MUSA ƏLƏKBƏRLİ: ŞEİRLƏR

Dəprəmin yazdığı bu qanlı şeirə...
Ekranın önündə dondurub məni
Sözün bitən yeri, tükənən yeri.
Bir acı, amansız don vurub məni
Tanrım, necə çəkək bu dərdi-səri?!
Uçqun altındadır şəhərlər, köylər,
Sarıb Türkiyəmi kütləvi ölüm...
Yerin harayına kar olub göylər,
Yerdən də, göydən də üzülür əlim.
Gör necə qalanıb daş üstündə daş,
Adamlar altında can verir indi.
Mən də daş altdayam bu saat, qardaş,
Yaram neçə yerdən qan verir indi.
Beton topasına dönüb hər bina,
Əkiblər* durmadan “Möcüzə” gəzir.
Can qıyır kiminsə yaşam haqqına,
Hamı xilas üçün durub müntəzir.
Əsrin faciəsi, türkün matəmi
Kömək gəlməlidir, bu bir qaydadır.
Can-başla bölüşür dünya bu qəmi,
Qitələr, ölkələr, hay-haraydadır.
Başına nə gəldi gör birdən-birə,
Sınağa çəkilir tabı millətin.
Təbiət yazdığı bu qanlı şeirə
Tanrı rəy verərmi?! – Çətin, çox çətin...
“Türkiyə tək ürək” ağlar nidası
“Türkəm” deyənləri bir sapa düzür.
Məlhəmdi dözümün, səbrin sədası
Birgə qarşılanır bu ağır hüzr.
Bu sabah gözünü açmadı xeyrə,
Türkiyəm, çəkdiyin sonsuz qəm mənim.
Dəprəmin yazdığı bu qanlı şeirə
“Başın sağ olsun!”du əlavəm mənim.
08.02.2023
*Əkiblər - xilasedicilər
MƏN NECƏ DÖYÜŞÜM
Altmışillik yubileyim ərəfəsində çox hörmətli bir şair dostum “Musa sən yaxşı şairsən, ancaq səndən acığım gəlir, öz haqqın uğrunda döyüşmürsən”- dedi. O vaxtdan düz on iki il keçir, o sözlər ürəyimdə ovxarlana-ovxarlana axır ki, şeirə çevrildi.
Öz haqqın uğrunda döyüş deyirsən,
Deyirsən pasladır qılıncı qını.
Deyirsən şairin haqqından kəsən
Hardasa tapdayır Vətən haqqını.
Mən haqqın quluyam qələm tutandan,
Canımda qələmə qul sədaqəti.
Əhdinə bağlıyam ürəkdən, candan,
Heç nə bu ilqarı pozammaz qəti!
Sənət dünyasında nə alqı-satqı?!
Şeirimiz öyünən gündə deyil ki...
Mən kimlə döyüşüm, şairin haqqı
Şəhid haqqından da öndə deyil ki?!
Şeirə köçə bilmir çox dərdi-sərim,
Silahdan yarımır sözümün səfi.
Mən necə döyüşüm, od sətirlərim
Nişan almayırsa əsil hədəfi?!
Haqqım – qazandığım halal duz-çörək,
Xəyal dərinliyi, səs ənginliyi.
Yeddiqat göylərə bağlısa ürək
Yer necə dərk etsin bu zənginliyi?!
Şair, bu iradın, tənən haqdımı?
Özümçün heç zaman döyüşmərəm mən.
Haqqın tərəfində durmaq haqqımı
Ölsəm də heç nəyə dəyişmərəm mən!
Adım gələn yerdə çatır “və sair”
Duyumlu ürəklər daşsa, dəmirsə...
Canım, xeyri yoxdur, nə “yaxşı şair”
Mənsəbli ixtiyar bunu demirsə?!
Kükrəyib haqq mənəm deyən Nəsimi
O haqqın uğrunda soyulmadımı?!
Ekrandan, efirdən qovun səsimi,
Qəzetdən, jurnaldan pozun adımı.
Özəl misralarım çıxsın aşkara,
Qınında çürüyən qılınc olmasın.
Onlar da mənimtək çəkilib dara,
Döyüş meydanında girinc olmasın.
Sözlər var sinəmə sancılan oxdu,
Çox sirlər gizlində, çox dərdlər yasaq...
Haqdan danışmağa haqqımız yoxdu,
Vətəni haqqına qovuşdurmasaq!
