adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Aprel 2024 09:34
1389
ƏDƏBİYYAT

Nurəddin Ədiloğlunun “Qaçaq Mozu”su tarixi gerçəkliyin bədii inikasıdır

Bir kitabda iki roman, bir romanda iki roman.  Maraqlı seçim edib istedadlı yazarımız Nurəddin Ədiloğlu... Qaçaq Mozu və Yezid İzzət. İkisi bir-birinə ilgili, biri digərinə dayaq, biri digərindən ilhamlanan. 

Nurəddinin “Qaçaq Mozu” romanını daxilindəki motivasiyalardan dolayı, həm də “Yezid İzzət” adlandırmasının arxasında çox böyük hikmətlər dayanır. Bu barədə bir qədər sonra. Öncə oxuculara bir vacib detalı çatdırmaq istəyirəm ki, bu “roman içində romanlar” özündə təxminən 100 il öncəki tariximizin kiçik bir parçasını abidələşdirib. Zamanla görmüşük ki, tarix, tarixi həqiqətlər o dövrü, o olayları əks etdirən ədəbi nümunələrdə daha çox yaşayır və oxunur, nəinki hansısa sxolastik xronoloji rəqəmlərdə. Məsələn, danılmaz faktdır ki, Azərbaycanlıların dövləti olan Səfəvi xanədanlığı, Şah İsmayıl Xətai kimliyi – şahlığı, eyni zamanda şairiliyi, humanistliyi, təsviri sənətə humanist baxışları, yeri gələndə qəddarlığı və s. haqqında həqiqətləri bizlər xronologiyadan daha çox mərhum böyük yazıçılarımız Fərman Kərimzadənin “Xudafərin körpüsü”, “Çaldıran döyüşü”, Əzizə xanım Cəfərzadənin “Bakı 1501-ci il”, Əlisa Nicatın “Qızılbaşlar” əsərlərindən mənimsəmişik. Bunlar əlbəttə ki, bir qədər uzaq tarixlə bağlı onların oxuduqları, eşitdikləri əsasında qələmə alınan sənət əsərləridir. Başqa nümunələr də var. Mərhum Xalq şairimiz Musa Yaqubun özünün iştirakçısı olduğu zamanın içindəkiləri – İkinci Dünya Savaşı günlərində ərləri, oğulları cəbhəyə aparılan ölkə əhalisinin yaşantılarını bilavasitə bədiiləşdirən “Un işığı”, “Hər məktubdan bir sətir” poemalarını, kiçik şeir nümunələrini də misal gətirə bilərəm. Xatırlayıram ki, mən bu poemalar haqqında olan qeydlərimi “Azərbaycanın gerçək tarixi” başlıqlı yazılar altında verməkdən başqa yol tapmamışdım. Çünki o baş-bu baş ölkə əhalisinin həyatını ümumiləşdirib bütün təfərrüatları ilə canlandıran o əsərlərə başqa ad vermək çox məsuliyyətli və çətin idi...

...Nurəddin Ədiloğlunun əsərinin biri digəri ilə sıx surətdə bağlı olan Qaçaq Mozu hissəsi Azərbaycan xalqının qəhrəmanlıq nümunəsinə işarədirsə, Yezid İzzət hissəsi bu xalqın düşünən beyinlərinin, düşüncə adamlarının, təhsilli, inanclı kəsiminin məhvinə hesablanmış bəd niyyətlərin tarixiləşdirilmiş məcmusudur. Müəllif hər iki aspektdə çox fədakarcasına çalışaraq dəyərli bir sənət əsərini ortaya qoya bilib. Əsərdə oxucu məkrli erməni siyasətinin özlərinin heç vədə yaşamadığı Cənub bölgəsinə necə, hansı “xətlərlə” soxulduğunu və digər çoxsaylı nüansları da aydın görür. Mən istərdim ki, bu əsər tarixi gerçəkliklərin vizual arxivləşdirilməsi məqsədilə bizim kinematoqrafların – ssenaristlərin, rejissorların və təbii ki onu maliyyələşdirmək qüdrətində olanların da diqqətini çəksin. Bununla bizlər yaxın və nisbətən uzaq tariximiz və taleyimizdə baş verənləri əyani olaraq virtual aləm vasitəsilə bütün dünyanın diqqətinə çatdıra və ayıq-sayıqlığa səslədiyimiz gələcək nəsillərin boğçalarına saxlayar, eyni zamanda daha bir boyun borcumuzdan ləyaqətlə çıxa bilərik...

