25 Aprel 2013 10:04
15219
MƏDƏNİYYƏT

Meyxana haqqında ciddi söhbət

Efirlərimizi "işğal" edən ən ciddi məsələ bir vaxtlar "meyxana, yoxsa bədihə?" sualının cavabını axtarmaq idi. Qarabağ problemindən də "ciddi" hesab olunan bu problem ziyalılarımızı bir zamanlar çox ciddi düşündürür, xalqımız səbirsizliklə bu sualın cavabının tapılacağı o anı gözləyirdi. Xalqımızın əsas problemlərindən biri məhz bu sənətin adının tapılması idi.
Küçədə istənilən insanı saxlayıb, ən sevimli şairini efirdə nə vaxt göründüyünü soruşsanız xatırlamayacaq. Efirlər hələ də bütün günü Mehman Əhmədlini, Namiq Mənanı, Namiq Qaraçuxurlunu, Vüqarı, Bayramı, Hacı Elşən Xəzəri  və digər meyxanaçı "şairləri" göstərir. ANS-in efirində tez-tez buna bənzər "nəzm qırıntıları" eşidilir: "Bu qədər şair oturub yan-yana". Məni ən çox əsəbləşdirən məhz bu məqamdır. Şair adını bu qədər gülməli hala salmaq insafsızlıqdır axı. Xalqın canı nə "bozbaş" müğənnilərdən qurtarır, nə meyxanaçılardan. Xatırlayırsınızsa bir vaxtlar "söz ustaları" meyxananın adını dəyişmək uğrunda mübarizə aparırdı. Sözün açığı bu davanın sonu necə qurtardı bilmirəm, amma onu bilirəm ki, efirlərdə meyxana verilişləri özünə əməlli-başlı yer elədi.
Bir neçə ilin söhbətidir. ATV-nin efirində hansısa meyxana yarışması gedirdi. Yarışmanın münsifləri meyxana haqqında elə ciddi-ciddi danışırdı ki, əlim-ayağım yerdən üzülürdü. Böyük sənətkarımız Şeyx Əbdül Mahmudbəyov və şair Baba Vəziroğlu meyxananın adını dəyişdirməyi təklif edirdi. Hətta bu sənəti dünyaya necə və nə cür təqdim etməyin yollarını axtarırdılar.
İndi ortalıqda görünməyən Namiq Məna da bu ad uğrunda savaşa aparırdı. Qəribə problemdir, elə deyilmi?
 "Namərd qonşularımız bu sənəti də bizdən oğurlayıb, sahib çıxacaq" sözlərini eşidəndə  lap gözlərim yaşarırdı.

Ucuz reklam

Əslində meyxana-bədihə davası meyxanaçıların ucuz reklam axtarışından başqa bir şey deyildi. Vaxtilə mediada bir-birinə hədyan yağdıran Aqşinlə-Elşənin qardaş kimi görüşmələri çoxları kimi məni də çaşdırmışdı. İndi Elşən Hacı Elşən olub, Aqşin isə özünü "əhli-beyt məddahı" hesab edir.  Ancaq o zaman hiss etdim ki, "cayılı" sənət sayılan meyxananın da "ayağı sürüşməyə" başlayıb. Namiq Mənanın, Mehman Əhmədlinin vətənpərvərlikdən, Elşən Xəzərin, Oqtayın, Ələkbərin dindən danışması məni çox düşündürür. Sovet dövründə məişət səviyyəsində yaşayan, underground sənət sayılan meyxananın müstəqillik illərində   üstündəki  yasaq, qadağa  qaldırıldı. Meyxana sürətlə populyarlaşmağa başladı.
İndi meyxanaçılar  israr  edirlər  ki,  meyxana folklorumuzun tədqiqatdan kənarda qalan maraqlı bir janrıdır. Bir müddət Azərbaycanın ən yaxşı folklorşünas alimi ilə birlikdə çalışmışam. Ömrünün 58 ilini folklora həsr edən Sədnik Pirsultanlının dilindən bir dəfə də olsun meyxana ilə bağlı heç nə eşitməmişdim; maraqlandığımı görüb özü izahat  verənə qədər.  Üstəlik  folklorla bağlı oxuduğum kitabların heç birində meyxana ilə bağlı bir sözə, bir cümləyə rastlamamışam. Meyxanaçılar  təəssüflənir  ki,  xalq  arasında  yaşayan  meyxana elmdə öz əksini tapmayıb. Maraqlı iddiadır. Dünya elmlə, texnikayla, yeni nəsil kompüterlə  maraqlandığı  bir  zamanda bizim alimlərimiz  "meyxanaşünaslıqla" məşğul olmalıdır. Təsəvvür edin ki, hansısa folklorşünas alim meyxana haqqında monoqrafiya yazıb... Amma inanın ki, bu qətiyyən təəccüblü olmaz. Hətta bir də gördünüz YUNESKO meyxananı qeyri-maddi irs siyahısına-zada da saldı. Həyatdı, nə bilmək olar?
Meyxananın bu qədər ucuz vasitələrlə reklam olunmasının arxasında nə dayanır? Televiziyalar nə üçün bu yasxana motivli, insanda heç bir katarsis yaratmayan underground sənətə bu qədər aludədir? Olmazmı bu səfeh proqramların yerini daha ciddi sənət verilişləri tutsun? Bu xalqın olan-qalan ülvi hisslərini də "ləntərani" sözlərlə öldürüb manqurtlaşdırmaq çoxmu vacibdir? Görünür bu suallar ətrafında düşünmək televiziyalar üçün sərfəli deyil. Axı belə rahat və ucuz reklamdan, reytinq oyunlarından kim qaçar?