08.04.2022
ÜRƏYİM
Ömrüm ötüb keçdi harayla, küylə,
An kimi ötüşdü ilim, ürəyim.
Sonuncu sirrini aç mənə söylə,
Qoy mətləb üstünə gəlim, ürəyim.
Bir gün ötüb keçər kədər də, qəm də,
İndi dağ bildiyin dərd də, sitəm də.
Yetim bir quzuya dönmə sinəmdə
Kükrəyib çağlayan dəlim – ürəyim.
Sən qaçaq olubsan qeybət düşəndə,
Dəyərlər enəndə, qiymət düşəndə.
Həqiqi sənətdən söhbət düşəndə,
Səninlə uzundu dilim, ürəyim.
Demədin mən hara, bu sevgi hara?
Özün öz içində çəkildin dara.
Neçə dözə bildin sərt baxışlara
Ay kövrək ürəyim, həlim ürəyim?!
Sənsən bu dünyada olub-qalanım,
Acı həqiqətim, şirin yalanım.
Tanrımla aramda körpü salanım,
Sərvətim-qızılım, ləlim ürəyim.
Yanğım burum-burum tüstündə qalıb,
Acı xatirələr qəsdində qalıb.
İndi təkcə sənin üstündə qalıb
Hər şeydən üzülən əlim, ürəyim.
Ömrə yan almamış bir qan, bir qada,
İlk öncə mən səni atmışam oda.
Təkrar olunmayıb heç vaxt dünyada
Mən sənə etdiyim zülüm, ürəyim!
Ürəyə xəyanət...bu elə qəm ki,
Sevgisiz illərin gözləri nəm ki...
Mən sənə elə bir dağ çəkmişəm ki,
Min illər soyumaz külüm, ürəyim.
Uçurar ruhumu bir səda, bir səs,
Sənə darlıq edər dünya – bu qəfəs.
Musanın ömrünə qəfil, təngnəfəs,
Səninlə gələcək ölüm, ürəyim.
25.03.2022
Gözəlliyə baxanda
Gözəlliyə baxanda yorğun gözüm dincəlir,
Ürəyimə güc, qüvvət, dizimə təpər gəlir.
Qalxır ərşi-əlaya, ruhum göyə yüksəlir,
Bu vurğunluq tanrıya can atmağımdı mənim.
Mənzilə çatdırmadı yollarımın kəcliyi,
Vədəsiz yola saldım rahatlığı, dincliyi,
Bu gün anmaq sevgidən yanıq qalan gəncliyi,
Ürəyimi yer-yerdən qanatmağımdı mənim.
İndi peşman, pəjmürdə öz qəlbini dinləmək,
Bu sozalan yaddaşı təzələmək, çinləmək.
Odu sönən illəri təzədən yelpikləmək,
Uyumuş duyğuları oyatmağımdı mənim.
Gözümün vərdişidi bulaqtək duru axmaq,
Qəlbi içdən közləmək, ruhu yandırıb yaxmaq.
Yaşımın bu çağında gözəl qız sənə baxmaq,
Yanar lalə üstünə qar atmağımdı mənim.
Sürəklərdə teylənib ovdan aralı qalan,
Ocağı öləziyən, gülü saralı qalan.
Nə yarada bilər ki, yardan yaralı qalan,
Bu andığım ağrılar yaratmağımdı mənim.
03.02.2022
Dostlar, vaxtımız azdı
Dostum Nizami Hüseynova
Bütün günü biz hardayıq? –
Ya evdəyik, ya işdə.
Ömür quştək uçub gedir
bu gəlişdə, gedişdə.
Az adama qismət olur
Bu pərgarlıq, səriştə.
Yaşamağa vaxt ayıraq,
Dostlar, vaxtımız azdı.
Heç fərqinə varmamışıq
vaxtı necə sovmuşuq,
Arzuları, ümidləri xam at kimi
qovmuşuq.
Dadlı xəyalplovlardan
birdəfəlik doymuşuq
Yaşamağa vaxt ayıraq,
Dostlar, vaxtımız azdı.
Həqiqətin kölgəsi var
Əslində heç əsli yox,
Məhəbbətin dörd fəsli var
ayrıca bir fəsli yox.
Təmənnasız doğmalığın
bu dünyada misli yox,
Yaşamağa vaxt ayıraq,
Dostlar, vaxtımız azdı.
Qoy doğmalar cərgələnsin
bir səmitə, bir yana
Xoş ünsiyyət xoşbəxtlikdi
onu içdən duyana.