...XX yüzilliyin 30-cu illərinin xofu. Mərkəzdən başlayan repressiyaların ölkə boyu şaxələnməsi... On illərini elmi və dini təhsilə xərcləyərək qazandıqlarını zəmanələrinin uşaq və gənclərinə öyrətmək məqamına çatanda başlarının üstünü alan “qara buludlar”. Sorğu-sualsız güllələnmələr, uydurma ittihamlarla məhkəməsiz həbslər, sürgünlər, müsadirə olunan mülklər-varidatlar, bundan da betər qalaq-qalaq yandırılan milyonlarla dəyəri olan kitablar...Məqsəd birdir. Azərbaycan xalqının oyanış, təhsillənmə ruhunu yerindəcə boğmaq, başbilənlərini məhv etmək, dövrə və istəklərinə boyun əyəcək yeni müti nəsillər formalaşdırmaq. Mərkəzdən gələn tapşırıqlara əlavə olunmuş erməni hiyləsi...və daha nələr... 

...İş icraçıları kimlərdir? Öz içimizdən çıxan, sonradan özləri də damğalanan və məhv etdirilən “həmzəoğulları”, onlara “təpər” verən bolşeviklər...bolşevik adı altında inqilab pərdəsi altında bəd əməlləri törədənlərsə... Gəlin kitabdan o dövrün məşhur ziyalısı, gerçək obraz Mirzə Nəzir müəllimə xitabən bir abzasda soyad ardıcıllığına diqqət edək:

 -    Lənkəranda Movsesyan, Astarada Arakelov, Zuvandda (sonradan Lerik) Xaçaturov, Astraxanbazarda (sonradan Cəlilabad) Avakyan, Biləsuvarda Zəkəryan, Vərgədüzdə (sonradan Yardımlı) Sevonyan, Masallıda Avanesov...Görün, Azərbaycan türkləri arasında düşmən axtaran “enkevede”nin rayon şöbələrinə kimlər başçılıq edir?!..

Mirzə Nəzir müəllimi dinləyərək başını bulayan İraqın Nəcəf şəhərindəki İlahiyyat Darülfünununda 27 il ali dini təhsil almış Şeyx İbrahim Cənub bölgəsi dindarlarının ümumiləşmiş obrazı olmaqla daxilində haqq-ədalət tərəzisi gəzdirən və yalnız Allahına tapınan bir din xadimi kimi öz müdhiş sonunu artıq gözləri önünə gətirib. Ona görə də xalqın arasına yeridilmiş bu erməni ünsürlərdən və onlara işləyən həmzəoğullarından nicat gözləməyin yersiz olduğunu düşünərək zaman itirmədən yeganə övladı İzzəti meşələrdə qaçaq həyatı yaşayan Qaçaq Mozunun yanına göndərir. Mozunu da qaçaqlığa, sıx meşədə Şanapadərə adlana yerə çəkilməyə məcbur edən Masallının “enkevedesi”, çolaq Aşot Avanesovla mübarizə aparması olmuşdu. Avanesov gecə-gündüz Mozunu tutub Sibirə göndərməyin və ya qətlə yetirməyin, bununla bölgə camaatına daha bir qorxu dağı çəkməyin planları üzərində düşünürdü. Ancaq Qaçaq Mozu qəflətən hardasa peyda olması və yetim-yesirə kömək etməsi ilə tez-tez gündəmə gəlib yoxa çıxır, çolaq Avanesovun yuxusunu bir qədər də ərşə çəkirdi. Bolşevik bayrağı altında ölkəmizin Cənubuna qədər soxulmuş ermənilər İzzəti tuta bilməsələr də, Hacı İbrahimi arvadı ilə sürgünə göndərməyə nail olurlar.  

