adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 May 2019 15:17
26821
ƏDƏBİYYAT

Mücrim təxəllüslü şairimiz

Mücrim Kərim Vardani Oğuz (keçmiş Vartaşen) rayonunun Kərimli (keçmişVardanlı) kəndində anadan olmuşdur.Doğum və ölüm tarixləri bəlli deyil.


Şeirlərində toxunduğu mövzular və tarixi hadisələronun XVIII yüzilliyin sonlarında doğulduğunu və XIX əsrin ortalarına qədər həyatdaolduğunu göstərməkdədir.

Əlyazmalarda şairin həyatı və əsərləri barədəçox az məlumat verilir. Əsərlərinin cüzi bir hissəsi bizə gəlib çatmışdır.Şairin şəxsiyyətinin başqa şairlərlə eyniləşdirilməsi və ya əsərlərininbaşqalarının adına çıxılması hallarına da təsadüf edilmişdir (Molla Kərim Kəşfi,Aşıq Ələsgər və s.)

M.Kərimin şeirlərini ilk dəfə S.Mümtaz özünün"El şairləri” kitablarında çap etdirmişdir.Ötən əsrin 60-70-ci illərində isəƏ.Cəfərzadə onun haqqında bir neçə məqalə yazmış və əldə olan şeirlərini"Sünbülstan” adı ilə 1978-ci ildə "Gənclik” nəşriyyatında capetdirmişdir.Sonralar Ə.Cəfərzadənin tədqiqatları akademik F.Qasımzadənin "XIX əsrAzərbaycan ədəbiyyatı tarixi” kitabına daxil edilmişdir.Son dövrlərdəki tədqiqatlardada M.Kərimin həyatı və əsərləri barədə müəyyən məlumatlara rast gəlməkmümkündür. Məsələn, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən tərtibvə nəşr olunan "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları " kitabındadigərləri ilə yanaşı M.K.Vardaninin də multukultural dəyərləri özündə əks etdirən,dünyaya sülh, barış və qardaşlıq mesajları verən yaradıcılığı barədə məlumatverilmişdir.

Əsərlərindən və müasirlərinin yazdıqlarından beləanlaşılır ki, Mücrim Kərim öz dövrünün mədəni və savadlı şəxslərindən biriolmuş, ərəb-fars dillərini mükəmməl bilmişdir.Təsadüfi deyildir ki, dostuƏ.Qarağani onu "sahibkamal, alim, şair, haqq aşığı, şairlər şahı və tamam məclislərinyaraşığı” kimi təqdim edir."M.K.Vardaninin həyat və yaradıcılığı”monoqrafiyasının müəllifi G.Pənahın tədqiqatlarında M.Kərimin bir müddətikisinifli rus dilli məktəbdə müəllimlik etdiyi də qeyd olunur. O, müasirləri vəhəmyerliləri olan A.Padarlı, P.Qarağani, M.R.İltica, Q.Cəbrayıl, M.Rövşən vəƏ.Salami ilə sıx əlaqə saxlamışdır. Adları çəkilən şairlər M.Kərimin öz evindətəşkil etdiyi musiqili-ədəbi məclisin fəal üzvləri olmuşlar.M.Kərim başdaolmaqla onların Şəki və Şirvanda fəaliyyət göstərən digər ədəbi məclislərdə, ocümlədən Şamaxıdakı "Beytüs-Səfa” ədəbi məclisində iştirak etdikləri də istisnaolunmur.

Şair səyahət etməyi çox sevmişdir.Əsərlərindən dəgöründüyü kimi, o, Türkiyə, İran, Rusiya və ərəb ölkələrini gəzib dolanmış, Həccziyarətində olmuş, bir müddət Türkiyə sultanının sarayında yaşamışdır (G.Pənah).Qoşmalarınınbirində Ərəb, Əcəm, Dağıstanı, Gürcüstanı gördüyünü, Təkə-Türkmən çölləriniseyr etdiyini, türklərlə çörək kəsdiyini, Noğay, Çərkəz və Rusiyanı gəzdiyinisöyləyir. "Peterburq” rədifli natamam qoşmasında isə şair burada olduğunubildirir və "Dəryada gövhər tək daşdı Peterburq”, "Hamı vilayətdən başdıPeterburq” söyləyərək şəhəri tərif edir. Peterburqla İranı qarşılaşdıranM.K.Vardani Peterburqun timsalında Qərb həyat tərzinə və Qərb mədəniyyətinə özmünasibətini bildirir.

