11 Aprel 2023 12:05
241
GÜNDƏM

Orucluq vaxtı insan orqanizmində nə baş verir? - Professor açıqladı

“Ümumiyyətlə, orucluq mahiyyəti ilə xüsusi bir ritualdır. Bu, insanın öz iç instiklərinə nəzarət mexanizmidir. Yəni oruc tutan şəxs ruhsal bir duruma düşür və bu psixoloji durum onun öz nəfsinə tam nəzarəti həyata keçirir. İnsan qidadan, şəhvət hissindən, başqaları haqda pis söz danışmaqdan, neqativ informasiyalardan çəkilir, sanki təmizlənir”

Bunu Adalet.az-a açıqlamasında professor Adil Qeybulla deyib. A.Qeybulla oruc tutmağın insan orqanizminə olan müsbət faydalarından da danışıb:

“Bu mənəvi paklanma həm də orqanizmin şlaklardan təmizlənməsiylə paralel baş verir. Orucluq təkcə qidaya bağlı məsələ deyil. Amma bunun qida tərəfinə gəldikdə ilk növbədə qeyd etməliyik ki, orucluq xüsusi bir qaydada həyata keçirilir. Yəni insan bu dövr öz qidalanmasına mümkün qədər nəzarət etməlidir. Qidaya sanki bir dost olmayan nəsnə kimi baxmalıdır, yəni ondan uzaq dayanmalıdır. Məsələn, orucluq vaxtı imsak və iftar dövrlərində insanın davranışları fərqli olmalıdır. Məsələ bundandır ki, sadəcə olaraq iftar açandan sonra səhərə qədər yeməyin özü də orucluq deyil. Çalışmaq lazımdır ki, həmin dövrdə mümkün qədər az qidalanmaya üstünlük verək. Hissə-hissə, yəni ifatı xurmayla, suyla açdıqdan sonra, bir müddət gözləyib az miqdarda duru yeməklər qəbul etmək lazımdır. Ondan sonra yenə də hansısa qidanı qəbul etmək olar.   


İftar saatı axşama düşür və axşam da qida qəbulu ümumiyyətlə, bizim millətin ən zərərli vərdişlərindən biridir. Bizim qonaqlıqlarımız, toylarımız hamısı axşama təsadüf edir. Axşam saatlarında həddən ziyadə qida qəbulu, ondan sonra hərəkətsizlik ürək-damar xəstəliklərinə gətirib çıxarır. O baxımdan nəzər almaq lazımdır ki, orucluq vaxtı da axşam qidasının xeyli səngidilməsi işin xeyrinədir. Onun ümumi həcminin azaldılması çox vacibdir. İnsan əgər qaydayla, düzgün oruc tutarsa, həqiqətən də ondan fayda görə bilər. Amma mənim müşahidələrim göstərir ki, insanlar bununla bağlı düzgün təsəvvürlərə malik deyillər. Təbii ki, bu hamıya aid deyil. Hesab edirəm ki, bu dövrdən düzgün yararlanmaq lazımdır. Nəinki Ramazan ayında, insan il boyu müəyyən qədər orucluğa riayət edə bilər. İki həftədən bir 2-3 gün oruc tuta bilər. Yəni bununla da insan öz orqanizmini mümkün qədər bu şlaklardan təmizləyə bilər. Qara ciyəri, öd yollarını, bağırsaqları, mədəni fizioloji yükdən bir az azad edər. Bunun özü də orqanizmə xeyli kömək etmiş olur. Müharibədən sonra insanların çox yaşaması, yəni uzunömürlülük həm də bir tərəfdən həmin dövrdə qidanın az olmasıyla bağlıdır”. 

Vasif Əlihüseyn