, elmin nəbzini tuta bilənlər bunun dаnılmaz həqiqət olduğunu daha yaxşı bilirlər. İ.Zəkiyev də ilk qələm təcrübəsindən üzü bəri sözü ilə əməli düz olan çoxsaylı müəlliflərdən biri kimi özünü də, sözünü də yad təsirlərdən qoruya bildiyinə görə şeirlərində həyatın nəbzi duyulur. Bu fikrin məntiqi nəticəsi olaraq müəllif yazır:
Düz sözlə milyonlar ayıla bilər,
Həqiqət yerinə qoyula bilər.
Saf sözün səhv sözə zəfər çalması
Bölgədən bölgəyə yayıla bilər.
Calaq üsulu ilə yazılan əsər
Qələmdən keçsə də yaşaya bilməz.
Düşüncə sığalı görməyən əsər
Milli qeyrət yükü daşıya bilməz!
Sağlam milli düşüncə adamı olan İ.Zəkiyev 50 il bundan əvvəl qələmə aldığı “Zor - ağıl kürsüsündə” adlı ədəbi-tənqidi məqaləsində yazmışdır ki, “Yazıçı da xalqa xidmət edən müəllimdir. Onun sinfi - oxucu auditoriyası, dərsliyi - yazdığı əsərlər, lövhəsi - sağlam beyinlərdir. Müəllim işlədiyi məktəbin, müəllif mənsub olduğu xalqın tarixinə yeni səhifələr yazır:
Əqidə mövqeyi ilə indiki qənaətinin üst-üstə düşdüyünü onun öz sözləri də təsdiq edir:
Qələm fayda verməz heç vaxt heç kəsə -
Şam kimi başından şölələnməsə.
Kağız da itirər öz dəyərini -
Qələmin ucundan dür ələnməsə.
Müəllif fikrini belə süsləndirməkdə haqlıdır. O, poeziyanın işıqlı yolları ilə ədəbiyyata gələn qələm sahibi kimi ildən-ilə püxtələşmiş, sözünün məntiqinə və fəlsəfi məna tutumunun cəkisinə diqqətini artıran söz adamı kimi doğru yazmışdır ki:
Sözün cilovunu boş buraxan kəs
Oxucu sevgisi qazana bilməz!
Müasirliyə, vətənpərvərliyə və s. heyrət doğuran həyat həqiqətlərinə güclü meyli olan qələm sahibi kimi İ.Zəkiyev gördüklərinə, eşitdiklərinə, duyduqlarına seyirici nəzərlə baxmır. Söz çayının burulğanına düşmək təhlükəsindən özünü qoruyan müəllif fikirlərini düşüncə süzgəcindən keçirəndən sonra əldə etdiyi səmərəli nəticə üzərində dayanmağı daha məqbul sayır. Həyat kredosunun məziyyətlərini əks etdirən şeir və poemalarında sülhə, əmin-amanlığa, quruculuğa məhəbbət, düşmənə nifrət hissi onu daha çox düşündürən məsələlərdəndir. Qalib Prezidentimizə, Qalib Ordumuza, 44 günlük möhtəşəm Zəfərimizə, Qəhrəman Şəhidlərimizə həsr etdiyi əsərlərində yadda qalan misralar, ütülənmiş fikirlər könül açır və bir oxunuşda yadda qalır. Məsələn:
Hayları lap zəlil eləyib Ordum,
Üstünə od-alov ələyib Ordum.
Düşmən lampasına neft tökənlərin
Kefini kəfənə bələyib Ordum!
Qarabağ ağ günə çıxandan bəri
Ağrılar çəkilib ürəyimizdən...
Müəllifin şeirlərində forma və məzmun vəhdətinə, ümumxalq dilinin incəliklərinə hörmət etməyə çalışması daha qabarıq görünür. Bir çox döyüş bölgələrində, xüsusilə Cəbrayılın düşmən tapdağından azad edilməsində misilsiz qəhrəmanlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalmış Polkovnik-leytenant Rəşad Rəşid oğlu Quliyevin igidliyinə həsr etdiyi “Şəhid ömrü” poemasında Rəşadın hərbi təhsil illəri ilə qəhrəmanlıq illəri çox sadə bir dildə vəsf edilmişdir:
Jurnalda bir sətirə
Sığardı bir vaxt adı,
İndi kitaba sığmır
Məna dolu həyatı.
Daşnakların kürkünə
Birə saldığı gündən,
Bir addım da geriyə
Çəkilməmişdir öndən.
Çətin anda baxmayıb
Qara, qışa, yağışa,
Səylərini görənlər
Layiq görüb alqışa.
Şəhid olana qədər
Düşmənə qan uddurub.
Düşmənə qan tökməyin
Acısını daddırıb.
