adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Oktyabr 2014 14:00
5234
MƏMLƏKƏT

Məmur etinasızlığı və Bakıda baş verən partlayışlar, yanğınlar…

Payız-qış mövsümü başlar-başlamaz yanğın, partlayış hadisələri həyəcan təbili çalmaqdadır. Yanğınlar, partlayışlar yenə də "can almaqda", insanlara bədən xəsarəti və külli miqdarda maddi ziyan yetirməkdədir.

Bu günlərdə KİV-lərdə növbəti hadisə - Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov 14-də yerləşən "Kristal AA” MTK-ya məxsus 18 mərtəbəli yaşayış binasında bir nəfərin ölümünə, 5 nəfərin yaralanmasına, bin neçə avtomobilin ciddi zədələnməsinə səbəb olmuş partlayışla bağlı məlumatlar yayıldı.

Bu partlayışların səbəb nədir?

Təbii ki, bu suala bir mənalı cavab vermək çətindir.

Kütləvi informasiya vasitələri ictimaiyyətə partlayışın sözügedən binanın 1-ci mərtəbəsində "Army” mağazası üçün inşa edilən soyuducu anbarda qaz sızmasından baş verdiyini çatdırdı. Təbii ki, bu, ilkin məlumatlar idi. Yəqin ki, partlayışın daha dəqiq səbəbini səlahiyyətli orqanlar müəyyənləşdirəcək. Bizim araşdırmalarımzda isə artıq partlayış baş vermiş bina ilə bağlı bəzi dəqiq mülumatlar var. Hansı ki, elə bu məlumatlara istinad edib "nə üçün partlayışlar və yanğınlar baş verir?" sualına cavab tapmağa çalişacağıq.

Bu məlumatlara aydınlıq gətirmək üçün sözügedən bina ilə bağlı bəzi məqamlara diqqət yetirək.

Partlayışın baş verdiyi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov 14-də yerləşən "Kristal AA” MTK-ya məxsus 18 mərtəbəli yaşayış binası hələ bu günə kimi müvafiq qaydada Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilməyib. Buna baxmayaraq həmin binada bu gün sakinlər yaşayır və qeyri-yaşayış sahəsində obyektlər fəaliyyət göstərir.

Müvafiq yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq sözügedən binanın ərazisində ayrıca yanğın su hovuzu inşa olunmamış, mərtəbələrdə quraşdırılmış daxili yanğın su kranları daimi təzyiq altında su ilə təchiz edilməmişdir. Yaşayış binası olmasına, müxtəlif təyinatlı obyektlərin fəaliyyət göstərməsinə baxmayaraq dəhliz və mərtəbələrdə quraşdırılmış avtomatik yanğınxəbərverici və aşkaredici siqnalizasiya qurğuları və zirzəmi sahəsində yerləşən açıq avtodayanacaq sahəsində quraşdırılmış ventilyasiya qurğusu işlək vəziyyətdə deyil.

Təbii ki, dövlətin nəzarət qurumlarından biri olan FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) yanğın təhlükəsizliyinin təmin olunmasına zidd olan bu hallara laqeyd qala, seyrçi münasibət bəsləyə bilməzdi. Partlayış baş vermiş bu binada DYNX-nin əməkdaşları tərəfindən hələ 30 oktyabr 2008-ci ildə yanğın-texniki müayinə keçirilib, yanğın təhlükəsizliyinə zidd hallar aşkar edilib və bu haqda akt tərtib olunub, "Kristal AA” MTK-ya xəbərdarlıq məktubu yazılıb. Lakin, çox təəssüflər olsun ki, dövlət yanğın nəzarəti xətti ilə həyata keçirilmiş bu tədbirlərdən sonra aşkar olunmuş çatışmazlıqlar "Kristal AA” MTK tərəfindən aradan qaldırılmayıb.

2008-2012-ci illərdə həmin binada növbəti yanğın-texniki müayinələr keçirilsə də, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət olunmadığı yenidən yazılı şəkildə diqqətə çatdırılsa da, "Kristal AA” MTK dövlət qurumunun qanunvericilikdə nəzərdə tutulmuş qanuni tələblərinə əməl etməyib.