adalet.az header logo
  • Bakı -°C
23 Fevral 2026 12:59
128
SİYASƏT
A- A+

"Onlayn mərc oyunlarının təşviq olunması ciddi təhlükə yaradır" - Deputat

"Sosial media artıq yalnız ünsiyyət vasitəsi deyil, ictimai rəyin formalaşdırılması, ideoloji təsir və sosial davranış modellərinin istiqamətləndirilməsi mexanizminə çevrilib. Bu baxımdan sosial medianın təsirlərinin elmi əsaslarla qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır".

Adalet.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, sosial medianın müsbət tərəfləri danılmazdır:

"İnformasiyaya çıxış imkanlarının genişlənməsi, vətəndaş fəallığının artması, maariflənmə prosesinin sürətlənməsi və gənclərlə birbaşa kommunikasiya imkanları müasir dövrün reallığıdır. Hesab edirəm ki, sosial mediada olmaq gənclərə daha yaxın olmaq, onların istəklərini, düşüncələrini və problemlərini yaxından bilmək üçün mühüm fürsətdir. Gənclərin olduğu məkanda olmaq onları düzgün istiqamətləndirmək baxımından vacibdir. Lakin sosial medianın mənfi tərəfləri kifayət qədər ciddidir. Xüsusilə bəzi platformalarda saatlarla canlı yayımlar açaraq heç bir maarifləndirici və ya ictimai dəyəri olmayan fəaliyyətlərin nümayiş etdirilməsi, bunun müqabilində maddi qazanc əldə edilməsi gənclərdə zəhmətsiz qazanc psixologiyası formalaşdırır. Bu isə uzunmüddətli perspektivdə tənbəllik meyllərini gücləndirə və əmək dəyərlərini zəiflədə bilər".

Deputat qeyd edib ki, sosial şəbəkələrdə onlayn mərc və qumar oyunlarının geniş şəkildə təşviq olunması ciddi təhlükə yaradır: "Bu cür fəaliyyətlər gənclərdə asılılıq formalaşdırır, sosial və maddi problemlərə yol açır. Bundan əlavə, zərərli vərdişləri, qeyri-sağlam həyat tərzini və etik normalara zidd davranışları təbliğ edən istifadəçilərin artması narahatedicidir. Sosial mediada məşhur olan şəxslər məsuliyyətli davranmalı, cəmiyyətə müsbət nümunə təqdim etməlidirlər. Milli-mənəvi dəyərlərin qorunması rəqəmsal mühitdə xüsusi həssaslıq tələb edir".