Bir ərkim var
yerin-göyün təməlini qoyana
Yaşamağa vaxt ayıraq,
dostlar, vaxtımız azdı.
Gecə yatıb dincəlirik,
düşünürük sabah var,
Bilmirik ki, o sabahda
Günah, yoxsa savab var.
Çox cavabsız suallara
şairdə bir cavab var:
Yaşamağa vaxt ayıraq,
dostlar, vaxtımız azdı!
16.06.2020
AY VƏTƏN
Bu boyda şəhid yükünə
Dözürsə qəddin, ay Vətən.
Mütləq bir gün bütövləşər
Sərhədin, səddin, ay Vətən!
Kəsilməyib səsi, ünü,
Tarix olan qırx dörd günün...
Yağılara öz gücünü
Yaxşı göstərdin, ay Vətən.
Qabağında ağır yasın,
Şah vüqarın qoy sınmasın.
Sən tapda ki... tapdanmasın
Cığırın, rəddin, ay Vətən.
Başdan-başa düşmən şərdi,
Şəri boğmaq bir hünərdi.
Alovlara sinə gərdi,
İgidin, mərdin, ay Vətən.
Yaxındadır Turan turu,
Yenilməzdir türkün zoru.
Dəhliz edər Zəngəzuru
Bu qalib həddin, ay Vətən!
14.09.2022
SEVGİ
Nədən korluq çəkir, bu dünya nədən?!
Onun dərdi sevgi, ələmi sevgi.
Səndən bir pay umur hər gəlib gedən,
Biz sənsiz heç nəyik, eləmi, sevgi?!
İstər əlli yaşa, istər yüz yaşa,
Sonda insan dönür torpağa, daşa.
Dünya tamaşadır, əsil tamaşa,
Onun möcüzəli aləmi sevgi.
Bir devdi, şüşədə çırpınır canı,
Axır neçə yerdən, görünmür qanı.
Buğdaydı cənnətdən qovdu Həvvanı,
Göydən yerə çırpdı Adəmi sevgi.
Gözümə milləri qara, ağ çəkir,
Solmuş bostanıma yaşıl tağ çəkir.
Yaşın bu çağında mənə dağ çəkir,
Təzədən yandırır dədəmi sevgi.
Bir ovdu, ovlayır özü ovçunu,
Məni nə yaşadır?! – onun ovsunu.
Bitib tükənməyir illər uzunu
Qeybdən doldurur badəmi sevgi.
Aralığa düşən bu Çin səddimi?!
Bu yolda bilmədim mən heç həddimi.
Qocalıq əysə də çinar qəddimi,
Yonur, qəddələyir qələmi sevgi.
Musa görüşünə durub müntəzir,
Qəlbində daşlaşan həsrəti əzir.
Gözünün üstündə hələ də gəzir
O qızın mübarək qədəmi sevgi!
VAXTIDIR
Yanılmayıb qismətimi göndərən,
Geciksə də o yolları köndələn....
Gözlərinin gözəllikdən köz dərən
Ürəyinin çıraqlanan vaxtıdır.
Harda qaldı “qaçdı-qovdu” bicliyin?
Zövqü yoxdu rahatlığın, dincliyin.
Bir quş kimi əldən uçan gəncliyin
Ağrı ilə soraqlanan vaxtıdır.
Qabağını ha kəssən də sən şərin,
Ürəyində şırım açdı çox dərin.
Xəyal-xəyal ötüb keçən illərin
Kitab-kitab varaqlanan vaxtıdır.
Sevgin idi səni uca saxlayan,
O sevgiyə olmadı gün ağlayan...
Nə könlünün çaylar kimi çağlayan
Nə telinin daraqlanan vaxtıdır.
İnnən belə günlərini say, Musa,
Sirlərini şeirə çevir, yay, Musa.
İndi sənnən gözəllər yox, ay Musa,
Mələklərin maraqlanan vaxtıdır.
ƏLİM ÜZÜMDƏ QALDI
Bitdi bir sual-sorğu
Töhmətləndi düz, doğru.
Təmizə çıxdı oğru
Əlim üzümdə qaldı.
Söz açdım bir kalandan
Bir misli yox talandan.
Danışdığı yalandan
Əlim üzümdə qaldı.
O tiranın səhvindən
O ölkənin məhvindən.
Cəlladların əhvindən
Əlim üzümdə qaldı.
Dünyamız qat-qarışıq
Bətnində sönür işıq.
