adalet.az header logo
  • Bakı -°C
24 Noyabr 2025 12:34
55
ƏDƏBİYYAT
A- A+

Ölümü özünə bənzəyən insan - Əntiqə Kərimzadə yazır…

Bu gün Azərbaycan kino sənətində özünəməxsus obrazları ilə sevilən xalq artisti Əjdər Həmidovun anım günüdür.

Aktyor 28 sentyabr 1953-cü ildə Şabran rayonunun Aygünlü kəndində müəllim ailəsində anadan olub. Ailədə dörd uşaq olublar. Atasının ağır xəstəliyə tutulması Həmidovlar ailəsinin  vəziyyətini çətinləşdirir. Uşaqlıq illərini xatırlayan aktyor qardaşı ilə bir plaşı növbə ilə geyindiyini söyləyirdi.
O, 1976-cı ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olur. Bununla da atasının arzusunu yerinə yetirir. Aktyor müsahibələrinin birində deyir ki, atam məni aktyor kimi görmək istəyirdi. Mən də onun arzusunu yerinə yetirdim. 

Aktyor kino sənətində uğur qazansa da, teatr fəaliyyəti də danılmazdır.

O, 1979-cu ildə təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilib. Orada Vəzir “Lənkəran xanının vəziri”, Qulu “Tamahkar”, Milis “Bəxt üzüyü”,  Həfçi Məlik “Adamın adamı”,  Sərsəri “Bütün Şərq bilsin”,  Dursunəli “Dursunəli və balıbadı” və s kimi yaddaqalan obrazların müəllifi olur.
1990-cı ildə isə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib.  Məhz həmin teatrda da Şeytan “Özümüzü kəsən qılınc”, 1-ci kafir “Burla Xatun”, Daşdəmir “Bu dünyanın adamları”, Vanya Koxa, Müxbir “Hökmdar və qızı”, “Dəlilər və ağıllılar”, Məşədi Oruc “Ölülər” v.s obrazlarla geniş tamaşaçı sevgisi qazanıb.

Aktyrun ən böyük qazancı  tamaşaçı alqışıdır deyən Əjdər Həmidov ailəsini dolandırmaq üçün uzun illər tamada kimi fəaliyyət göstərib.
Atyor “Gənc qadının kişisi”, “Lətifə”, “Mənim ağ şəhərim”, “Qarabağ şikəstəsi”, “İblis qadın” “Tənha durna uçuşu” v.s filmlərdə rol alsa da, o, daha çox “Kişi sözü” filmindəki Qasım obrazı ilə sevilir. 

Əjdər Həmidov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2018-ci ilə isə Azərbaycan Respublikasının Xalq Artisti adına layiq görülüb.
2007-ci ildə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən “Yoxlama” adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirib. Lakin bu uğur aktyora heç də asan başa gəlmir. O, filmdə kaskadyorun əvəz etdiyi səhnələri özü oynamağı qərar verir. Aktyor bu inadkarlığı üzündən səhhətində ciddi problemlər yaşamağa başlayır. Sözügedən filmdə qazandığı uğur aktyorun kino fəaliyyətinə işıq salır. Lakin onun səhhətində problem o qədər kəskinləşir ki, o, şəhərdən kəndə köçür. 

Elə 2007-ci ildə insult keçirir. Səhhətində yaşanan problemlərə görə həkimlər ona aktyor kimi fəaliyyət göstərməməyi məsləhət görürlər. Lakin sənətə olan sevgisi onun teatr səhnəsindən ayıra bilmir. Belə ki, aktyor  bütün sağlıq problemlərinə baxmayaraq, yenidən teatrda rol alır. 

Səhhətində yaranan problemləri ətrafında çox insana demirdi. Təbiətən sakit xarakterli olan aktyorun ölmü də özünə bənzəyir. O, 2020-ci il noyabr ayının 24-də Kliniki Tibbi Mərkəzdə insultdan vəfat edir.