adalet.az header logo
  • Bakı 11°C
23 Noyabr 2022 11:51
3611
MƏMLƏKƏT

Onlar Vətəni göz bəbəyi kimi qoruyur - Faiq QİSMƏTOĞLU yazır

Əlahiddə Çevik Polis Alayının əməkdaşları öz peşəkarlıqları ilə seçilirlər

 

Bu gün Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai-asiyişin bərpasında və cinayətkarlığa qarşı mübarizədə Daxili İşlər Nazirliyinin bütün strukturlarının böyük rolu var. Bu mənada həmin qurumun Əlahiddə Çevik Polis Alayının xidmətini də xüsusilə qeyd etmək lazımdır. Ən azından ona görə ki, paytaxtımızda ictimai-asiyişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə bu strukturun əvəzsiz rolu vardır. Çünki ölkəmizin ən ağır və çətin vəziyyətində həmişə Əlahiddə Çevik Polis Alayı dövlətin, Prezidentin və xalqın yanında olub.

Məmləkətimizdə ictimai-asayişi pozmaq istəyən və bulanıq suda balıq axtaranlar bir anın içərisində zərərsizləşdiriliblər. Həmişə beynəlxalq vəziyyət mürəkkəbləşəndə, eləcə də cəbhə bölgəsində durum gərginləşəndə, müəyyən qüvvələr Bakıda ictimai-asayişi pozmağa və əhali arasında çaxnaşma yaratmağa can atıblar. Amma bunların qarşısı bayaq dediyim kimi, DİN-in Əlahiddə Çevik Polis Alayı tərəfindən əvvəlcədən alınıb və şəhərimizdə sabitlik, əmin-amanlıq yaranıb.

Mən həmişə Bakının küçə və prospektlərində xidmət göstərən bu qurumun əməkdaşlarına böyük hörmətlə yanaşmışam. Düzdü, DİN-in bütün strukturları öz vəzifə borclarını peşəkarlıqla yerinə yetirir. Bunların arasında peşəkarlığı, çevikliyi, dövlətə, Prezidentə və xalqa sədaqəti ilə Əlahiddə Çevik Polis Alayının əməkdaşları fərqlənirlər. Onların dəfələrlə şəhərin müxtəlif yerlərində çətin vəziyyətdə olan vətəndaşlara necə kömək etdiyinin şahidi olmuşam. Şahidi olmuşam ki, ayağı burxulan və yerə yıxılan və eyni zamanda səhhətində problem yaranıb gözü kömək axtaran adamları o dəqiqə bu qurumun əməkdaşları hiss edib və onlara ilkin köməkliyi göstəriblər. Hətta bir neçə vətəndaşa ilkin köməklik göstərəndən sonra aparıb yaşadıqları ünvana qoyublar.

Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının hamısı fiziki cəhətdən çox sağlam, hündürboy, çevik və cəlddirlər. Şübhəsiz ki, onlar mütəmadi olaraq təlimlərdə iştirak edir, idmanın müxtəlif növləri ilə məşğul olur və lazım gələndə peşə vəzifələrini yerinə yetirərkən bu əlamətlər onlara çox kömək göstərir. Yəni polis var ki, cinayətkarla mübarizədə fiziki cəhətdən güclü olmadığına görə, bəzən uduzur. Amma Əlahiddə Çevik Polis Alayında tamamilə başqa bir mənzərədir. Bu əməkdaşların hamısı istənilən ekstremal şəraitdə qanunu pozub, hansısa vətəndaşa qarşı güc tətbiq edən, yaxud da ictimai-asayişi pozmağa cəhd göstərən kriminal elementi elə həmin an zərərsizləşdirə bilir.

Sözümüzün canı ondan ibarətdir ki, məlum qurumun əməkdaşları ictimai-asayişi pozanlara və cinayətkarlığa qarşı mübarizə aparmaqla yanaşı, Bakı şəhərində səhər və axşam saatlarında, daha doğrusu, «çaspik» vaxtlarında hərəkətin təhlükəsizliyini təmin edilməsində də yaxından köməklik göstərir. Əlahiddə Çevik Polis Alayının 9-cu Patrul Bölüyü də Nəsimi rayonu ərazisində davamlı olaraq ictimai-asayişin qorunmasını və cinayətkarlığa qarşı yüksək səviyyədə mübarizə aparmasını təmin etməklə yanaşı, şəhərin bir neçə prospektində və eləcə də Tbilisi prospektində piyadaların təhlükəsizliyini təmin edirlər. Mən dəfələrlə onun şahidi olmuşam ki, Tbilisi prospektində Əlahiddə Çevik Polis Alayının 9-cu Patrul Bölüyünün əməkdaşları piyadalara yolun keçməsində yaxından kömək göstərirlər. Onlar təyin olunmuş yerdən piyadaları bir-bir deyil, dəstə ilə toplayıb həmin yerdən keçməyi yardım edirlər. Çünki sözün açığı bəzi piyadalar elə necə gəldi yolu keçmək istəyir və eyni zamanda sürücülərin çətinlik çəkməsini nəzərə almırlar. Təbii ki, hər sürücü də piyadalara yol vermək istəmir. Piyada və sürücü bir-birini anlayanda istər-istəməz hər iki tərəf təhlükəsizliklərini təmin edir. Bax, bu mənada 9-cu Patrul Bölüyünün əməkdaşları bu istiqamətdə həm sürücüləri, həm piyadaları öz nəcib hərəkətləri ilə maarifləndirirlər.

