Nazir kollegiya iclasında tapşırıqlar verdi
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.
Qurumun mətbuat xidmətindən Adalet.az-averilən məlumata görə, iqtisadiyyat naziri, kollegiyanın sədri Şahin Mustafayev diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti 2018-ci ilin ilk 6 ayının Azərbaycan iqtisadiyyatı üçün uğurlu olduğunu, dinamik inkişaf templərinin qorunub saxlanıldığını vurğulayıb, görülən işləri müsbət qiymətləndirib. Belə ki, bu dövrdə ÜDM 1,3%, qeyri-neft sektoru 2%, qeyri-neft sənayesi 8,8%, kənd təsərrüfatı 7,6%, bitkiçilik 14%-dən çox, yükdaşımalar 1%, informasiya və rabitə xidmətləri 4,9%, pərakəndə ticarət dövriyyəsi 2,5% artıb.
2018-ci ilin birinci yarısında Azərbaycanın valyuta ehtiyatları artaraq 44,3 milyard ABŞ dollarına çatıb, ölkə iqtisadiyyatına 6 milyard manatdan çox sərmayə qoyulub, Dövlət İnvestisiya Proqramı 47% icra olunub, dövlət büdcəsinin gəlirləri 27%, xərcləri 16% artıb.
Bu ilin ilk 6 ayında əhalinin gəlirləri 9,3% artıb, inflyasiya 3% təşkil edib, əhalinin gəlirlərinin artım tempi inflyasiyanı dəfələrlə üstələyib. Bu dövrdə xarici ticarət dövriyyəsi 35%, ixrac 34%, o cümlədən qeyri-neft ixracı 20% artıb. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır. Bütün bunlar qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan kompleks işlərin, sərmayə mühitinin əlverişliliyinin nəticəsidir.
Ölkəmizdə "yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış Balaxanı Sənaye Parkının hazırda 14 rezidenti var. Bunlardan 5-i artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə, 32 milyon manat məbləğində investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq, Parkın ərazisi 8,3 hektaradək genişləndirilib. Balaxanı Sənaye Parkında ilkin mərhələdə 400-ə yaxın daimi iş yeri yaradılıb. İkinci mərhələdə daha 9 istehsal sahəsinin tikintisinə başlanacaq.
Pirallahı Sənaye Parkında ümumi dəyəri 100 milyon dollar olan əczaçılıq və şpris istehsalı müəssisələrinin yaradılması işləri aparılır. İlin sonuna istifadəyə veriləcək şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanları da yaradacaq.
Mingəçevir Sənaye Parkında investisiya dəyəri 85 milyon dollar olan 2 iplik fabrikində 750 nəfər işlə təmin olunub.
Dövlət başçısının tapşırığına uyğun olaraq, xalçaçılığın inkişafı məqsədilə 10 rayonda xalça emalatxanası istifadəyə verilib, daha 10 emalatxananın, 5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin və Sumqayıt Kimya Sənaye Parkında yunəyirici boyaq fabrikinin tikintisi aparılır. Fabrikdə yerli xammal əsasında iplik istehsal ediləcəkdir. Bundan başqa, 2019-cu ildə 10 xalça emalatxanasının tikintisi tamamlanacaq, həmin dövrə emalatxanaların sayı 30-a çatdırılacaqdır. İclasda Şahin Mustafayev ənənəvi istehsal sahələrindən olan xalçaçılığın inkişafına İqtisadiyyat Nazirliyi tərəfindən dəstəyin gücləndirilməsi barədə göstərişlər verib.
Kollegiya iclasında yerli istehsalın genişləndirilməsinin, yeni istehsal və emal müəssisələrinin yaradılmasının, mövcud istehsal sahələrinin potensialının artırılmasının dövlət başçısının daim diqqət mərkəzində olduğu vurğulanıb. Kollegiyanın sədri bildirib ki, bu strategiyaya uyğun olaraq, yeni texnologiyalara əsaslanan müəssisələrin, xüsusilə idxalı əvəz edən məhsulların yerli istehsalının təşkili, eləcə də ənənəvi sahələrin inkişafı istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən dəstək tədbirləri davam etdirilir.
İqtisadi fəallığın artırılması, ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə 55-i 2018-ci ilin birinci yarısında olmaqla, indiyədək 261 sahibkarlıq subyektinə 294 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manat investisiyanın yatırılması və 19 mindən çox yeni iş yeri açılması imkanı yaradılıb, bunlardan investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə artıq fəaliyyət göstərir.
Bununla yanaşı, kollegiya iclasında kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsində əhəmiyyətli rol oynayacaq Kiçik və Orta Biznesin İnkişafı Agentliyinın fəaliyyətinin təşkili işlərinin sürətləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.
Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Şərqi Avropada ticarət nümayəndələri fəaliyyət göstərir. Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyanın Həştərxan şəhərində "Azərbaycan İş Mərkəzi” açılıb. Xarici kütləvi informasiya vasitələrində sahəvi brendlərin reklamı kampaniyasına, "Made in Azerbaijan” brendinin təşviqinə başlanıb. Belarusda və Ukraynada Azərbaycan ticarət evləri açılıb, bu yaxınlarda Latviyada "Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayacaq, ilin sonunadək Çinin Şanxay şəhərində "Azərbaycan Şərab Evi”, Birləşmiş Ərəb Əmirliklərində "Azərbaycan Ticarət Evi”nin açılması planlaşdırılır, Çinin paytaxtı Pekində və bir sıra digər iri şəhərlərində ticarət və şərab evlərinin yaradılması nəzərdə tutulur.
Yerli məhsulların ixracında istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədilə yaradılmış İxracatçılar Klubunun, Arıçılar, Nar, Fındıq, Şərab, Çay, Süd və s. istehsalçıları və ixracatçıları assosiasiyalarının iclasları keçirilib, yerli şirkətlərə ixraca dair xidmətlər göstərilib.
Həyata keçirilən kompleks tədbirlər nəticəsində ixracın artım tempi davam edib, kənd təsərrüfatı məhsullarının ixracı 22%, sənaye məhsullarının ixracı 27%, xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 34% artıb.
Kollegiya iclasında 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün, 2017-2021-ci illərdə tütünçülüyün inkişafına dair dövlət proqramlarının icrası istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən görülmüş işlər barədə hesabat dinlənilib.
Kollegiya iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təltif olunmuş Nazirliyin bir qrup əməkdaşına medallar və onların vəsiqələri təqdim edilib.
İqtisadiyyat naziri Şahin Mustafayev verilən yüksək qiymətə görə Nazirliyin kollektivi adından dövlət başçısına dərin minnətdarlığını bildirib, kollektivin göstərilən etimadı doğruldacağını vurğulayıb.
İclasda digər cari məsələlər də müzakirə edilib.