Biz niyə yaranmışıq
Əlim üzümdə qaldı.
Dünyadan cavab aldım,
Əlli il də qocaldım.
Çaşdım, dondum, sustaldım
Əlim üzümdə qaldı.
Çarpışan şeiri gördüm
Yoxdu bir xeyri, gördüm.
“Nə gördüm əyri gördüm”*
Əlim üzümdə qaldı.
*Bu misra M.P.Vaqifin “Görmədim” müxəmməsindəndir.
Tanışlıq
Bir-birinə yabançı, yad
İki əsrin adamıyam.
Həlli müşkül, cavabı yox,
Çətin kəsrin adamıyam.
Arzularım kök altında,
Ömrüm boyu əsir qaldı.
Ha topladım, vurdum, çıxdım,
Böldüm, yenə kəsr qaldı.
XX-dən XXI-ə
İlan kimi sürünmüşəm.
Yaşamaqdan söhbət getmir
Mən sadəcə görünmüşəm.
Ay Musa
İmzan üçün çox basqı var, çox hədə,
Görünmürsən o güzgüdə, lövhədə.
Boğulsan da sən o lilli lehmədə,
Keçmə namərd körpüsündən, ay Musa.
Üz tutduğun səmt tutqundu, yol qara,
Tuş olmusan bir ac şahin-şonqara.
Belə getsə dönəcəksən yonqara,
Ehtiyacın törpüsündən, ay Musa.
Dəryan daşır, varmı elə duyanın
O dəryadan sənə damcı qıyanın.
Bu yaşda da baş açmadın dünyanın
Gizlinindən, örtüsündən Ay Musa.
Atam, anam gedəli
Atam, anam gedəli
İtiribdir yaşamı.
O evdə yaşamırıq,
Heç o ev də yaşamır...
Sağikən haqlayıbdır
Bu dəlil-sübut onu.
Bir tabuta döndərir
Gecələr qatı zülmət,
Gündüzlər sükut onu!
Sahibini itirib,
Sinəsi dağlı qalıb.
Pəncərəsi pərdəli,
Qapısı bağlı qalıb.
Hörümçəklər tor salıb
Küncündə, divarında.
Aylar, illər əriyir
Dərdində, qübarında.
Həyətini ot basıb,
Yox çəpəri, çalğısı.
Yetim evlər görəndə
Şair gərək ağlasın,
Vətən gərək ağrısın!
Atam-anam gedəli
İtiribdir yaşamı.
O evdə yaşamırıq,
Heç o ev də yaşamır!
Dördlüklər
Yuxu tək yaşadım bu məhəbbəti
Vüsal həsrətiylə axır qocaldım.
Sevgindən umduğum zövqü, ləzzəti,
Adına yazdığım şeirdən aldım.
***
Bir ömür çay kimi coşdum, çağladım,
Düşdüm sorağına qədirbilənin.
Dilim “yar” deməkdən yara bağladı,
Yerdə tayı yoxmuş göydən gələnin!
***
Dərdi yuvasında təkləmək olar,
Tanrıdan xoş günlər bəkləmək olar.
İnsanlar ac nəfsə qul olmasalar,
Dünyanı sevgiyə kökləmək olar!
***
Ağrıyla, həsrətlə anır keçmişi,
Xəyalı pəjmürdə,ürəyi darda...
Bir vaxt kabinetdə pul sayan kişi,
İndi addımını sayır bulvarda.
Qələm
Şeirsiz günüm gün deyil,
Sovrulmuş samandı, qələm.
Yaşamağım mümkün deyil,
Rəhm elə, amandı, qələm.
İlham kəssin amanımı,
Salsın məni çək-çevirə.
Üzümü çevir astara,
Görüm yenə mən sevirəm.
Üz tutduğum o Leylilər
Yenə məni Məcnun sansın.
Gözlərimdə bir gözəlin
Əksi yenə xumarlansın.
Sevgi deyib göylərə bax,
Qəlp sözün üstündən adla.
Könüllərə süzülüb ax,
Üzü gülər bir ovqatla!
Gözlərini deş bu qəmin,
Daha ötkəm çıxsın səsin.
Səni mənim əllərimdən
Ölüm də ala bilmədin!
Gəl sirrini mənə aç
Ölərəm sənin də sirrin açılar...
M. İsmayıl
Ölüm, lap yaxındasan,
Qulağımın dibində.
Səni qaytarmaq üçün
Heç nə yoxdu cibimdə.
Doğulandan mənimlə
Yol gəlirsən yanaşı.
