17 Noyabr 2022 12:50
621
MEDİA

ÖZÜNƏ GÜVƏNƏN "525-Cİ" LƏR - Asif RÜSTƏMLİ yazır

Bu gün sevimli, ölkəmizin hüdudlarından kənarda  da populyarlıq qazanmış "525-ci qəzet"in ilk sayının oxuculara ünvanlanmasından 30 il keçir. Bu müddətdə intellektual auditoriyasını daha da genişləndirən qəzet ona sadiq qalan oxucularına davamlı, etibarlı, sözübütöv, həqiqətsevər olduğunu əməli müstəvidə də təsdiqlədi. 

Beş il öncə professor Cahangir Məmmədlinin təklifi ilə "525-ci qəzet"in 25 yaşına həsr etdiyim bir yazımı nöqtə-vergülünə də toxunmadan "Feysbuk"daşlarıma ünvanlayır, dostum Rəşad Məcidi və onun komandasını "525"-in 30 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
***
Gözlənilməz ictimai-siyasi qasırğalara, sosial-mənəvi fırtınalara baxmayaraq, milli mətbuatımızın düşüncə okeanında sözün, məfkurənin üçrəngli bayrağını istiqlal ulduzunun şəfəqləri altında dalğalandıran "525-ci"lər öncədən seçdiyi milli kordinatlar istiqamətində 25 ildir ki, yolunu dünəndən sabaha, gələcəyə doğru təmkinlə, ləyaqətlə, əzmkarlıqla davam etdirir. Mühitin, zamanın ağır, sərt sınaqlarından həmişə üzüağ, qaliblərə məxsus təbəssümlə çıxan "525-ci"lər zəhmətin və istedadın bəxş etdiyi fəzilətlərə, fəaliyyət istiqamətinin doğruluğuna, iradənin, inamın gücünə, sözün ilahi qüdrətinə güvənərək sərhədlərə sığmayan geniş oxucu auditoriyası qazana bildilər...

Əlbəttə, jurnalistika sahəsində, qəzetçilik işində uğur, nailiyyət, parlaq nəticələr batmanla qazanılmır, onu gərək misqal-misqal əldə edəsən, etimada gərək söz-söz, cümlə-cümlə yiyələnəsən. Ziyalılar mühitində tanınmaq, oxucu nəzərində yüksəlmək əzablarla, məhrumiyyətlərlə dolu yaradıcılıq yolundan keçir...

25-26 il öncə sovet rejiminin uçqunları altından xilas olmağın ilk əlaməti ürəyindən keçənləri söyləmək, yazmaq cəsarəti idi. Bütün qıtlıqlara rəğmən cəmiyyət çörəkdən çox, açıq sözün, doğru sözün, səmimi sözün aclığını çəkirdi. Yeni-yeni yaranmaqda olan milli ruhlu qəzetlərin bəziləri şər imperiyasının, sovet ideologiyasının təsirindən xilas olmağın psixoloji çətinliklərini yaşayırdı. Belə bir tutqun, bürkülü ictimai-siyasi mühitdə, 1992-ci il 17 noyabrda, dövlət müstəqilliyini yeni bərpa etmiş Azərbaycan xalqı üçün əlamətdar olan Milli dirçəliş günündə özünə, sözünə güvənənlərin "525-ci qəzet"i ilk sayını imperiya ilə qanlı mücadilədən qalib çıxaraq azadlığını, müstəqilliyini bəyan edən ziyalılara, gənclərə, geniş oxucu auditoriyasına ünvanladı.

