adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Mart 2024 11:37
2391
MƏDƏNİYYƏT

Məşhurların  “8 Mart” təbriki -  SORĞU

Bildiyimiz kimi sabah Beynəlxalq qadınlar günüdür. Hər kəs özünə  doğma olan xanımları məhz həmin gündə təbrik etməyi özünə mənəvi borc hesab edir.
 

Hələ illər əvvəl şair Tofiq Bayram “Qadın ürəyi” şeirində qadının bütün duyğularının, hisslərinin, kövrəkliyinin  sözlə rəsmini çəkmişdi:
 

Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi
.

 

Bu bayram münasibətiylə biz də  Adalet.az olaraq bu dəfə də aktyorlara üz tutduq. Əks cins olaraq kimə hədiyyə alacaqlarını və ya nə hədiyyə edəcəklərini soruşduq:

İlqar Musayev hədiyyəsinin nə olduğunu açıqlamasa da ailəsində ona doğma olan xanımlarrı təbrik edəcəyini söylədi:

“Bütün qadınları təbrik edirəm. Mən də  mənə doğma olan xanımları- anamı, həyat yoldaşımı və qızımı təbrik edəcəm”.
 

Vüsal Murtuzəliyev isə sualımızı olduqca səmimi cavablayıb:
 

“Düzü hədiyyə verəcəyim doğmalarım çoxdur. İndidən hədiyyəni desəm, o, sürpriz olmaz. Büdcəyə uyğun hədiyyə də olacaq və səmimi deyim elə pul şəkilində də təbrik olacaq”.
 

Rəşat Kəsəmənli isə həmkarlarından fərqli olaraq məsələyə mənəvi tərəfdən yanaşıb:
“Düşünürəm ki, hədiyyə almaq vacib deyil. Sadəcə əsl qadın adına layiq olanları təbrik edirəm. Bir də Anamın əllərindən öpüb ona hədiyyə alaram. Hər övlad anasının  qədrini  bilsə, qadınlar hər zaman təbrik olunmuş olarlar”.

 

Tural Əhməd də ona doğma xanımları təbrik edən bəylər sırasındadır:
“Qadınlarsız bir günümüz belə  olmasın. Həyat yoldaşıma hədiyyə alacağam təbii ki. Ona olan sevgimi bir daha hədiyyə verəcəyəm ona”.

 

Elnar Qarayev “mənim üçün dəyərli olan xanımlara hədiyyə alacam”, deyərək  sualımızı daha lakonik cavablayıb.
 

Amid Qasımov isə həmkarlarından fərqli olaraq alacağı hədiyyədən yox, anasının “8 MART” qadınlar bayramı ilə bağlı xatirəsini bölüşüb:
 

“Təxminən keçən il mart ayının əvvəli idi. Kənddə  balaca bir hovuz var. Hər gün anam səhər tezdən baxçamızı o hovuzun suyu ilə suvarırdı. Birdən bu hovuzun içindəki motor yanır. Düz 5-6 gün anam atamı dilə tutur ki, bu hovuzun motorunu düzəltdirsin.  “8 mart”a kimi atam bunu düzəltdirmir.  Bunu mənə anam danışır. Deyir ki, ayın 8-i səhər- səhər birdə gördüm ki, kişinin qucağında təzə bir su motoru var, o da bantiklə bağlanıb. Anamı bu motorla təbrik edib. Deyib ki, bayramını təbrik edirəm, indi ürəyin nə qədər istəyir həyətini suvar. Anam bunu mənə danışanda çox qəribə hisslər keçirdim. Hər il “8mart”da bu hadisəni xatırlayıram”.
 


ƏNTİQƏ KƏRİMZADƏ