Bir ömür gözləmişəm
Səninlə son savaşı.
Dərmanlar löyun-löyun,
Xəstəliklər qatbaqat.
Harayıma özün yet,
İmdadıma özün çat.
Qoy bu maraqsız ömrün
Sonuna tez çıxım mən.
Səni ilk sevgim kimi
Ürəyimə sıxım mən.
Tanrıya can borcum var,
Gəl al, canım dincəlsin.
Paxıl, xain “dost”ların
Gözünə yuxu gəlsin.
Sən qorxulu bir sirsən,
Sehirli bir müəmma.
Sirrinə yetmək üçün
Can itkisi var amma.
Saysız arzularıma
Qələm çəkdi ehtiyac.
Son arzum sənsən, ölüm
Gəl sirrini mənə aç!
13 oktyabr 2009
Xocalı
Qisasın alınmadı,
ağrı-acın bitmədi,
Ünüm sənə çatmadı,
Əlim sənə yetmədi.
Qəlbimizdə ilbəil
kömürləşən Xocalı.
Ömrü güdaza gedən,
ömürləşən Xocalı.
Mənim şəhid şəhərim,
Sonsuz dərdim, qəhərim.
Səndən söhbət açmağa,
Varmı tabım, təhərim?!
Qayım-qədim bir xalqın
ürəyinin yarası,
Lənətlə damğalanmış
tarixin üz qarası,
Bir əsrin göynəyini,
o bir əsrə yetirən,
Dünyanın töhmətini
indiyədək götürən.
Nəfəsi buz bağlayan,
qanı donan Xocalı.
Yaralı heykəlini
özü yonan Xocalı.
Gecənin günortası
ahu kimi teylənən,
Bəyaz qarın üstündə
qızıl qanı sellənən
Saysız cəsədlərindən
cələ quran şəhərim,
İçin-için ağlayan
ay hıçqıran səhərim.
Çingiz Mustafayevin
göynəkli hönkürtüsü,
İçimizin yanğısı,
başımızın tüstüsü.
Xocalı sinə dağım,
qaysaq tutmaz yaramdı,
Qisasını almasaq
ömür bizə haramdı!!!
Fevral, 2019
Olsun
Dünyanın qeylü-qalına,
Tərsinə ötən valına.
Gülüm, bu xəstə halına,
Sağlam ruhum fəda olsun.
Səni içdən öyənin var,
Sinəsinə döyənin var.
“Qadan alım” deyənin var,
Çətin ki bir qada olsun.
Dərd yaddısa xilqətinə,
Zaval yoxdu sən mətinə.
Həkimlərin şəfqətinə
Tanrıdan xoş səda olsun!
Vallah tanrım qıymaz hələ,
Belə vaxtsız əcəl gələ.
Saf ürəkli sən gözələ,
Qoy bu inam əta olsun...
Ağrılar itər anında,
Şəfa duyarsan canında.
Yoxdusa Musa yanında,
İstəmir bir xəta olsun!
Bu adam
Məcnun səhrasında, Sənan dağında
Çox tufanlar dəf eləyib bu adam.
Həyatının ən önəmli çağında
Yalnış yapıb, səhv eləyib bu adam.
Alışdıqca günahının qorunda,
Çabalayıb vicdanının torunda.
Bu minvalla çətin yatar gorunda
Sağ canını məhv eləyib bu adam.
Yelpikləyib kömürünü, közünü,
Közərəndə deyə bilib sözünü.
Gah düşməntək dara çəkib özünü,
Gah dost kimi əhv eləyib bu adam.
İllər ötdü, ömür keçdi yuxuda,
Canındadır bu yuxunun xofu da.
Qəlbindəki əsintidə, qorxuda,
Cəsarəti dəfn eləyib bu adam.
Ürəyindən baş qaldırar bu sancı,
O, sən olmaz, ay şüarçı, azançı.
Bu dünyadan dərd-qəm olub qazancı,
Göz yaşından nəf eləyib bu adam.
Yazmalıyam
İlham – ay bəxtimin tacı,
Çox düşünmə acı-acı.
Bu yaramaz ehtiyacı,
Sıxıb küncə yazmalıyam.
Mənimdir o batan gəmi,
Qurumaz gözümün nəmi.
Göynədib dünya – aləmi,
Kövrək, incə yazmalıyam.
Tufan güclü, dərya sayıq,
Bir avarsız qayıqdayıq.
