adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Mart 2024 09:00
2366
SAĞLAMLIQ

Qadınların stress keçirərkən dəriləri bu maddələri ifraz edir

Fransanın Burqundiya Universitetinin alimləri müəyyən ediblər ki, psixoloji gərginlik zamanı qadınların dərisi spirt, efirlər, alkanlar, azot birləşmələri və ketonlar da daxil olmaqla xüsusi uçucu üzvi birləşmələr buraxır.

Adalet.az xəbər verir ki, araşdırmanın nəticələri "Scientific Reports" (SciRep) jurnalında dərc olunub.

Araşdırmada 24-40 yaş arası siqaret çəkməyən 35 qadın iştirak edib. Alimlər sakit və stresli vəziyyətdə olan qadınların alın nahiyəsində dəri tərəfindən hansı VOC-lərin (uçucu üzvi birləşmələr) əmələ gəldiyini anlamaq üçün orqanosilikon polimerlərdən hazırlanmış xüsusi sensorlardan istifadə ediblər.

Qeyd olunur ki, VOC dərinin qoxu profilinə təsir edən birləşmələrdir. Onlar ekrin, yağ və apokrin bezlər tərəfindən istehsal olunur. Ekrin tər vəziləri bütün bədəndə, apokrin tər vəziləri isə dərinin tüklü nahiyələrində yerləşir.

Məlum olub ki, stress altında qadınların dərisinin səthində təxminən 198 VOC əmələ gəlir ki, bunlara spirtlər, alkanlar (doymuş karbohidrogenlər), efirlər (turşular sinfi), azot birləşmələri və ketonlar daxildir. Alimlər həmçinin müəyyən ediblər ki, psixoloji stress sebum istehsalını 37% artırır.

Alimlər təklif etdilər ki, gələcəkdə onların kəşfi VOC-lərin insan ünsiyyətinə təsirini öyrənmək üçün əsas ola bilər. Bu birləşmələr həmçinin müxtəlif xəstəliklər üçün potensial biomarkerlər ola bilər.