Nağdsız ödənişlərin inkişaf perspektivləri
Müasir iqtisadiyyatda dövlət qurumları, iqtisadi subyektlər və vətəndaşlar arasında aparılan nağdsız ödənişlərin inkişafı və daha müasir formalarının tətbiqi mühüm əhəmiyyət kəsb edir. Artıq bir sıra dünya ölkələri bu istiqamətdə ciddi addımlar atmağa başlayıb. Müsbət nəticələr əldə olunmaqdadır. Azərbaycanda da bu istiqamətdə görülən işlər təqdir olunur. Aparılan araşdırmalar onu deməyəy əsas verir ki, nağdsız ödənişlərin sürətli inkişafı ölkə iqtisadiyyatına müxtəlif istiqamətlərdə təsir göstərib.
Bank sisteminin birinci həlqəsini təşkil edən Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə nağdsız hesablaşmaların həyata keçirildiyi ödəniş sistemləri sahəsində beynəlxalq maliyyə qurumlarının texniki yardımı və maliyyə köməyindən istifadə etməklə son on il ərzində uğurlu islahatlar həyata keçirib və Milli Ödəniş Sistemi infrastrukturunu formalaşdırıb.
Bu infrastrukturun formalaşdırılması pul dövriyyəsinin sürətinin nəzərəçarpacaq dərəcədə artmasına, iqtisadi subyektlər arasında hesablaşmaların daha təhlükəsiz və effektiv həyata keçirilməsinə səbəb olub. Həmçinin kiçik həcmli və təkrarlanan xırda ödənişlərin elektron daşıyıcılar əsasında həyata keçirilməsi, kommunal xidməti müəssisə və təşkilatlarının, böyük sayda xırda ödəniş əməliyyatları aparan hökümət qurumlarının Milli Ödəniş Sisteminin infrastrukturuna inteqrasiyası üçün əlverişli zəmin yaradılıb.
Bu infrastrukturun əsas elementlərinibanklar arasında hesablaşmaların real vaxt rejimində (on-line) həyata keçirilməsi təmin edən 2001-ci ilin əvvəllərində yaradılmış Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemivə 2002-ci ilin sonlarından etibarən milli telekommunikasiya şəbəkəsinin bazasında yaradılmış Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemitəşkil edir.
Bu istiqamətdə Mərkəzi Bank tərəfindən aparılan islahatlar nəticəsində kommunal xidməti müəssisələrinin daxili informasiya sistemlərinin beynəlxalq standartlar əsasında təkmilləşdirilməsi və ödəniş sistemləri infrastrukturuna texnoloji inteqrasiyasının tamamlanmasının icrası ilə əlaqədar olaraq kommunal xidməti haqlarının yığımı üzrə Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi yaradılaraq 2008-ci ilin 11 iyul tarixindən etibarən istismara verilib. [1]
Ölkədə nağdsız ödənişlərin inkişafı istiqamətində növbəti tədbir isə dövlət büdcəsinə ödəniləcək vəsaitlərin vahid platforma üzərindən qəbul edilməsinin təmin edilməsi üçün KÖMİS-in texniki və funksional imkanlarının genişləndirilərək "Hökumət Ödəniş Portal”ının yaradılması olmuşdur. Mərkəzi Bankın 2013-cü il üzrə illik hesabatına əsasən vətəndaşlar burada ödənişlərini HÖP-ün yaradılmış infrastrukturuna qoşulmuş 42 bankın və "Azərpoçt” MMC-nin birlikdə1500-yə yaxın ödəniş məntəqəsində nağd formada və sistemin internet resurslarından istifadə edilməklə ödəniş kartları vasitəsilə nağdsız formada həyata keçirə bilərlər.
Ölkədə ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, ödəniş xidmətləri bazarındarəqabət mühitinin gücləndirilməsi və ödəniş xidməti istifadəçilərinin hüquqlarının müdafiəsinin artırılması məqsədi ilə "Ödəniş xidmətləri haqqında” qanun layihəsi hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub.
