29 Dekabr 2023 14:27
2504
HÜQUQ

Notariat fəaliyyətinin “ASAN xidmət” standartları

Respublikamızın uğurlu sosial-iqtisadi inkişafı nəticəsində mülki-hüquqi dövriyyənin artması şəraitində iqtisadi münasibətlərin əhatəli hüquqi tənzimlənməsi notariat fəaliyyəti olmadan qeyri-mümkündür.

Notariat hərəkətlərinin aparılmasının əsas məqsədi mübahisəsiz mülki hüquqların və hüquqi əhəmiyyətli faktların təsdiqi yolu ilə vətəndaşların və hüquqi şəxslərin hüquq və qanuni mənafelərinin hüquqi müdafiəsidir.

Dövlətlərin idarəetmə sistemində təzahür edən modernləşmə yeni idarəetmə modellərinin, müasir, vətəndaşa yönümlü, onu məmnun edən idarəetmənin qurulmasının zəruriliyini labüd etmişdir. Respublikamızda aparılan ardıcıl islahatlar da idarəetmənin təkmilləşdirilməsinə, səmərəli və peşəkar dövlət qulluğunun, vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasına, səmərəli və demokratik idarəçiliyin formalaşdırılmasına, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılmasına, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsinə və bütün bunların nəticəsində ölkə vətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunmasına xidmət edir.

Dövlət idarəetməsinin müasirləşdirilməsi, şəffaflığın artırılması və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması yönümündəki mühüm tədbirlərdən biri Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması oldu. Hazırda Azərbaycan sistem xarakterli mütərəqqi islahat tədbirləri, səmərəli, müasir xidmət modeli olan "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti ilə də dünyanın diqqət mərkəzindədir.

"ASAN xidmət" standartları ilə vətəndaşla məmur arasındakı münasibətlərdə yeni düşüncə tərzi formalaşdırılır. Əhaliyə dövlət xidmətlərinin istehlakçısı kimi, onun məmnunluq səviyyəsinə isə dövlət orqanlarının fəaliyyətinin qiymətləndirilməsi meyarı kimi yanaşılır. Dövlət orqanlarında şəffaflığın artırılması, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaların tətbiqilə göstərilməsi, ictimai rəy, şəffaflıq, çeviklik, xidmətlərin göstərilməsində keyfiyyət, fasiləsizlik, vətəndaşlara münasibətdə etik qaydalara əməl edilməsini və vətəndaş məmnunluğunun təmini ön plana keçir. 

“ASAN xidmət" standartları dövlət xidmətlərinin səmərəliliyinin artırılması və dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə yanaşı, həmçinin, korrupsiyaya qarşı effektiv institusional vasitə kimi çıxış edir.

Notariat fəaliyyətində “ASAN xidmət” standartları əlavə olaraq tətbiq edilir ki, bu xidmətin keyfiyyətinin və səmərəliliyinin artmasını şərtləndirir.

Ədliyyə sahəsində də dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi, çağdaş dövrün tələbinə uyğun olaraq vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, notariat və müvafiq sahələrdə göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, qanunyaradıcı fəaliyyətin təkmilləşdirilməsi, hüquqi maarifləndirmənin və yeni texnologiyalar tətbiq edilməklə informasiya təminatının yaxşılaşdırılması, yüksək peşəkar mütəxəssislərin hazırlanması və digər istiqamətlər üzrə ədliyyə orqanlarının inkişafını təmin etmək dövlət siyasətinin başlıca istiqamətinə çevrilmişdir. 

Azərbaycan Respublikasında “Elektron notariat” informasiya sisteminin imkanları təkmilləşdirilmiş və bu, elektron xidmətlərin keyfiyyətinin artmasına, informasiya təminatının yaxşılaşmasına, operativliyin təmin olunmasına gətirib çıxarmışdır.