Dilimizə zərbə

Bir vaxtlar efirdə "...dünyanın heç bir xalqında meyxana sənəti yoxdur" deyib şivən edirdilər. Elə indi də meyxananı qeyri-adi sənət hesab edənlər az deyil. Maraqlıdır, meyxanası, bədihəsi olmayan almanların, ingilislərin, rusların, fransızların, rusların, əruzu elm kimi yaradan, vaxtilə daha çox əruzda yazan ərəblərin də Nobel mükafatlı ədəbiyyatçıları var. Yoxsa meyxananı bu cür təbliğ edib dünyaya tanıtmaqla Nobel mükafatı almaq istəyirsiniz? Çox məntiqsiz yanaşmadır. Məni təəssüfləndirən bu sənətin qlobal miqyasda təbliğinə çalışanlardır. Azərbaycanı meyxana ilə tanıtmaq görəsən kimə lazımdır?  Muğamla tanındıq, yetər. Bizim Nizamimiz, Füzulimiz, Üzeyirimiz var. Belə olan halda bizim Vüqara, Sahib Kürdəxanılıya, Şəmşirə, Namiq Mənaya ehtiyacımız varmı? Bu adamlarla ən yaxşı halda Rusiyada "toy tutmaq" olar. Onu da pis-yaxşı edirsiniz. Rusiya demişkən, gözünüz aydın olsun İntiqamla Ehtiram "Davay dosvidaniya" ilə meyxananı dünyaya çıxara bildi...
Meyxananın Azərbaycan türkcəsinə vurduğu zərbəni gözardı etmək olmaz. Bu problem daha çox dilçilərimizin diqqətini çəkməlidir. Çünki meyxana dilimizi çox bərbad hala salır. Yüzlərlə misal çəkə bilərəm ki, qafiyə xatirinə sözlər şikəst hala salınır, axmaq-axmaq sözlər uydurulur, yad sözlər dilimizə "soxuşdurulur".
Hələlik sözü və dilimizi şikəst etmək meyxananın "uğuru"dur.

