Ombudsman ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ilə görüşüb
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Din Azadlığı Komissiyasının sədr müavinləri Geyl Mançin, Nadin Menza, beynəlxalq hüquq üzrə mütəxəssis Kirsten Leyvri, siyasi analitik Kili Bakkeni qəbul edib.
Ombudsman Aparatından verilən məlumata görə, görüşdə ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Maykl Dikerson və siyasi işlər üzrə müşaviri Vilyam Solley iştirak ediblər.
Qonaqları salamlayan Müvəkkil Səbinə Əliyeva Ombudsman institutunun fəaliyyətinin əsas istiqamətləri və prioritetləri barədə ətraflı məlumat verib. O, diqqətə çatdırıb ki, rəhbərlik etdiyi təsisat ölkə Konstitusiyasına, milli qanunvericiliyə və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq insan və vətəndaş hüquqları və azadlıqlarının müdafiəsi, təbliği və bərpası istiqamətində ardıcıl, məqsədyönlü və çoxşaxəli fəaliyyət göstərir.
Ombudsman təsisatının insan hüquqlarının müdafiəsində mühüm rola malik olduğunu deyən Müvəkkil rəhbərlik etdiyi qurumun əlçatan olduğunu, vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin, əcnəbilərin müraciətlərinin hərtərəfli, obyektiv araşdırıldığını və qanunun tələbləri əsasında müvafiq addımların atıldığını, bütövlükdə əhalinin bütün qruplarının hüquqlarının müdafiəsinin daim diqqət mərkəzində olduğunu qonaqların diqqətinə çatdırıb.
Müvəkkil tolerantlıq nümunəsi olan Azərbaycanda dini etiqad azadlığının təmin olunduğunu, müxtəlif etnik və dini mənsubiyyətli şəxslərin ölkəmizdə sülh, əmin-amanlıq və əməkdaşlıq şəraitində yaşadıqlarını vurğulayıb. Respublikamızda din-dövlət münasibətlərinin nümunəvi xarakter daşıdığını deyən Ombudsman etiqad azadlığının qorunması istiqamətində fəaliyyətindən, maarifləndirici tədbirlərin həyata keçirilməsindən bəhs edib.
Səbinə Əliyeva Müvəkkilin Gəncə, Quba, Şəki və Cəlilabad regional mərkəzlərinin milli azlıqların kompakt yaşadıqları yerlərdə fəaliyyət göstərdiyini, müraciətlərə operativ reaksiya verdiklərini, geniş maarifləndirmə fəaliyyəti həyata keçirdiklərini qonaqların diqqətinə çatdırıb.
Səmimi qəbula görə Müvəkkilə minnətdarlıqlarını bildirən qonaqlar Ombudsman təsisatı ilə Beynəlxalq Din Azadlığı Komissiyası arasında əməkdaşlığın inkişafının mühüm əhəmiyyətə malik olduğunu vurğulayıblar.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.