adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
30 Iyul 2022 13:15
1355
ƏDƏBİYYAT

Poeziya ləçəkləri:   Nadir Qədimlinin şeir dünyası 

Adalet.az tanınmış şair Nadir Qədimlinin poeziyasından bir neçə şeiri oxuculara təqdim edir:

 

 

SEVİRƏM SƏNİ

 

Bilsən ki, nə qədər sevirəm səni,

Sən mənim nəfəsim,mənim havamsan.

Sən mənim damarda axan al qanım,

Sən mənim canımsan,mənim ruhumsan.

 

Əzabın çəkərəm nə qədər desən,

Yolunda can versəm "of"da demərəm.

Hayanda olsam da ürəyimdəsən,

Sənsiz danışmaram,sənsiz gülmərəm.

 

İstərəm o qədər xoşbəxt olasan,

Əsməsin üstündən bir rüzgar belə.

Bezib dərd əlindən dolub ağlasan,

Silərəm yaşını öz qanım ilə.

 

Bilsən ki,nə qədər sevirəm səni?

Sən mənim günəşli,aydın sabahım.

Bəlkə,bağışlayar yaradan məni,

Sən mənim ümidim,yerdə Allahım!

 

Dünyanın gözəllik aləmin yığsaq,

Mənim gözlərimin gözəli sənsən.

Kimin,kimlərini danışıb saysaq,

Şükür ki,həyatda sən də mənimsən.

 

Sən mənim bəxtimin isti ocağı,

Üşüyən könlümün yanar odusan.

Sən mənim arzumun son umacağı,

Təşnə dodağımın məlhəm suyusan.

 

Gəl basım bağrıma səni doyunca,

Bu dünya onsuz da, ölüm-itimdi.

Mənə doğma olan qucağın-qoynun,

Mənim son məkanım,behişt yerimdi.

 

Əyilməz qəddimi əyərəm sənə,

Gözümü istəsən, gözümü verim.

Təzədən doğumdu,yaşamdı mənə,

Lap qurban istəsən, özümü verim.

Nədir ki,yolunda tək bircə bu can!

Mən səni sevirəm, səni Azərbaycan!

Azərbaycan!!!

 

 

ORDUM

 

Dözəmmədi daha bunca,

Tanrı qədər haqqı uca,

Haqqı deyib, haqq dalınca

Haray çəkib, gedən ordum!

Hanı nizam, hanı ölçü?

Geri dönür elin köçü,

Aciz qalıb sözün gücü,

Zəfərlərə yetən ordum!

Kim deyir ki, bu qan ötüb?

İllər keçib, qisas bitib,

Göylərimdən zühur edib-

Şuşamızda bitən ordum!

Bir dinləyin Azan səsin,

Hər oğula "qurban" kəsin,

Azərbaycan xəritəsin-

Öz qanıyla çəkən ordum!

Zəfər budu! Qisas budu!

Qucaqladıq ana yurdu,

Vətən boyda, vətən qurdu!

Vətən boyda, vətən ordum!

 

 

OLMAYA

Başını götürüb çıxıb gedəsən,

Heç yanda, heç yerdə izin olmaya.

Nə əzən görəsən, nə də əzilən,

Kimsəni görməyə, gözün olmaya.

Qəflətən yox olub heçə dönəsən,

İşıq tək qaralıb, qəfil sönəsən,

Sən özün eşidib, özün dinəsən,

Kimsəyə bir kəlmə, sözün olmaya.

Bir ömür sürəsən elə hər nədi,

Ümmanlar gəzəsən bu yer, göy nədi,

Daha demiyəsən sinəm göynədi,

İçini yandıran,közün olmaya.

Sən özün qəlbində bir ev tikəsən,

Nə əzab verəsən, nə dərd çəkəsən,

Nə səni sevələr, nə sən sevəsən,

Xəcalət çəkəsi üzün olmaya.

Ay Nadir, külünü küləklər yığa,

Nə daşa dönəsən,nə də torpağa,

Minnnətin qalmaya beş arşın ağa,

Ölçülüb, biçilən bezin olmaya.