adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Noyabr 2015 15:23
3278
SİYASƏT

Nazir Azərbaycanın böyük planlarından danışdı

"Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna daimi üzv olmaq üçün tələsmir”. Bu bayanatı Azərbaycanın energetika naziri Natiq Əliyev verib.

İranda keçirilən Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 17-ci iclasının yekunlarını dəyərləndirən Natiq Əliyev CBC-yə müsahibəsində deyib ki, hələlik bu qurumda müşahidəçi statusu Azərbaycanı qane edir:

"Azərbaycan bu gün qaz sahəsində öz sözünü deyən və qaz ixrac edən ölkədir. Bunu heç kəs inkar edə bilməz. Azərbaycanın böyük planları var və bunu hamı bilir. Forumun iclasında iştirakım zamanı mən iştirakçılara Azərbaycanın gələcək planları barədə ətraflı məlumat verdim.

Bildirdim ki, qarşıdakı 5 ildə Azərbaycan qaz sahəsində nəhəng proqramların, ölkəmiz tərəfindən qoyulan böyük sərmayələrin və layihələrin həyata keçirilməsi nəticəsində Avropa üçün mühüm rol oynayan ölkəyə çevriləcək. Eyni zamanda, ilk dəfə olaraq Azərbaycan böyük bir qaz layihəsini – "Cənub” qaz dəhlizini reallaşdıracaq.

Bunun üçün də Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumundan kənarda qala bilməzdi. Biz hesab etdik ki, Azərbaycan bu forumda hələlik müşahidəçi statusunda iştirak etməlidir”.

Nazir qeyd edib ki, bəzi beynəlxalq təşkilat və qurumlar Azərbaycanın neft-qaz layihələrinin icrasındakı təcrübəsindən yararlanmaq niyyətindədirlər.

Azərbaycan da Qaz İxrac edən Ölkələrin Forumunda təklif edib ki, neft və qazın nəqli üçün yaratdığı infrastruktdan region ölkələri də istifadə edə bilər.

Azərbaycan qazının Avropaya nəqli üçün reallaşdırılan Trans-Anadolu (TANAP) qaz kəmərinə qoşulmaq da qaz ixrac etmək istəyən region ölkələri üçün səmərəli ola bilər.

"İranın enerji resurslarının nəqli üçün boru kəmərlərimizin genişləndirilməsi imkanlarını nəzərdən keçirəcəyik"

Natiq Əliyev bildirib ki, İran rəsmi Bakının bu təklifinə maraq göstərir. Eyni zamanda, Rusiya-Azərbaycan-İran infrastrukturu da maraqlar çərçivəsindədir. Artıq Rusiya ilə İran arasında hökumətlərarası görüş olub. Görüş zamanı Azərbaycan üzərindən Rusiya elektrik enerjisinin İrana ötürülməsi müzakirə olunub.

"İnfrastruktur var, amma bunlar ciddi əsasların üzərində aparılmalıdır. Çünki bütün böyük layihələrin keçirilməsi üçün ciddi kapital tələb olunur və bunlar yalnız sözdə həll olunmur.

Biz danışıqlar apararaq onların təkliflərinə baxacağıq və İranın enerji resurslarının nəqli üçün boru kəmərlərimizin genişləndirilməsi imkanlarını nəzərdən keçirəcəyik".

Cənub Qaz Dəhlizi üzrə işlərin 50 faizi görülüb

Cənub Qaz Dəhlizinə toxunan nazir qeyd edib ki, bu layihə ilə bağlı Azərbaycan üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirir və işlərin 50 faizi artıq görülüb. "Cənub Qaz Dəhlizinin reallaşdırılması üzrə Koordinasiya Şurasının ikinci iclası gələn ilin əvvəlində Bakıda keçirilə bilər. İclasda layihənin reallaşdırılmasının gedişi və görülmüş işlər müzakirə ediləcək".

Natiq Əliyev hesab edir ki, Transadriatik boru kəmərinin tikintisi layihəsinin reallaşdırılması işlərinin necə getdiyinə daha çox diqqət ayırmaq lazımdır.

Nazirin sözlərinə görə, 2016-cı ilin yazında TAP-ın fiziki tikintisinə başlanılacaq. "Bunun üçün bütün zəruri icazələr alınıb, sənədlər hazırlanıb, borular sifariş edilib. Hesab edirəm ki, TAP-ın tikinti layihəsinin reallaşdırılması işlərini tezləşdirməliyik".