O vaxtlar demək olar ki, oxucular mətbuat sarıdan korluq çəkmirdi. Xüsusi araşdırma aparmadan xatırlayıram ki, 1990-cı illərin əvvəllərində "Açıq söz", "Həqiqət", "Dədəm Qorqud", "Doğru yol", "Dialoq", "İstiqlal", "İntibah", "And", "Vətən səsi", "Mübarizə", "Sərbəst düşüncə", "Azərbaycan dünyası", "Odlar yurdu", "Panorama", "Novruz", "Körpü", "Axtarış" və digər çoxsaylı mətbuat orqanları gündəmi zəbt etdiyi, mövzu və poliqrafik baxımdan cazibədar görünməyə cəhd göstərdiyi dönəmlərdə (Bu gün o qəzetlərdən heç biri fəaliyyətini, təəssüf ki, davam etdirmir - A.R.) "525-ci qəzet" çox böyük səmimiyyətlə, eyni zamanda, o dövrün gəncliyinə məxsus təvazökarlıqla, düşüncəsində istiqlal ab-havası, məsləkində, qayəsində yurdsevərlik, azərbaycançılıq inamı və inadı ilə ilk növbədə ziyalılara, geniş oxucu auditoriyasına üz tutdu. Ənənəvi, dəbdəbəli adlardan imtina edən, bəlkə də, sərlövhəsi ilə düşdüyü mühitdəki sıxlığı vurğulayan, ciddi rəqabətə tab gətirəcəyinə əminliyini öncədən duyan, bildirən qəzetin təsisçisi və baş redaktoru 28 yaşlı gənc jurnalist Rəşad Məcid idi. O, "525"ə qədər nəzəri və təcrübəvi fəaliyyətə əsaslanan dolğun, məzmunlu həyat yolu keçmişdir. Əsası Cümhuriyyət dövründə qoyulan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən Rəşad Məcid "Elm və həyat" jurnalında korrektor, müxbir, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini, "Ədalət" və "Azərbaycan" qəzetlərində baş redaktorun birinci müavini vəzifələrində çalışaraq zəngin təcrübə qazanmışdır. Qəzetin ilk sayında üzünü gənc jurnalistlərə tutaraq özünə, istedadına güvənənləri əməkdaşlığa dəvət edən baş redaktor yeni düşüncə tərzinə, fərqli baxışlara meydan açmaq, mətbuatı nüfuzdan salan şablonçuluğun, trafaretçiliyin qarşısını almaq, boyat, ölü informasiyalardan uzaqda dayanmaq niyyəti güdürdü. Yusif Rza, Seyfəddin Hüseynli və b. istedadlı gənclərin universitet auditoriyasından birbaşa qəzet redaksiyasına gəlməsi və burada ön mövqedə fəaliyyət göstərmələri deyilənləri təsdiqləyir.

"525-ci qəzet" ilk gündən oxucunun qəlbindəki "sarı sim"ə toxunmağı, kükrəyən cəmiyyətin aynası olmağı bacardı. "Düzü-düz, əyrini-əyri" (M.Ə. Sabir) yazmağın hünər deyil, jurnalistin, qələm əhlinin peşə borcu, vəzifəsi olduğunu isbatladı. Milli mətbuat tariximizin bütün dövrlərində qələm əhli üçün sıxıntı yaradan ideoloji "ütüləmə", "rəndələmə", "qayçılama", "baltalama" metodlarından bilmərrə imtina etdi. Qəzetdə elmi-publisistik, ictimai-siyasi, ədəbi-bədii mətnlərin, mədəniyyətə, incəsənətə, idmana, sosial problemlərə dair informasiyaların yüksək peşəkarlıqla redaktəsi və təqdimi onun nüfuzunu cəmiyyətdə günbəgün artırdı. Görkəmli ziyalılarımız yalnız yazıları ilə deyil, həm də oxucuları, təəssübkeşləri ilə "525"ə gəldi. Qəzetin səhifələrində xalq yazıçısı Anar, xalq yazıçısı, Baş nazirin müavini Elçin, professor Vilayət Quliyev, akademiklərdən İsa Həbibbəyli, Kamal Abdulla, Nizami Cəfərov, Teymur Kərimli, Rəfael Hüseynov, Səlahəddin Xəlil, Misir Mərdanov, professorlardan Şirməmməd Hüseynov, Cahangir Məmmədli, Buludxan Xəlilov, Himalay Ənvəroğlu, Elman Quliyev, Bədirxan Əhmədov, Rüstəm Kamal, görkəmli şair və yazıçılardan Fikrət Qoca, Çingiz Abdullayev, Ramiz Rövşən, Afaq Məsud, İlqar Fəhmi və b. əsərlərinin yer alması, mütəmadi çap olunması "525"i sürətlə cəmiyyətdə populyarlaşdırdı. Yazarlar da, oxucular da onun simasında özlərinə bir köynək yaxın, doğma qəzetlərini gördü... Burada rüşvət qoxusu verən dəbdəbəli, bəlağətli, qeyri-obyektiv yazılara, reket jurnalistikasını stimullaşdıran şantaj xarakterli, təhqiramiz materiallara, sosial-məişət qalmaqallarından bəhs edən informasiyalara, "şou-biznes" xarakterli cızma-qaralara rast gəlmək mümkünsüzdür.

