adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Fevral 2024 13:25
5092
MÜSAHİBƏ

Polkovnik: "Təxribatın olacağına şübhə yox idi, o qüvvələr  buna zəmin yaratmışdı..."

Xəbər verdiyimiz kimi ötən gün Ermənistan silahlı qüvvələri növbəti dəfə qarşıdurmaya səbəb olan addımlar atıb. Antiterror əməliyyatlarından sonra bu ilk insident olsa da, əslində riskli bir addım idi.

Dünəndən başlayan və gün bitən həmin qarşıdurma ilə bağlı ehtiyatda olan polkovnik,  hərbi ekspert Rövşən Məhərrəmov bu barədə suallarımızı cavablandıracaq.

-Cənab Polkovnik, Azərbaycanla müharibədə, lokal döyüşlərdə və antiterror əməliyyatında dəfələrlə məğlub olmuş Ermənistan ordumuza qarşı təxribat törətdi. Sizcə, bu Ermənistana sərf edən bir qarşıdurmadır?

- Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açması göstərir ki, bu dəfələrlə məğlub olmuş Ermənistanın öz “ağlı”, “cəsarəti” deyil.

.

Hətta təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanması da onu göstərir ki, Ermənistanı bu hücuma sürükləyənlər güclü qüvvələrdir. Sülh danışıqlarına təşəbbüs edilməsinə hazırlıq dövründə belə bir hücuma görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

- Axı, bu məğlub olmuş ölkə niyə yenidən hücuma keçməyə özündə cəsarət tapdı?

-Bilirsiniz ki, Azərbaycanın Ermənistan üzərində qələbəsini həzm edə bilməyən qüvvələr var. Bu qüvvələrə Avropada da, okeanın o üzündə də, Asiyada da , hətta qonşu Rusiyada aiddir. Bu qüvvələr antiterror əməliyyatları zamanı çox arzulayırdı ki, ermənilər - mülki şəxslər müharibə zamanı ölsün və onlarda bu fürsətdən istifadə edib Azərbaycanı qazandığı qələbəyə görə qınasınlar, onu “günahsız insanları qətl etdiyi üçün” mühakimə etsinlər.

Amma gözlədikləri baş verməddi. Ali Baş Komandanın nəzarəti altında başlayan antiterror əməliyyatı zamanı 1 nəfər də olsa mülki şəxs ölmədi. Bundan əli çıxan həmin ermənipərəst qüvvələr yeni yollar aramağa başladı.

 

- Azərbaycana qarşı İlk işləri nə oldu?

- Revanşist qüvvələrin gücləndirilməsi. 2023-cü ilin antiteror əməliyatından sonra Ermənistan Baş naziri Nikol Paşinyanın nüfuzunun sürətlə düşməsi Sərkisyan- Koçaryan qruplaşmasının üzvlərinin fəallaşması Qarabağı könüllü olaraq tərk etmiş erməniləri də, Ermənistandakı erməniləri Paşinyan hakimiyətinə qarşı fəallaşdırdı. Paşinyanın “Qarabağ Azərbaycan torpağıdır” təsdiqi çıxışından sonra erməni lobbiləri də yaşadıqları ölkələrdə buna etiraz etdilər, mitinqlər keçirdilər, yaşadıqları ölkələrin senatına prezident administrasiyasına qarşı böhtan xarakterli müraciətlər etdilər, Azərbaycanın cəzalandırılmasını tələb etdilər.

Fransa, ABŞ senatında və AŞPA –nın sessiyasında Azərbaycan əleyhinə qərarların çıxarılması əslində Ermənistan verilən “cəsarət”in nümunəsidir. Xüsusən, Fransa və Hindistanın (245 milyon dollar dəyərində silah anlaşması) Ermənistanı ən müasir silahlarla silahlandırması, hətta Fransa mülki təhlükəsizlik qüvvələrinin 56 hərbçisi, 2 “Dash” təyyarəsi, 1 mobil idarəetmə stansiyası, 2 ton avadanlıq və 2 xilasedici itlə İrəvana gəlib orada təlim keçirməsi, Fransa müdafiə naziri Sebastyan Lekornu ölkəsi Fransa ilə Ermənistan arasında müdafiə sahəsində əməkdaşlığın bir neçə istiqamətdə aparmasını açıqlaması qatil Qarabağ klanına bağlı erməniləri cəsarətləndirdi.