Mərkəzi Bankın nağdsız ödənişlərin inkişaf etdirilməsi üzrə həyata keçirdiyi stimullaşdırıcı tədbirlərdən biri də 2013-cü ildə banklar arasında "Nağdsız ödənişlər üzrə lider bank” və "Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyalarının keçirilməsi olmuşdur. Mərkəzi Bank bunu bir ənənəyə çevirərək 2014-cü il üzrə də yeni nominasiyalar elan edib.
Nağdsız ödənişlərin inkişafı üzrə statistik rəqəmlərə nəzər salsaq, 2013-cü il ərzində nağdsız pul kütləsi 18.4% artmış, nəticədə qeyri-nağd pul kütləsinin manatla geniş pul kütləsindəki xüsusi çəkisi 3.4 faiz bəndi yüksəlib. Ödəniş kartı emissiya edən bankların sayı 40-a, kart sahiblərinin sayı isə 5,1 mln. nəfərə çatıb. Ödəniş kartlarının sayı 5,7 mln. ədədə çatmışdır ki, onlardan da 4,7 mln. ədədi debet, 942,5min ədədi isə kredit kartlarıdır.
2013-cü ilin sonuna ölkə ərazisində quraşdırılmış POS-terminalların sayı 33285 ədəd, bankomatların sayı isə 2422 ədəd təşkil edir.[2]
Həyata keçirilən islahatlara baxmayaraq bir sıra çatışmazlıqlar mövcuddur. Nağdsız ödənişlərin aparılmasında mühüm vasitə olan ödəniş kartlarından hələ də bankomatlar vasitəsilə nağd pulun əldə olunması üçün istifadə olunur. Buna real nümunə olaraq təqaüdlərin paylandığı günlərdə bankomat qarşısında növbələrin yaranmasında görmək olar. Yaranmış bu problemin həlli olaraq pensiyaların paylanılması prosesinə digər bankların, habelə poçt operatoru olan "Azərpoçt” MMC-nin cəlb olunması mühüm əhəmiyyət kəsb edir.
Bu sahədə mövcud problemlərdən ən mühümü isə quraşdırılmış POS-terminalların təyinatına uyğun olaraq istifadə edilməməsidir. Belə ki, bir çox hallarda kassirlər ödəniş kartını qəbul etməmək üçün hər zaman müəyyən bəhanələrlə rabitə xəttinin olmaması, POS-terminalın işləməməsi və ya sadəcə işlədə bilməmələrinibildirərək ödənişi həyata keçirmirlər. Bu isə vətəndaşlarda narazılıqlar yaradaraq nağd pula üstünlük vermələrinə səbəb olur.
Hökumət tərəfindən vergi güzəştlərinin tətbiq olunması mövcud problemin həlli istiqamətində mühüm addım ola bilər. Bu stimullaşdırma tədbiri satıcıda nağdsız hesablaşmalara maraq yaratmaqla real dövriyyənin əks olunmasına da öz töhvəsini vermiş olacaqdır. Stimullaşdırma tədbirləri çərçivəsində ticarət mərkəzlərində çalışan kassirlərin nağdsız dövriyyənin həcmindən asılı olaraq müvafiq bank tərəfindən mükafatlandırılması da nəzərdən keçirilə bilər. Aparılan əməliyyatın dvriyyəsindən asılı olaraq ödəniş kartlarının sahibləri arasında lotereyaların keçirilməsi də tədbir olaraq nəzərdən keçirilə bilər.
Mövcud problemlərdən digəri isə hal-hazırda avtobuslarda quraşdırılmış terminalların demək olar ki istifadə olunmamasıdır. Beynəlxalq təcrübədə xırda ödənişlərin həyata keçirildiyi sərnişindaşıma, avtodayanacaqlar və bu kimi digər sahələrdə ödəniş kartlarından geniş istifadə olunur. Ölkəmizdə aidiyyəti dövlət qurumu tərəfindən bu sərnişindaşımada kartlardan kütləvi formada istifadə təmin edilməli, həmçinin kartlarla ödəniş imkanları genişləndirilərək onların həm də metroda istifadəsi təmin edilməlidir.