"525-ci qəzet" Cümhuriyyət dövrünün, mövzularının ən fəal təbliğatçısı olmaqla yanaşı, varislik missiyasını da könüllülük əsasında üzərinə götürərək "İstiqlal", "Bəsirət" qəzetinin milli-mətbu ənənələrini ləyaqətlə davam etdirir. Bu mətbuat orqanında Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ilk dəfə nəşr olunan materialları toplasaq, tərtib etsək, çoxcildli, sanballı kitablar meydana gələ bilər.

Mətbuat tariximizin yorulmaz tədqiqatçısı, Cümhuriyyət dövrünün fədakar araşdırıcısı, filologiya elmləri doktoru, professor Şirməmməd Hüseynovun son 25 ildə elmi-publisistik fəaliyyəti, tədqiqat əsərləri, Cümhuriyyət qurucularının irsi, tarixi şəxsiyyətləri ilə birbaşa bağlı olan naməlum arxiv mate-rialları ilk dəfə "525"də işıq üzü görmüşdür. Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 1903-1920-ci illər hüdudlarında mətbuat orqanlarına səpələnmiş (həcmi 160 ç.v.-dən çox, 2576 səh. - A.R.) əsərlərini o, 22 il müddətində (1992-2014-cü illər) toplayıb, tərtib və ərəb qrafikasından transfone-literasiya edərək, öncə tanış olmaq üçün "525"in oxucularına fürsət qazandırmışdır.

Professor Şirməmməd Hüseynov möhtəşəmliyi, mükəmməlliyi və əhəmiyyəti ilə heyrət doğuran, ümumi həcmi 95 ç.v.-dən çox olan "Azərbaycan" qəzetində Parlament hesabatları və şərhləri" adlı 1918-ci ilin noyabr ayından 1920-ci ilin aprelinədək fəaliyyət müddətində Azərbaycan Cümhuriyyətinin ideoloji istiqamətinin, quruculuq yolunun, dövlətçilik sisteminin, iş prinsiplərinin parlament müstəvisində müzakirəsi, qərarların qəbulu, daxili və xarici siyasət, ictimai-mədəni mühit haqqında dolğun təsəvvür yaradan üçcildlik materialların ilk olaraq "525-ci qəzet"də işıq üzü görməsi məsələsi də təqdirəlayiq hadisədir.

Professor Vilayət Quliyevin Cümhuriyyət dövrünün əlamətdar hadisələri, tarixi şəxsiyyətləri, ədəbiyyat və mətbuat tariximizin naməlum, az öyrənilmiş görkəmli nümayəndələri, Azərbaycan - Polşa, Azərbaycan - Macarıstan ədəbi-mədəni əlaqələri, tərcümə problemləri barədə zəngin və unikal arxiv materiallarına söykənən elmi-publisistik araşdırmalarının nəşri, şübhəsiz ki, birinci növbədə onun üçün də əziz olan  "525-ci qəzet"in səhifələrində gerçəkləşdirilmişdir. Etiraf edilməlidir ki, professorun bu mətbuat orqanında bəzən bir ayda iki-üç məqaləsi çap olunur. V.Quliyevin 2017-ci ilin 9 ayı ərzində yalnız "525"də "Macar türkologiyasının ikinci adamı", "Əli bəy Hüseynzadənin 1916-cı ilin yanvarında Berlində Türk Xalqları Konqresindəki nitqi", "Bəkir Çobanzadə macar mətbuatında", "Əhməd Ağaoğlunun bir məktubu haqqında", "Ünsizadə qardaşları ilə bağlı bir neçə ipucu", "Əhməd Ağaoğlu - Əlimərdan bəy Topçubaşov: problemli dostluq", "Başlarkən, yaxud ikinci Mətbuat Günü?", "Əli bəyə məktublar", "Əlimərdan bəy Topçubaşovun Fətəli xan Xoyskiyə məktubları", "Bakı uğrunda savaş - General Denstervillin gündəliklərindən", eləcə də, "Azərbaycan Cümhuriyyəti - 100" silsiləsindən "Dövlətin əzablı doğuluşu" adlı yeni faktlarla zəngin, təhlil və dəyərləndirmə baxımından dolğun, sanballı elmi-publisistik məqalələri çap edilmişdir.