“Elektron notariat” informasiya sistemi vasitəsi ilə notariat hərəkətlərinin reyestrinin elektron formada aparılması və sənədlərə avtomatlaşdırılmış qaydada vahid reyestr nömrəsinin verilməsi, notariat hərəkətləri üzrə sənədlərin elektron məlumat bazasında axtarışının aparılması, statistik hesabatların avtomatlaşdırılmış qaydada hazırlanması və digər qurumlara elektron formada göndərilməsi təmin edilir. Həmçinin, yeni sistem vasitəsi ilə notariat hərəkətinə dair tərtib edilmiş sənədlər üzərində barkodların və QR kodların əks olunması, notariat hərəkətlərinə dair sənədlərin layihələrinin informasiya sistemi vasitəsilə hazırlanması, informasiya sisteminin istifadəçiləri üçün şəxsi elektron kabinetin təşkili, arxiv notariat sənədlərinin elektron nüsxələrinin bazasının yaradılması, inzibatçı və istifadəçilər arasında məlumat və sənəd dövriyyəsinin həyata keçirilməsi, daşınmaz əmlakın təqdim edilməsi üzrə sadələşdirilmiş verginin hesablanması və digər informasiya sistemləri ilə məlumat mübadiləsinin həyata keçirilməsi imkanı yaradılmışdır. 

Notariat ofislərini vahid şəbəkədə birləşdirən “Elektron notariat” informasiya sistemi vasitəsilə notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirilmişdir. Bu sistem fiziki və hüquqi şəxslərə daha çevik və keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, əvvəllər tələb edilən sənəd və arayışların elektron qaydada əldə edilməsinə və bununla da digər qurumlara müraciət olunması zərurətinin aradan qaldırılmasına xidmət edir. 

“Elektron ədliyyə” köşkü məsafədən videoəlaqə vasitəsilə 24 saat ərzində, birbaşa notariat hərəkətlərinin rəsmiləşdirilməsinə və sənədlərin bilavasitə yerində əldə edilməsinə şərait yaradır.

Sözsüz ki, ölkədə notarial xidmətlərin göstərilməsi sahəsində ən populyar, innovativ sıçrayış hesab olunan “Mobil Notariat” tətbiqi, hansı ölkədə yaşamasından və hansı qitədə olmasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşına, o cümlədən, müvəqqəti və ya daimi yaşayış üçün icazəsi olan əcnəbi vətəndaşlara heç yerə getmədən bir neçə dəqiqə ərzində müxtəlif növ notariat hərəkətlərinin aparılması imkanı yaratmışdır.

Belə ki, yetkinlik yaşına çatmamış şəxslərə ümumvətəndaş pasportunun verilməsinə dair razılıq ərizəsi, yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq ərizələri, daşınmaz əmlaka sərəncam verilməsinə dair ərin-arvadın və həmin ünvanda qeydiyyatda olan şəxslərin razılıq ərizələri, yaşayış sahəsində qeydiyyata alınma ilə əlaqədar mülkiyyətçinin razılıq ərizəsi, təhsil tələbə kreditinin verilməsi ilə bağlı ərizələr, etibarnamələrə xitam verilməsinə dair ərizələr, əvvəllər verilmiş ərizədən imtina edilməsinə dair ərizələr, müxtəlif qurumlarda təmsilçiliklə bağlı etibarnamə, vəkilə verilən etibarnamə, banklarda təmsilçilik məqsədilə verilən etibarnamə, vərəsəlik işləri ilə bağlı etibarnamə, nəqliyyat vasitəsindən istifadə edilməsinə və sərəncam verilməsinə dair etibarnamələr, sosial etibarnamənin elektron qaydada verilməsi, mənzillərin və ya evlərin müvəqqəti istifadəyə verilməsinə dair müqavilələrin bağlanması (kirayə müqaviləsi) qeyd edilən tətbiqin imkanları sayəsində vətəndaşlar üçün daha da əlçatan olmuşdur. Tətbiq ondan istifadə edənlərə elektron notariat kabinetinə sahib olmaqla notariat fəaliyyəti barədə məlumatların əldə edilməsinə imkan verir.

