adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Mart 2015 16:05
1568
MƏMLƏKƏT

Nazirlik 194 nömrəli məktəbə mediatur təşkil edib

Təhsil Nazirliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində Bakı şəhərində 194 nömrəli tam orta məktəbə mediatur təşkil edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 20-dək KİV nümayəndəsinin iştirak etdiyi tədbirə qeyri-hökumət təşkilatlarının rəhbərləri və hərbi ekspertlər qatılıb.

Mediaturun təşkilində əsas məqsəd KİV təmsilçilərinin ümumtəhsil məktəblərində şagirdlərin ilkin hərbi hazırlıq səviyyəsini yüksəltmək üçün yaradılan imkanlarla tanışlığına şərait yaratmaq, kompüter texnologiyalarına əsaslanan təlim silahlarını nümayiş etdirmək, məktəblilərin vətənpərvər ruhda təlim-tərbiyə metodlarının təbliğinə dəstək verməkdən ibarətdir.

Qeyd edək ki, ümumtəhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə kabinetin (hərbi kabinetin) müasir avadanlıqlarla təminatı üçün Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin Kosmik Cihazqayırma Təcrübi Zavodu arasında müqavilə bağlanıb. Müqaviləyə uyğun olaraq, 50 pilot məktəbin hərbi kabinetləri müasir standartlara cavab verən, təlim üçün nəzərdə tutulmuş hərbi avadanlıqlar, ləvazimatlar və xüsusi proqram təminatı ilə təchiz olunub.

Mediatur çərçivəsində KİV təmsilçiləri məktəbdə yeni təlim avadanlıqları ilə təmin olunmuş hərbi kabinetə baxıb və gənclərin çağırışaqədərki hərbi hazırlığı dərsində iştirak ediblər. Jurnalistlər şagirdlərin silahları söküb yığması, tank əleyhinə minaları zərərsizləşdirməsi, əleyhqazlardan istifadə bacarıqlarını və stimulyativ silahlardan hədəfin nişan alınması prosesini izləyiblər.

Mediaturda iştirak edən hərbi araşdırmaçı Şəmistan Nəzirli, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli şagirdlərin hərbi hazırlığı üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər. Müasir texnologiyalara əsaslanan təlim metodları gələcək əsgərlərin hazırlıq səviyyəsini artırmaqla yanaşı, onların vətənpərvərlik ruhda böyüməsinə də müsbət təsir edir.