Eyni məntiqin davamını İ.Zəkiyevin yeni çapdan çıxmış və mütərəqqi çalarları özündə ehtiva edən “Ləyaqət” kitabında da görürük:
Qansızlar nə üçün haqq yola girmir?
Sülhdən danışana hay niyə vermir?
Erməni xalqına silah verənlər
Ağlından bir zərrə pay niyə vermir?
Adı çəkilən kitabda yer almış digər poetik lövhələr kimi Qarabağ mövzusunun da Azərbaycan Prezidentinin Dəmir Yumruğuna, Polad İradəsinə və Dönməz Siyasətinə layiq səviyyədə oxucuların mühakiməsinə verilməsi təqdirəlayiq haldır. Kitabın “Dünyanı heyrətə salan möcüzə” adlı ikinci hissəsi yaxşı cilalanması baxımından birinci hissədən heç də geri qalmır:
Qırx dörd gün ərzində əsgərlərimiz
Xalqı dərd-bəladan qurtara bilib,
Bir çoxu evinə qayıtmasa da
Bizi Qarabağa qaytara bilib!
Döyüşün ən çətin məqamında da
Atəşi Zəfərə döndərib onlar.
Torpağın üstünə göz dikənlərə
Torpağın altında yer verib onlar!
Bu kimi səmimi misralardan sonra Qarabağın ildırım sürətli tərəqqisinin əbədiliyinə müəllifin sonsuz inamının milyonların tükənməz ümidləri ilə üst-üstə düşməsi fərəh doğurmaya bilərmi?!
Azərbaycan anadır, Qarabağ bala,
Ana bala ilə girib qol-qola,
Şərəflə, qürurla sabaha doğru
İri addımlarla çıxıblar yola...
İ.Zəkiyevin yaradıcılığında iki qoşa qanad mühüm yer tutur: poeziya və elm. Hər iki sahədə müəllifin dili sadə, fikri aydın, məqsədi - tərəqqiyə xidmətdir. Qələminin sığalını görmüş mövzular arasında axtarış, tapıntı, mülahizə və polemika yönümlü mövzularla yanaşı ədəbi, elmi, tənqidi məqalələr də çoxluq təşkil edir. Onun yazdığı əhatəli əsərləri AYB-nın nəşrlərində, AMEA-nın, Mədəniyyət Nazirliyinin, Təhsil Nazirliyinin elmi məcmuələrində, habelə Azərbaycan, Türkiyə, Qazaxıstan, Ukrayna universitetlərinin “Elmi əsərləri”ndə və digər nüfuzlu dərgilərində dərc olunmuşdur.
Alimin elmi tədqiqat işinə obyektivlik prizmasından yanaşmasını şərtləndirən amillər sırasında düşüncə şəffaflığı və məsuliyyət hissi əsas yer tutur. Onun ürək qanı, alın təri və istedad şirəsi ilə yazılmış hər bir ədəbi, elmi, tənqidi məqaləsində tarixi həqiqətin üzünü ağardan dəlillərlə yanaşı, yaradıcılıq meyarlarının tələblərinə biganəlik göstərənlərə qarşı bir ittiham kimi səslənən məqamlar da çoxdur. Məsələn, AMEA-nın nəşr etdiyi (1963) “Kitabxana-biblioqrafiya terminləri lüğəti”nin tənqidinə həsr edilmiş “Təşəbbüs yaxşıdır, amma...” məqaləsi sensasiya doğuranda İ.Zəkiyev Universiteti yenicə bitirmişdi... Onun sonrakı yazıları da öyrənən, öyrədən və islah edən alim qələminin uğurlu nəticələrindən soraq verir.
İ.Zəkiyevin yenilikçi alim olduğu saysız-hesabsız məqalələrinin adlarından da aydın görünür: “Bir avtoqrafın taleyi”, “Yeni fikir: ilk Azərbaycan kitabı Avesta”, “Nizami – öyrənilməmiş səhifələr”,“Qədim yazı materialları, kitablar və kitabxanalar”, “Klassik irsin tədqiqi”, “Durğu işarələri haqqında nə bilirik”, “IV-VII əsrlərin mənəvi mənzərəsinə bir baxış”, “VII-VIII əsrlərdə Azərbaycan kitabına doğma və yad münasibət”, “Azərbaycan kitabı IX-X əsrlərdə”, “Qədim Bərdə və Gəncə kitabxanalarının açılmamış səhifələrı” (X-XI əsrlər), “Unudulmaz şairin unudulmuş irsi” (Məsud ibn Namdar haqqında), “Orta əsrlərin naməlum Xınalıqlı alimləri”, “İki əsrin üc parlaq siması” (N.Tusi, F.Rəşidəddin və Q.Rəşidi haqqında”, “70 il qələm və fırça ustaları arasında” (Cəfər Təbrizi