Bölüyün komandiri 20 yanvar və 3-cü mkr dairələrində və Dəmiryolu vağzalı ətrafında mütəmadi olaraq ictimai-asayişi qorumaq üçün əlavə naryadlar təşkil edir. Təbii ki, digər yerlərə nisbətən adını çəkdiyimiz ünvanlarda daha çox xidmətə ehtiyac duyulur. Ona görə də həmin ünvanlara bir qayda olaraq əlavə naryadlar da göndərilir. Çünki heç kimə sirr deyil ki, Bakının iki giriş yerində – 20 yanvar ətrafında və eləcə də Avtovağzalda kriminal elementlər daha çox mövcud olur. Onlar da görəndə ki, polis hər şeyə diqqət yetirir, ictimai-asayişi nəzarətdə saxlayır və istər-istəməz bu cür insanlar cinayət əməllərindən çəkinməyə məcbur olurlar.

Əlbəttə, Bakının istənilən nöqtəsinə, istənilən yerinə getsək və 24 saat gəzsək, görərik ki, dünyanın heç bir yerində olmayan sakitlik və əmin-amanlıq bizim paytaxtımızdadır. Bu əmin-amanlığı yaradan isə Azərbaycan polisi və o cümlədən, Əlahiddə Çevik Polis Alayıdır. Aydındır ki, hər gün ölkəmizə, həm də xarici dövlətlərdən turistlər və qonaqlar gəlir. Onlar səhər və axşam saatlarında şəhərimizə çıxarkən özlərini çox rahat hiss edirlər. Hətta mən Türkiyədən gəlmiş bir neçə tanışımla söhbət edərkən onlar Bakı şəhərindəki əmin-amanlığa və rahatlığa məəttəl qalmışdılar. Bir sözlə, türk qardaşlarımız deyirdi ki, gecə saat 2-də şəhərə çıxdıq. Bir adam bizə dəyib dolaşmadı və həmin saatlarda gözümüzə dəmir yol vağzalında, dənizkənarı bulvarda polislər göründü. Biz də fürsətdən istifadə edib onlara öz minnətdarlığımızı bildirdik.

Əlahiddə Çevik Polis Alayının 9-cu Patrul Bölüyünün komandiri, polis polkovnik leytenantı Firdovsi Rzayev deyir ki, biz 24 saat xidmət etdiyimiz Nəsimi rayon ərazisində ictimai-asayişin qorunmasını yüksək səviyyədə təmin edirik. Hər hansı narahılıq və şikayət olan kimi o dəqiqə onun qarşısı əməkdaşlarımız tərəfindən operativ olaraq alınır. Bizim vəzifə borcumuz xidmət apardığımız yerlərdə ictimai-asayişi qorumaq və cinayətkarlığa qarşı mübarizə aparmaqdı. Bu vəzifəni də həmişə məsuliyyətlə yerinə yetirməyə çalışmışıq. Bir neçə vətəndaş şikayət eləmişdi ki, 3-cü mkr dairəsində, yəni körpünün altında tıxac olduğuna görə evimizə gedə bilmirik. Biz həmin məsələni qısa zaman kəsiyində həll elədik və ora hər gün əlavə naryadlar göndərdik. Bir sözlə, 20 yanvar, 3-cü mkr dairələrində və eləcə də Dəmiryolu vağzalı ətrafında ehtiyac olanda əlavə naryadlar göndəririk. Bu da təbii ki, xidmətin yüksək səviyyədə həyata keçməsinə kömək göstərir, hər hansı kriminal hadisənin vaxtından əvvəl qarşısının alınmasına böyük yardım edir.

Əlbəttə, yazımızın əvvəlində qeyd etdiyimiz kimi, Azərbaycan polisi həmişə prezidentə, dövlətə və bu xalqa sədaqəti ilə seçilib və eyni zamanda Əlahiddə Çevik Polis Alayı da paytaxtımızda ictimai-asayişin qorunmasını və təmin edilməsini bütün dövrlərdə yüksək səviyyədə həyata keçirib. Heç kəs deyə bilməz ki, hər hansı hadisə olanda, hər hansı çətinliklə üzləşəndə Əlahiddə Çevik Polis Alayına müraciət etdik, onlar mənə laqeyd yanaşdılar.

Biz həm də ayrı-ayrı adamlar arasında sorğu da aparmışıq. Sorğuda rəyi soruşanların hamısı bu qurumun əməkdaşları barəsində yüksək fikir səsləndirdilər. Ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsində, Birinci və İkinci Qarabağ savaşında Azərbaycan polisinin rolu əvəzsiz olub. Və o cümlədən, Əlahiddə Çevik Polis Alayının əməkdaşları da bu xalqa, bu millətə və bu dövlətə namusla, qeyrətlə xidmət ediblər. Başqa sözlə demiş olsaq, onlar bu vətəni, bu dövləti göz bəbəyi kimi qoruyublar və qoruyurlar!