- Ermənilər məhz bu olaylardan sonra “partizan müharibəsi” üçün çağırışlar etməyə başladılar. Azərbaycanın qüdrətini guya öz ağılları ilə belə zəiflətməyi düşünürdülər.

- Qarabağdakı “antiterror tədbirləri”ndən sonra Ermənistan silahlı qüvvələri silahı yerə qoydu. Amma vərdişlərində əl çəkə bilməyən bəzi revanşist qüvvələr bölgədə yeni təxribatlara və hücum cəhdlərinə əl atacaqlarını açıq şəkildə bəyan edirdilər. Məsələn, məşhur erməni terror təşkilatı olan VOMA Qarabağda silahlı partizan mübarizəsinə başlayacaqlarını and içmişdi. Məlumdur ki, Azərbaycan silahlı qüvvələri tərəfindən darmadağın edilən erməni ordusu hələ də bir komandanlıq altına altına bilməyib.

Mən bu haqda dəfələrlə çıxış etmişəm. Deməli, orduda Qarabağ klanını dəstəkləyən qüvvələr var ki, onlar üçün komandanlığın deyil, Sərkisyan- Köçəriyanın əmri vacibdir.Bunu sıravi ermənilər də bilir, görür və revanşist qərarları dəstəkləməyə önəm verirlər. Dünənki hadisə də gözlənən idi.

- Maraqlıdır ki, ötən günkü təxribatda məhv edilən iki erməni hərbçisi “Yerkrapa” könüllülər birliyinin üzvü olub...

- Bəli, “Yerkrapa” könüllülər birliyi 1993-cü ildə yaradılan və Birinci Qarabağ müharibəsində iştirak edən erməni terrorçuları birləşdirən ittifaqdır. Görünən odur ki, Yerkrapa”kimi terrorçu bir qrupu Ermənistan hakimiyyəti hələ də zərərsizləşdirə bilməyib. - Ataların bir məsəli var, deyir gələcəkləri varsa, görəcəkləri də var. Azərbaycan haqlı olaraq təxribata cavab olaraq “qisas əməliyyatı” keçiridi. Nerkin-Hand yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.

- Rövşən müəllim, bayaq qələbəmizi həzm etməyənlər arasında Rusiyanında adını çəkdiniz... 

- Rusiyanın adını təsadüfən çəkmədim, Rusiya tərəfi Qarabağda olduğu son 4 ildə bütün əməlləri ilə təsdiq etdi ki, münaqişənin gərginləşməsinin tərəfdarıdırlar. İstəmirlər ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın, əmin-amanlıq olsun, qonşuluq münasibətləri yaransın. Ruslar bu istiqamətdə də öz işlərini aparırlar.Xatırlayırsınız yəqin ki, 10 noyabr bəyanatının 4-cü bəndinə əsasən ərazilərimizdəki qeyri-qanuni silahlı birləşmələri məhz Rusiyanın sülhməramlıları çıxartmalı idı Amma SM qüvvələrin boynuna götürdüyü işi də Azərbaycan ordusu yerinə yetirdi. İndi də Ermənistan sülh müqaviləsini uzadır. Sülh müqaviləsini bağlamağa delimitasiya və demarkasiya işlərinin komissiya tərəfindən aparmağa ehtiyac belə yoxdur.

İlk növbədə sülh bağlanmalıdır sonra komissiya işini davam etdirsin. Bu Qazaxın hazırda işğalda olan 7 kəndi, həmçinin Naxçıvanın Kərki kəndi işğal altındadır. Azərbaycanın tarixi torpaqları dedikdə ADR yarananda dünyanın gözü qarşısında Azərbaycanın ərazisi 100 min kvmetr olub və bu fakt Ali Baş Komandan İlham Əliyevin qırmızı xəttidir. Yəqin ki, artıq sonuncu təxribatın layiqli cavabından sonra ermənilər də, Ermənistan hakimiyyəti də anlayar ki, nə dər Azərbaycan Prezident İlham Əliyev var, onlar hər zaman məğlubiyyətə məhkumdurlar...

- Rövşən müəllim, ətraflı məlumata görə, təşəkkür edirik və Allahdan Azərbaycana sülh və əminamanlıq arzulayırıq!Oxucularımıza da bildiririk ki, Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin məhv edilən hərbçilərinin sayı 4-ə çatıb.

 Söhbətləşdi Əntiqə Rəşid