haqqında), “Kitab sandıqlarının açılmamış sirləri”, “Azərbaycanda kağız istehsalı tarixindən”, “Beş əsr yarımdan sonra tanınan alim” (Mahmud Xınaluqi haqqında), “Kitablar arasında keçən ömür” (K.Behzad haqqında), “Sultan Məhəmmədin ömür kitabından səhifələr”, “Seyfəlmülük” dastanı haqqında bilinməyən həqiqət”, “Naməlum “Hesabat”ın məlum mətni”, XIX əsrin naməlum şairi, mətnşünası, folklorçusu, tərcüməçisi, xəttatı və kitab tərtibçisi “Rizvan Əlikli kimdir?”, M.F.Axundzadənin naməlum ərizəsinin məlum şərhi”, “M.F.Axundzadənin milli mətbəə açmaq səyləri”, “M.F.Axundzadənin naməlum avtoqrafları”, N.Nərimanovun Bakıda açdığı zəngin kitabxanadan sonra Şərqdə böyük əks-səda doğurmuş Quba kütləvi kitabxanasının fədakar təsisçisi “Mirzə Məhəmmədəli Qasımov kimdir?”, “S.Ə.Şirvaniyə aid edilən bir imza haqqında”, “Bir cümlənin açımı”, “XIX əsrin kitablarını vərəqlərkən”, “İlk azərbaycanlı ensiklopediyaçı və nəşri dayandırılmış ilk Azərbaycan Ensiklopediyası” (17 cildlik nəşrə ermənilərin və Moskvadakı havadarlarının xəyanəti haqqında), “Azərbaycan teatrının yaddaş kitabı”, Azərbaycanın poçt-rabitə tarixi haqqında “Analoqu olmayan kitab” və s. məqalələr unudulmuş və unutdurulmuş Azərbaycan-türk həqiqətlərini təsdiqləyən və müəllifə halallıq haqqı qazandıran alim möhürüdür.
Mübaliğəsiz demək olar ki, İ.Zəkiyev təkzibolunmaz axtarışları, tapıntıları və işıqlı elmi mülahizələri ilə Azərbaycan kitabşünaslığının əhatə dairəsini xeyli genişləndirmiş, özündən sonrakı mütəxəssislər, tədqiqatçılar, oxucular və maraqlananlar üçün etibarlı zəmin hazırlanmışdır. Onun qələmindən çıxmış və elmi ictimaiyyətin marağına səbəb olmuş “Yazıçı və kitab”, “M.F.Axundov və kitab mədəniyyəti”, “M.F.Axundov kitab, kitabxana və mütaliə haqqında”, “Əsrlərin əks-sədası”, “Azərbaycan kitabının inkişaf yolu (Qədim dövrdən XIX əsrin sonuna qədər)”, “Azərbaycanda nəşriyyat işi (Əlyazma kitabından çap kitabına qədər, müştərək)” və s. kitabları da mütaliyə həvəskarlarına yeni impuls vermişdir. Bu həqiqəti nəzərə alan Azərbaycanın nüfuzlu dövri nəşrləri alimin “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poligrafiya Birliyində həyata vəsiqə almış “Azərbaycan kitabının inkişaf yolu. (Qədim dövrdən XIX əsrin sonuna qədər” monoqrafiyasını “Azərbaycan kitab tarixi haqqında ilk iri həcmli kitab”, “Kitabşünaslıq elminə töhfə”, “Üç min illik tarixin açılmamış səhifələrinə güzgü tutan əsər”, “sensasiya doğuran çox faydalı monografiya” kimi “öz aktuallığını həmişə saxlayacağını” əminliklə ifadə etməsi və “Təəssüf ki, bu zəngin tarix uzun illər bizə öyrədilməyib” qənaətini diqqətə çatdırması əslində həqiqətin etirafıdır.
SSRİ-nin süqutuna qədər düşmən ünsürlərin üfürdüyü və havadarlarının dəstəklədiyi rüsvayçı yalanlara aldananlarımız da az olmamışdır. Bu məsələ ilə əlaqədar “Qobustan” jurnalının redaktoru ilə bir maraqlı müsahibəsində İ.Zəkiyevin verdiyi lakonik cavabı qürur doğurmaya bilərmi?! “Bir sıra məqalə və kitablarda yazılmışdır ki, 1920-ci ilə qədər Azərbaycan xalqının 98 faizi (?) savadsız olmuşdur. Bu rəqəmin qara rəngini tündləşdirib 99 yazanlar da vardır. Hakim imperiyanın yalanlarına uyan 1930-cu illərin qurbanlarından biri isə yazmışdır ki, qədim dövrdən sovet dövrünə qədər “müstəqil, zəngin