Əhalinin bu sahədə biliklərinin aşağı olması da nağdsız ödənişlərə öz təsirini göstərir. Belə ki, nağdsız ödənişlərin əhəmiyyətini bilməyən vətəndaşlaristər əmək haqlarını, istərsə də pensiya və ya tqaüd kimi digər ödənişləri kartla aldıqdan sonra ilk növbədə hansı bankomat vasitəsilə vəsaiti çıxarmağı düşünürlər. Sistemli formada həyata keçiriləcək tədbirlər çərçivəsində bu amil nəzərə alınmalı və əhalinin bu sahədə maarifləndirilməli, kütləvi informasiya vasitələrində nağdsız hesablaşmalar haqqında mövzulara geniş yer verilməlidir. Bu istiqamətdə təhsil ocaqlarında müvafiq mövzuların tədris olunması zəruridir. Maarifləndirmə məsələləri şaxəli formada aparılmalı banklarda bura cəlb olunmalıdır.
Nağdsız ödənişlərin gələcək inkişaf perspektivlərindən danışdıqda inzibati tədbirlər də nəzərə alınmalıdır. Bu tədbirlər nağdsız ödənişlər üzrə tərəfləri birgə məsuliyyətə cəlb etməklə hesablaşmaların efffektivliyini yüksəldəcəkdir. Bu istiqamətdə POS-terminalların quraşdırıldığı ticarət mərkəzlərinin onların istifadəsindən imtina etməmələri üçün müvafiq inzibati tədbirlər müyyən edilə bilər.
Qanunvericilikdə dəyişikliklərin çevik formada aparılması nağdsız ödənişlərin inkişafı və beynəlxalq təcrübədə olan yeniliklərin tətbiqi baxımından zəruridir. İqtisadiyyatda nağdsız ödənişlərin genişləndirilməsi məqsədi ilə bir sıra sahələrdə hesablaşmaların ancaq nağdsız formada aparılması (məsələn ev alqı-satqısı kimi) qanunvericilikdə təsdiq oluna bilər.
Bu sahədə texnoloji inkişafın dəstəklənməsi, yeni ödəniş üsullarından məsələn mobil telefonlarınistifadənin tətbiqi də vacibdir. Ölkəmizdə az qala hər bir vətəndaşın mobil telefona sahib olmasını nəzərə alsaq mobil ödənişlərin tətbiqi üçün əlverişli zəmin yaranır.
Ümumilikdə qarşıdakı illərdə ölkədə nağdsız ödənişlərinsürətli inkişafı istiqamətində sistemli formada bir sıra layihələr həyata keçirilməlidir.Bu istiqamətdə ilk addım olaraq layihələrin həyata keçirilməsini təmin edəcək müvafiq təşkilat müəyyən olunmalıdır. Nağdsız hesablaşmaların banklar vasitəsi ilə həyata keçirildiyini nəzərə alaraq bu qurum qismində Mərkəzi Bank çıxış edə bilər. Lakin qeyd olunmalıdır ki bu istiqamətdə tədbirlərin həyata keçirilməsi tək Mərkəzi Bankdan deyil, aidiyyəti dövlət qurumlarının aktiv iştirakından da asılıdır.
Həyata keçiriləcək layihələrin sosial-iqtisadi əhəmiyyətini nəzərə alaraq vahid strateji sənədinin və ya dövlət proqramının qəbul olunması,habelə layihələrin və onların icraçılarının konkretləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Ədil Ədilzadə
Məqalə Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi "Nağdsız ödənişlərin sürətli inkişaf meyilləri: reallıq və perspektivlər” adlı müsabiqəyə təqdim olunur.


Bakı -°C