“Qaçaq Mozu”da Masallı rayonunda adı uzun illər çəkilən bir sıra dəyərli insanlardan da bəhs olunur. Məsələn, çətin günlərdə dəyirmançı Qaraş Şeyx İbrahimin qapısına gələrək ona bir kisə un gətirdiyini söyləyir. Şeyx İbrahim də bu unun müəyyən hissəsini yaxınlıqdakı yetimdar bir ailəyə pay göndərir. Bu zaman bəlli olur ki, Qaraşın gətirdiyi un sovqatı Kişi bəyin şura hökuməti tərəfindən müsadirə edilmiş “Üçdaş” dəyirmanından şeyxə xüsusi hörmət nişanəsi olaraq gizli göndərilib. Yeri gəlmişkən, bolşeviklərin həbs etdirdiyi Kişi bəy də mənim ana babam Şahbaz Eynalovun dostu olmaqla Masallı və bütün cənub bölgəsində yaxşı tanınmış isimlərdəndi. 
Əsərdə bolşeviklərin dünyasını dəyişmiş insanların adət-ənənə ilə dəfninə mane olduqları, onlar üçün namaz qılmağa belə imkan vermədikləri səhnəsi də sənətkarlıqla qeyd olunub. Lələ adlı bir şəxsin ölü namazını Şeyx İbrahim onun dəfnindən sonra, gecə vaxtı məzarının başında qılır. Buna görə də Şeyxin başı bir daha “ağrımalı” olur. 

Şeyx İbrahimlə bərabər, əksəriyyəti ruhani təhsil almış insanların yük qatarları - eşelonlarla Orta Asiyaya sürgün edilməsi, oradakı acınacaqlı həyat tərzləri, nəhayət bu insanların əksəriyyətinin Vətəndən uzaqlarda dünyalarını dəyişmələri də romandakı kədərli, lakin həyat həqiqətlərini özündə əks etdirən məqamlardandır. Çolaq Aşotu (Avanesovu) Qaçaq Mozunun qətlə yetirməsi səhnəsi də romanın çox maraqlı hissələrindəndi. Avanesov ölüm ayağında da öz erməniliyini göstərərək öz əli ilə yazdığı öhdəlikdən mürəkkəbi qurumamış imtina edir. Bununla da bütün yazılmış və yazılmamış qanunları pozmaqla sonuncu gülləni düz alnının ortasından almağa haqq etmiş olur... 

Müəllif Qaçaq Mozunun Lənkəran qalasından qaçaraq dənizdə batdığı səhnə ilə qəhrəmanını bir qədər də yüksəklərə qaldırır. Qaldırır ki, Azərbaycanımızın belə qoçaq oğulları tarixdə öz yerlərini örnək kimi qoruya bilsinlər. 

Dövrünün böyük ruhani ziyalısı olan Şeyx İbrahimin oğlu İzzətin “Yezid İzzət” adı almasının da maraqlı tarixçəsi var. Bir dəfə xüsusilə cənub bölgəsində Məhərrəm ayının onuncu – Aşura günü keçirilən şəbih mərasimlərində Məhəmməd peyğəmbərin nəvələrini qətlə yetirən yezid rolunu ona həvalə edirlər. İzzət öz yezidliyini büruzə vermək üçün guya dodaqları cadar-cadar olmuş uşaqlara su verməməli imiş. Lakin İzzət bu qaydanı pozur və uşaqlara içməyə su verir. Buna rəğmən, onun adına həmin gündən “Yezid” ləqəbi əlavə olunur.  İzzət bu ləqəbin ona deyilməsinə fikir vermədən öz xeyirxah əməllərini davam etdirir. Çünki o, Şeyx İbrahimin tərbiyəsini almış vətənpərvər bir insan, sayları azlıqda qalan ədalət carçılarından idi...
Bütövlükdə əsərin ideyası çox böyük tarixi əhəmiyyətə malikdir. Qeyd etdiyim kimi indi kitab oxumağı yadırğamış nəslin maraq dairəsini nəzərə alaraq, romanın ssenariləşdirilməsinin, filmləşdirilməsinin daha çox tərbiyəvi əhəmiyyəti ola bilər. Əlbəttə ki, zamanında bütün Azərbaycanı əhatə edən dəhşətli olayları gələcək nəsillərin unutmaması naminə.  

Nəzirməmməd Zöhrablı,
Jurnalist-publisist.