və dərin bir mədəniyyətimiz heç bir zaman olmamışdır”. Halbuki Azərbaycan keçmiş əsrlərdə, xüsusilə IV-VII əsrlərdə tərəqqi dövrü keçirmişdir. Sonrakı beş əsrlik mərhələni isə “qızıl əsrlər”, “parlak əsrlər”, “altun dövrü” kimi başa vurmuşdur. Bu həqiqəti nəzərə alan M.F.Axundzadə, M.Kazım bəy və başqa müdrik qələm sahibləri əsərlərində göstərmişdilər ki, Azərbaycan xalqı heç bir əsrdə ədəbiyyat, elm, mədəniyyət, incəsənət, kağız istehsalı, parça istehsalı, rəng istehsalı, kitab, kitabxana, kitab bazarı, məktəb və s. sahələrdə “Avropa ölkələrinin heç birindən geri qalmamış, hətta çox sahədə Avropanı qabaqlamışdır”.
Lomonosov Universetetinin professoru Şeydabəy Məmmədovun İ.Zəkiyevin “M.F.Axundov və Azərbaycan kitab mədəniyyəti” namizədlik dissertassiyasını “Axundovşünaslığa töhfə” adlandırmasından, “VAK”ın əməkdaşı E.N.Kuznetsovanın “İzdatelskoye delo. Kniqovedeniye” jurnalında dərc etdirdiyi məqaləsində əsəri “sensasiya doğuran dissertasiya” kimi qiymətləndirməsindən (Moskva, 1971, №10, s.33-34) sonrakı illərdə Ə.Mirəhmədov, X.Məmmədov, A.Nəbiyev, İ.Həbibbəyli, T.Kərimli, M.Nağısoylu, A.Xələfov, Q.Paşayev, M.Qasımlı və b. ustad alimlərin İ.Zəkiyevin qələminə dəyər verməsi, kitablarından bir neçə kollec və universitetdə dərs vəsaiti kimi istifadə edilməsi, tədqiqatları əsasında məqalə yazılması və ADPU-nun “Xəbərləri”ndə işıq üzü görməsi, əsərlərindən seçmələr əsasında “Qobustan” jurnalının nömrəsində yeddi məqaləsinə yer verilməsi, yaradıcılıq yoluna dair ADMİU-da uğurlu magistr dissertasiyası müdafiə edilməsi və s. fərəh doğuran göstəricilər də tanınmış ədəbiyyatşünas-kitabşünas alimin ömür kitabının yeni səhifələrlə zənginliyindən soraq verir.
“Kitab – yazıçı ürəyinin qəliblənmiş formasıdır” - deyən İ.Zəkiyevin əsərlərində çat yeri tapmaq çətindir. Az öyrənilmiş və öyrənilməmiş çoxsahəli, çoxşaxəli mövzuların boşluqlarını doldurmağa, yeni əlavələrlə təkmilləşdirməyə çalışması onu məhsuldar və yenilikçi alim kimi tanıtdıran və sevdirən önəmli amillərdəndir.
İmaməddin Zəkiyev Azərbaycanın və bir cox xarici ölkələrin ədəbi mükafatlarına layiq görülmüşdür.
Fikrimi Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadənin yazdığı “Kitab mədəniyyətimizin fədakar tədqiqatçısı” məqaləsindən sitat gətirdiyim sözlərlə bitirmək istəyirəm. “İmaməddin Zəkiyev unikal bir alim, hərtərəfli ziyalıdır. O, nəcib, xeyirxah, olduqca mütəvazi bir insan, zəhmətkeş və məsuliyyətli tədqiqatçı alim, fundamental əsərlər müəllifidir. Onun Azərbaycan ədəbi-mədəni mühitində heç kimə bənzəməyən bir yeri var. Bu yeri o, öz əsərləri və xalqına təmənnasız xidməti ilə əldə edib”. Bu yüksək dəyərə görə ustad qələm sahibi N.Şəmsizadəyə Allahdan rəhmət diləyirəm, 85 yasını yenicə yola salmış 67 illik qələm qardaşım İmaməddin Zəkiyevə isə möhkəm can sağlığı, elm və poeziya yollarında yeni-yeni uğurlar arzulayıram.
Geriyə baxma Qoca!
YASİF NƏSİRLİ,
Əməkdar incəsənət xadimi
Digər Xəbərlər

Sənin alın yazındı bu Vətən...

“QƏRBİ AZƏRBAYCAN AŞIQLARININ DASTAN REPERTUARI”

Qaranlıq pəncərələrdən görünməyən dramlar - Xuraman Hüseyn yazır

“... VƏ SƏN” İŞIQ ÜZÜ GÖRDÜ

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

REDAKTOR SÖZÜ

“Azərbaycan kinosunun atası”- Əntiqə KƏRİMZADƏ YAZIR….