M.K.Vardani sözə, sənətə böyük qiymət verir,yazarlardan elm, bilik, yüksək mədəniyyət, qavrama qabiliyyəti, ariflik vəşeirdə dürdanəlik tələb edirdi. "Bu yerlər” adlı müxəmməsində bu barədədeyirdi:

Şairi-fərzanə gərək şeirdə,
Arifi-hər nəzmü nəsəq nəsrdə.

"Bir mənəm ancaq ki, olan şəhrdə, dürri-girənmayəkimi bəhrdə” deyən M.Kərim hələ sağlığında özünü əsl şair kimi təsdiq etmiş, həmmənzum, həm də mənsur (qismən) əsərlər yazmışdır.

M.Kərimin Əlyazmalar İnstitutunda saxlanılan və121 vərəqdən ibarət olan A-347 şifrəli əlyazmada "Sünbülstan” adlı divançasıqorunur.Bu divança avtoqrafdır, müəllif tərəfindən 1840-1841-ci illərdəköçürülmüşdür.Divança dibacə (müqəddimə) ilə başlanır və 23 qəzəli əhatəedir.Dibaçədə isə nəzm və nəsr bir-birini izləyir. Divançanın adı barədə müəllifbelə bir qeyd vermişdi: "... gahi giley-güzarlıq bina qılıb gahi həmdü sənaqıldım və ol məcməi "Sünbülstan” adlayıb şakər isminə tapşırdım. Qərəz bu ki, rəğbətolunub məhafil və məcalisdə oxunsun və "Sünbülstan” adlanmaqda qərəz odur ki, mənimmürği-ruhum onun daimi təsxirində müqəyyəddir”.

Onun yaradıcılığının əsasını xalq (aşıq) vəklassik şeir tərzində yazdığı əsərlər təşkil edir.Xalq (aşıq) şeiri tərzindəolan əsərləri qoşma, təcnis, gəraylı, bağlama və bayatı, klassik şeir tərzindəolan əsərləri isə qəzəl, müxəmməs, müstəzad və mürəbbe şəkillərindədir. O,klassik şeir tərzində yazdığı əsərlərdə əruzun 6 bəhrindən istifadə etmişdir.Şairin yaradıcılığına xalq (aşıq) ədəbiyyatı, M.Füzuli və M.P.Vaqifin təsiridaha çox duyulur.

M.Kərimin yaradıcılığında müxtəlif mövzularamüraciət olunsa da, aparıcı mövzu məhəbbətdir.

Şairin əsərlərində saf və təmiz məhəbbət tərənnümolunur.Təsvir olunan gözəllər real həyatda yaşayırlar.Amma bu gözəllərin heç cənnətbağında da tayı bərabəri yoxdur, onların hüsnü göydə Günəşi və Ayıutandırır.

Camalın artıqdır şəmsü qəmərdən.
Yolunda keçmişəm can ilə sərdən,
Biçarə Kərimi salma nəzərdən,
Əgərçi kafərəm, gəldim imanə.

M.K.Vardaninin məhəbbət mövzusunda olan şeirlərindəsevən ürəyin döyüntülərini, aşiqin çəkdiyi ahu zarı və intizarı aydın görməkmümkündür:


Fələyin əlindən qılan ahu zar,
Biri mənəm, biri, ya rəb, kim ola ?
Gülü-rüxsarına çəkən intizar,
Biri mənəm, biri, ya rəb, kim ola ?

Şair sevdiyi gözələ "şahü sərvərim”, "şahi-zəmanə”,"sultanım, sərdarım, ağam”, "sonam”, "təbibim” deyə müraciət edir, "Şahbazi-aləmmən səni billəm” söyləyir. Sevdiyinin "fəraqü hicrində qalan” aşiqin dili ilədeyilir:

Ey ağalar, könlüm çapdı ələmlər,
Sultanım, sərdarım, ağam gəlmədi.
Dərdü qəm tapdağı olmuşam həmin,
Göz qaldı yollarda, sonam gəlmədi.

Lirik qəhrəman çəkdiyi əzab-əziyyətdən usanmır,"Əritdi canımı atəşi hicran”, "Gözüm yaşı oldu dəryayi-ümman” desə də, qətiyyənbədbinliyə qapılmır, şükr edir, gələcəyə nikbin baxır:

Ağlama zar, ey Kərim, şükr elə allahına,
Rəyin ilə dövr edər gərdişi-dövran bu gün.

M.Kərim gözəlin daxili və xarici aləmini vəhdətdəgötürür.Şairə görə, zahiri gözəllik gözün, daxili gözəllik ruhun sevdiyi, dəyərləndirdiyidir.

Görsəm günəş cəmalın zahidlərə nümayən,
İbadətin unutsun hər alimi-abidat....
Göftarə gəl, həbibim, şəkkərfəşanlıq eylə,
Ta heyrətə boyansın hər aqilu kamilat.