 Cümhuriyyət tariximizə dair materiallara qəzetdə geniş yer ayrılması milli dövlətçiliyimizə, vətənpərvərlik hissinin gənclər arasında aşılanmasına misilsiz xidmət, vətəndaş-ziyalı mövqeyinin ali nümunəsidir.

Xalq yazıçılarından Anarın, Elçinin bədii nəsri, ədəbi-tənqidi məqalələri, akademiklərdən Kamal Abdullanın, Nizami Cəfərovun polemik yazıları, istedadlı gənclərin bədii-publisistik əsərləri, yeni və maraqlı layihələri, informasiya operativliyi, dəqiqliyi, etibarlılığı "525-ci qəzet"in aktuallığını, populyarlığını, əhəmiyyətini, öncül mövqeyini şərtləndirən başlıca amillərdir.

Aparılan müşahidələr vurğulamağa əsas verir ki, qəzet elitar auditoriyanın ehtiyac duyduğu mövzuları qabartmaqla, vaxtında, mütəmadi çap etməklə, müəlliflərinə yaxşı mənada dinclik vermir, onların təfəkkürünün genişlənməsinə, ifadə tərzinin formalaşmasına müsbət təsir göstərməklə yanaşı, sadiq oxucularının da sıralarını möhkəmləndirmiş və genişlən-dirmişdir.

Şübhəsiz ki, "525-ci qəzet"i 25 illik fəaliyyəti dövründə fərqləndirən dəyərli xüsusiyyətlərdən biri də, gənc istedadlara güvənməsi və onlara etimad göstərməsidir. Qəzetin hər sayında gənc yazarların, şairlərin, jurnalistlərin bənzərsiz, bahar nəfəsli qələm təcrübələrinə rast gəlirik. Bu gün tanınan, sevilən bir çox məşhur qələm əhli ilk yazısını "525"də çap etdirmiş, bu mətbuat orqanından ədəbiyyat aləminə qədəm qoymuş,  pərvazlanmışdır.
"525-ci qəzet"in kəşf etdiyi və yetişdirdiyi istedadlı gənclərdən biri də Pərvin Nurəliyevadır. Pərvinin "525"in hər şənbə sayında vaxtilə yayınlanan esselərdən ibarət "Yüz gözəl sevgi şeiri" layihəsi mətbuatımızda yeni yaradıcılıq addımı idi. Gənc yazıçının demək olar ki, bədii-publisistik yaradıcılığının əsas hissəsi "525"də işıq üzü görmüşdür.

Daima püxtələşən, peşəkarlıq səviyyəsini artıran, təcrübə qazanan, eyni zamanda, yenilənən, özlərinə güvənən "525-ci"lər istedadlı gənclərdən ibarət yaradıcı, mobil kollektivdir. Baş redaktor Rəşad Məcidin rəhbərliyi ilə bu qəzet 25 ildir ki, hər gün sadiq, zövqlü, dünyagörüşlü oxucuları ilə təmasdadır. İnsanların maariflənməsi, milli şüurun inkişafı, dilimizin qorunması yolunda əzmkarlıqla fəaliyyət göstərən bu mətbuat orqanı özünəməxsus yaradıcılıq metodları ilə yeni jurnalistika məktəbinin modern nümunəsidir. Son 15 ildə mənim də yazılarımın sıx-sıx yer aldığı "525-ci qəzet"in bütün kollektivini yubiley münasibətilə təbrik edir, onlara yaradıcılıq uğurları arzulayıram.

Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor