adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Mart 2015 11:34
3273
ƏDƏBİYYAT

Mərhum alpinistin kitabı çıxıb

Ötən il faciəvi şəkildə həlak olmuş azərbaycanlı alpinist Murad Aşurlunun ABŞ-da "Öz Everestini tapmaq” kitabının təqdimatı keçirilib.

Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, təqdimat mərasimi M.Aşurlunun rəhbər vəzifələrdən birini tutduğu "Ericsson” şirkətinin Dallasdakı ofisində təşkil olunub.

Tədbirdə Muradın qardaşı, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu da iştirak edib.

İ.Aşurlu "Facebook”dakı səhifəsində bu barədə yazıb: "Murad mənə kitab yazmaq fikrində olduğunu bildirəndə bunu ciddi qəbul etmədim. Çünki Murad indiyədək nə hekayə, nə də oçerk yazmayıb, burada isə söhbət bütöv bir kitabdan gedirdi. Lakin çoxsaylı ezamiyyətlər, layihələr və başqa işlərinə baxmayaraq, Murad bir ildən də az müddətdə istədiyinə nail ola bildi. Son ekspedisiyasına yola düşməzdən əvvəl o, əlyazmasına nöqtə qoydu. Katmanduda olduğu zaman o, telefonla kitab üçün bəzi şəkilləri mənimlə müzakirə edib razılaşdırırdı. Lakin bu, bir surət, gələcək kitabın qaralaması idi... Bu gün mən onu, nəhayət ki, əlimdə tuturam”.

Kitabın işıq üzü görməsində Muradın dostları, həmkarları və "Ericsson” şirkəti rəhbərliyinin rolunu qeyd edən İ.Aşurlu bildirib ki, onlar Muradın son arzusunu yerinə yetirmək istəyiblər və buna nail olublar.

Kitab iki min tirajla ingilis dilində çapdan çıxıb. 

Xatırladaq ki, dünyanın ən yüksək nöqtəsinə - Everestə (8848 metr) qalxan ikinci azərbaycanlı olan Murad Aşurlu bu zirvəni 2013-cü ildə fəth etmişdi. O, ötən il oktyabrın 21-də Himalay dağlarının Ama-Dablam (6814 m) zirvəsindən enən zaman faciəvi şəkildə həlak olub.