Yalançı vətənpərvərlik

Televiziyalarda nümayiş etdirilən meyxana şoularında gənclər tez-tez Allahdan, dindən, vətəndən danışırlar. Bir vətəndaş kimi məni narahat əsas məsələ bu şoularda Qarabağ, Şuşa, Laçın, Kəlbəcər adlarının hallanması, İslamın müxtəlif məzhəblərinin şəninə tərif yağdırılmasıdır. Görəsən Qarabağ uğrunda savaş yenidən başlasa meyxanaçılar bu savaşa haqqında düşünərmi? Yoxsa dabanlarına tüpürüb bir qismi İrana, bir qismi də Rusiyaya qaçar? Yeri gəldi, gəlmədi efirlərdən tez-tez bu sözü eşidirik:  "dava başlasa birinci biz gedəcəyik". Görəsən bu söz "cəngavərlərinin" əlinə silah verib döyüş bölgəsinə göndərsələr bu "sənətkarlar" nə edər?
Meyxana  yarışmalarındakı   coşqunu, meydangirliyi görəndə fikirləşirəm ki, görəsən bu cür igidlərin, qurd ağızlı cavanların torpağı nədən erməni əlindədir? Nə əcəb bu vaxta qədər baba yurdu işğalda olan Namiq Məna bir partizan dəstəsi yaradıb dağlara çəkilməyib? Görəsən vətənini bu qədər sevən sənətkarların əsəbləri "vətən işğalına" necə tab gətirir?
Yəqin ki, meyxananı dünyaya tanıdana kimi Qarabağın azadlığı haqqında da nə isə düşünəcəklər.
Bu cür hay-küylü vətənpərvərlik, maskalanmış "cəngavərlər"  insanda ikrah yaradır. İnanıram ki, çoxları bu cür vətənpərvərliyə nifrət edir. Görəsən bu cür vətənpərvərlik kimə lazımdır? Təsadüfən youtube.com-da Hacı Elşən Xəzərin İran səfərini izlədim. Ürəyim bulandı. İranda molla rejiminin qanlı idarəetməsində inləyən 40 milyon türkün taleyini düşündüm.
Görəsən dövlət İranı təbliğ edən, bir ayağı Qumda, bir ayağı Kərbəlada  olan bu "dindar"larla niyə maraqlanmır?

Əslində meyxana nədir?

Meyxanada nə qədər cılız və primitiv  fikirlər səslənsə də, onun mütərəqqi xüsusiyyətləri var. Təəssüf ki, bu gün mahiyyət etibarilə meyxana primitivliyə doğru gedən janrdır. Folklorşünas alim Sədnik Paşa Pirsultanlı deyir ki; "...folklorşünaslıq elmində bu janr bədihə adlanır. Yəni, meyxana bədahətən deyilən folklor nümunələrinə daxildir. Xalq isə bu janrı ayırıb və adına meyxana deyib. Bu sözün meylə-şərabla əlaqəsi yoxdur. Əgər bu adı dəyişmək lazım gəlsəydi, bunu xalq dəyişərdi. Bu gün ad dəyişikliyinə yox, mahiyyət dəyişikliyinə ehtiyac var.
Coşqusu və emosionallığı olsa da meyxana çox bəsit bir hala salınıb".
Meyxana rusların "çastuşkasına", afrikalıların RAP janrına daha çox bənzəyir. Ancaq RAP azad söz, azad şeir növüdür və ritmlə deyilərək böyük coşqu yaradır. RAP-in internetdə 3 cür açılışı var "Rythm and Poetry", "Rythmic African Poetry" və "Rythmic accompanied Poem" hamısı ritmlə deyilən şeir mənasına  gəlir. Meyxana da ritmlə deyilən bir şeir formasıdır. Afrikalılar bu janrı, yəni öz "meyxana"larını inkişaf etdirdilər, dünyaya təqdim edəcək şəkilə saldılar. Azərbaycan meyxanasında da Nizami Rəmzinin islahatlarını RAP janrında aparılan islahatlarla müqayisə etmək olar, çünki bu islahatlar meyxananı daha geniş təqdim etməyə imkan yaradırdı.
RAP ona görə geniş yayılırdı ki, o qaradərililərin, underground kəsimin etiraz nəğmələri idi. Rəhmətlik Nizami Rəmzi də meyxanadan etirazçı janr kimi istifadə edirdi. Elə biz də meyxananın öz üsyankar ruhunu görmək istəyirik.
Son vaxtlar meyxana yaltaqlıq, ucuz reklam, yalançı dindarlıq, saxta vətənpərvərlik, gülməli sevgi təbliğ edir. Bu cür meyxana ikrah yaratsa da, meyxana  haqqında birmənalı fikir demək olmaz. Sadəcə meyxana öz görməli olduğu işdən çox uzaqdır, hətta öz funksiyasını demək olar ki, unudub. Ona görə də meyxana primitiv və cılız bir janr kimi narahatlıq yaradır.