Fasiləsiz rejimdə göstərilən xidmətin özünəməxsusluğu ilk dəfə olaraq notariat hərəkətlərinin rəsmiləşdirilməsində videoyazı vasitəsindən istifadə edilməsidir ki, bu da həmin əqdlər üzrə sui-istifadə və vətəndaşların əmlak hüquqlarının pozulmasının qarşısını almağa xidmət edir. Ədliyyə xidmətlərinə əlçatanlığın asanlaşdırılması məqsədilə mobil notariatın imkanları genişləndirilərək tətbiqin funksionallığının artırılması üzrə işlər davamlı həyata keçirilir. 

Ədliyyə Nazirliyinin təqdim etdiyi innovativ həllərdən biri də "ƏN TEZ" (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidmət sahəsidir. Xidmət rəqəmsal innovasiya hesabına müxtəlif növ ədliyyə xidmətlərindən eyni vaxtda, vahid mənbədən və məsafədən yararlanmağı təmin edir. Həmin konsepsiya hazır sənədlərin yerindəcə verilməsi prinsipinə əsaslanır və xidmətləri sürətləndirilmiş rejimdə yerinə yetirir.

 "ƏN TEZ" xidməti vətəndaşlar üçün ədliyyə orqanlarına və məhkəmələrə video-zəng vasitəsilə operatora müraciət etməklə lazımi xidmətlərdən ən sürətli şəkildə faydalanmaq imkanı yaradır. Bu zaman vətəndaşlar notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası və digər xidmətlərdən istifadə edə bilirlər.Smart konsepsiya əsasında fəaliyyət göstərən “ƏN TEZ” xidmət sistemi biometrik eyniləşdirmə imkanına malik olduğundan müraciət edən şəxsin hər hansı bir portalda qeydiyyatı və ya elektron imza sahibi olması tələb edilmir.

Ədliyyə Nazirliyi və Azərbaycan Notariat Palatası tərəfindən notariusların peşə hazırlığının və ixtisas səviyyəsinin artırılması istiqamətində mütəmadi təlimlər keçirilir, notariat təcrübəsinin öyrənilməsi üçün beynəlxalq konfranaslarda iştirakları təmin olunur.

Notariat ofislərində fəaliyyət göstərən əməkdaşlar tərəfindənnəzakətlilik və etik davranış qaydalarına ciddi əməl olunması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, ayrı-ayrı notariat hərəkətləri üzrə vahid notariat təcrübəsinin öyrənilməsi, notariat hərəkətlərinin aparılmasının fasiləsiz həyata keçirilməsinin təmin edilməsi, operativliyə, çevikliyə riayət edilməsi, vətəndaş məmnunluğuna nail olunması məqsədi ilə ixtisasartırma kurslarına cəlb edilir.

Notariuslar və notariat ofislərində fəaliyyət göstərən əməkdaşlar ixtisasartırma üzrə müxtəlif təlimlərdən keçirlər, beləliklə daim etik davranış səriştələrini artırmış, peşə biliklərinə daha mükəmməl yiyiələnmiş olurlar.

Mülki hüquq münasibətlərin tənzimlənməsində vacib rol oynayan notariat sahəsində aparılan islahatlar, normativ bazanın təkmilləşdirilməsi, təqdim edilən innovativ həllər, “Elektron notariat” informasiya sisteminin imkanlarının genişlənməsi, notariat fəaliyyətində "ASAN xidmət" standartlarının gözlənilməsi nəticəsində vətəndaşlar bu gün daha keyfiyyətli və müasir innovativ notariat sahəsində xidmətlərdən istifadə edə bilir, vətəndaşlar vaxta və xərclərə qənaət etməklə notariat sahəsində xidmətlərdən yararlanırlar. Notariuslar tərəfindən göstərilən xidmətlər daha operativ və keyfiyyətli formada vətəndaşlara göstərilir və bununla da bu xidmətlərdən istifadə edən vətəndaşların məmnunluğu təmin edilir. 

Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Tamerlan Qurban