O, İ.Nəsimi kimi kamil insanı "canımın cananəsi”hesab etməklə "insan yer üzünün əşrəfidir” hökmünü bir daha təsdiq edir. M.Kərimyüksək qiymət verdiyi insanın alçaldılmasına, onun əzablara qatlaşmasına,amansız istismara məruz qalmasına, cahilliyə, "dərbədər” və "qəmxar” olmasınadözə bilmir, acı-acı şikayətlənir:

Mənə ol qədr təğafül elədi munca zaman,
Az qalıbdır ki, olam dərbədər, avarə, sabah.

Kərimin kimsəsi yoxdur ki, deyə, hali-dilin,
Həmdəm ol bir neçə dəm mən kimi qəmxarə, sabah.

"Çıxıbdır” adlı qoşmasında isə şair "Bizim zəmanəninzayı çıxıbdır” deyərək konkret içtimai nöqsanlardan və yaramazlıqlardan sözaçır:

Naçalniklər alıb qoyun-quzunu,
Kafər görsün pristavın üzünü,
Demək olmur bircə sözün düzünü,
Gərilmiş kamanın yayı çıxıbıdr.

Yüzbaşı aparır dəni, samanı,
Kəndxuda söyləyir hərzə, yamanı,
Mollanın, qazının çıxıb yalanı,
Əfəndilər lap hərcayı çıxıbdır.


Şairin yaradıcılığında vətən gözəlliklərinin təsviri,vətənin tərənnümü və vətənə məhəbbət qırmızı xətlə keçir.Bunu onun 16 bəndliknaməlum bir şairə qarşı yazılmış hərbi-zorba səciyyəli "Bu yerlər” rədifli müxəmməsindədaha aydın görmək mümkündür.Bu əsər Vətənə özünəməxsus ekskursiya təəssüratıoyadır.

Müxəmməs şairin doğma yurduna və onun şanlıtarixinə məhəbbət hissi ilə yazılmışdır. M.Kərim fəxrlə "bu yerləri” – Vətəni"gürz ilə qalxan”, "sahibi ürfan”, "sünbülü reyhan”, "baği gülüstan”, "sərvixuraman”, "pələngü aslan”, "Mücrimi Vardan” yeri adlandırır. O, məmləkətin qədimtarixə malik olduğunu, bilikli adamların, ürfan sahiblərinin diyarı olmasını, vətənövladlarının böyük qəhrəmanlıqlara qadir olduğunu nəzərə çatdırır. Yadelliişğalçılara, "şahi-firəng”lərə nifrətini bildirir, onlara "it kimi üstümüzəhürmə, gürz ilə başını əzərik” deyir.Ə.Cəfərzadənin qənaətinə görə, bu müxəmməsM.F.Axundzadənin "Hekayəti-Molla-İbrahim Xəlil kimyagər” əsərində toxunulanhadisələrlə səsləşir.

Vətən torpağını "göz dərmanı” sayan M.K.Vardanihər dəfə səyahətə çıxanda bir ovuc torpaq götürər, yad eldə Vətənin qoxusunu butorpaqdan alarmış. O, qurbətdə şah olmaqdansa, öz ölkəsində dilənib gəzməyiüstün tutur və bu barədə bayatılarının birində belə söyləyir:

Əzizinəm, dilən gəz,
Süsən, sünbül, dilən gəz.
Kərim, Rumda şah olma,
Vardanlıda dilən gəz.

M.Kərimin nəsri də maraq doğurur.Bura onundivançasının dibaçəsində nəsrlə yazılmış parçalar və əlyazmalarının birindəFövqü Şirvaninin Məhərrəm Pəhlivan barəsindəki şeirinə verilimiş şərh aid ediləbilər.

Birincidə, ədib illərlə uğrunda cəfalar çəkdiyidostundan zülm və xəyanət gördüyündən söz açaraq M.Füzulinin məşhur "Vəfa hərkimsədən, kim, istədim, ondan cəfa gördüm” başlıqlı qəzəlini xatırladır vədeyir: "Bəs hər yerdən əlim üzülüb, bir yari-vəfadarqalmayıb”.

İkinci nümunədə isə, ləzgilərin Şəkiyə hücumu, Şəkiüsyanının aqibəti, Məhərrəm Pəhləvan və İlisu sultanı Danyal bəy haqqındaizahat verilir.Ədibin nəsr əsərləri XIX əsr nəsr dilini öyrənmək baxımındanfaydalı mənbədir.


İmran VERDİYEV 
Oğuz rayon Yaqublu kənd tam orta
məktəbinin müəllimi, Əməkdar müəllim.