Bir az sağlam, bir az ayıq,
Düşününcə yazmalıyam.
Nə sonsuzmuş bu qayğılar,
Yox olsa, dünya dağılar.
Qəlbimdəki bu duyğular,
Tükənincə yazmalıyam.
Var olmasın bu varlıqlar,
Boğdu bizi qaranlıqlar.
Gözümüzdən toranlıqlar
Sökülüncə yazmalıyam.
Qoruyuram hələ canı,
Gözləyirəm o tufanı.
Torpağımda düşmən qanı
Tökülüncə yazmalıyam.
Boş ötüşdü qərinələr,
Nələr çəkdik, allah, nələr...
Yer üzündən şər qüvvələr
Çəkilincə yazmalıyam.
OLDU
Gənc idi qəlbində qırıldı bir sim
Bir ömür izlədi onu bu tilsim.
O ülvi istəyi, ilahi eşqi
Dilində göynəyən bir ağı oldu.
Gör nələr eylədi sadəlik ona,
Ovda yön vermədi o əlik ona.
Təşnəsi olduğu gözəllik ona
Açıqdan-aşığa gözdağı oldu.
Bir dəfə səhv edib günaha vardı,
Düzəlmir o səhvi, yol gəlir ardı...
Ürək eləmədi açıb ağarda
Çəkdiyi ağrılar çox ağır oldu.
Şair çağrılsa da hər yerdə adı,
Neçə sorğusuna cavab almadı.
Onu bu yollarda saya salmadı
Tale ögey çıxdı, bəxt yağı oldu.
Kükrəyib sel kimi daşan anında
Gizli bir əsinti duydu canında.
Üsyanlar boğuldu həyəcanında
Ruhu bədəninin dustağı oldu.
Onu zaman-zaman sıxsa da həyat,
Heç zaman yazmadı ürəksiz, boyat.
Musa poeziyanın kövrək, narahat
Sadədil, mehriban uşağı oldu.
Şairi
Ay adamlar, bir dinləyin,
Yetmişə yetən şairi.
Kaman kimi inildəyib
Qumru tək ötən şairi.
Dərbənd desin, Göyçə desin,
Göynəyini göycə desin.
Sözü doğru, gerçək desin,
Yurd oğlu, Vətən şairi.
Gün əyilir, yetir qürub,
Şükür ayaq üstə durub.
Könüllərdə yuva qurub,
Gözlərdən itən şairi.
Tükənməz ağrı-acıyla,
Və bütövlük amacıyla.
Öz köküylə, köməciylə
Torpaqda bitən şairi.
Səsi qalan, şuru qalan,
Üzündə gün nuru qalan.
Ömrü boyu duru qalan
Haqqa saf yetən şairi.
Yetər ki, döydüm gözümü,
İçimdə boğdum sözümü.
Bir az da öyüm özümü,
Ötüm bir çətən şairi...
ARITLA
Tanrım, bizə divan tutur bu divar
Uçur onu, yolu gendən arıtla.
Tufanına, küləyinə əsas var,
Qılçıqları hazır dəndən arıtla!
Gözdolusu baxa bilsək günlərə,
Gözlərimiz yerdən-göydən gül dərər.
Qarışmasın çiçəklərə, güllərə
Tikanları bu çəməndən arıtla.
Lay buludlar uzaqlarda sürünsün,
Dərələrin dərdi-qəmi kürünsün.
Zirvələrin şah görkəmi görünsün
Bu dağları duman, çəndən arıtla.
Zora düşür qəfil sınır sapımız,
Bircə-bircə kilidlənir qapımız.
Tükənirik, ilə yoxdur tabımız,
Doğan aynan, çıxan günnən arıtla.
Toz-torpaqdan özün seçsən gövhəri,
Aşkarlanar hər bir şeyin cövhəri.
Qarışıqdı, seçəmmirik biz şəri,
Doğma dostu yad düşməndən arıtla.
Yalanlara yalmanırsa sözümüz,
Sırtıq-sırtıq üz görürsə üzümüz,
Özümüzdə məhv oluruq özümüz,
Onu ondan, məni məndən arıtla.
Musa sonda hər müşkülün çəmi var,
İtkilərin toplanacaq cəmi var.
Bu dəryada qərq olacaq gəmi var,
Bunu düşün sən dərindən, arıtla!
Digər Xəbərlər

“Söz”ün Sevdası

Millət vəkili, yazıçı Aqil Abbasla görüş keçirilib - REPORTAJ

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır
