adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Dekabr 2022 17:25
717
ƏDƏBİYYAT

Məmməd Arazın lirikasında insan-dünya əlaqəsi haqqında

19-cu əsr Rus ədəbiyyatında Lev Toystoy "İnsan nə ilə yaşayır?" deyə insanlığa səslənirdi. Bu sual hər bir zaman kəsimində bir çox filosof, şair və yazıçıları düşündürməkdə idi. Xalq şairi Xəlil Rza Ulutürk isə insanların yaşayışının əsasını inamla əlaqələndirir və yazırdı: “İnamla yaşayır həyatda insan...”

Məmməd Araz fəlsəfəsində isə insanın yaşaması üçün ümidə, sevgiyə ehtiyac varıydı. Onun fikrincə bəzən inam yox ola, balans pozula, sevda öz çevrəsindən yayına bilərdi. Belə anlarda şair ümidə bağlı qalaraq yaşamağı, öz içimizdəki gücə, həyat eşqinə arxalanmağın ən yaxşı yol olduğunu göstərirdi. "Təsəlli" şeiri də buna gözəl bir nümunə ola bilər.

Hələ ömrümüzün nə yazı olub;

Hələ bu dünyada nə yaşamışıq.

Bizim payımıza çatası olub

Təsəlli bir qaşıq, ümid bir qaşıq.

 

Demə ki, ömrümüz keçdi yandan,

Biz yenə ümidli günlər yarıyıq.

Biz ki gələcəyə inam sarıdan

Dünyanın ən varlı adamlarıyıq!..

Bunu çox yaxşı bilirik ki, dünya ilə insanın bağlılığını M.Araz lirikasının hər bir küncündə tapmaq olur. "Dünya sənin, dünya mənim...", "Dünya gözəl dünyadı", "Qoruyun dünyanı", "Belə dünyanın", "Dünya düzəlmir", "Ya Rəbbim, bu dünya sən quran deyil" şeirlərini qeyd etmək lazımdır. Adlarından belə görünür: Şair həm dünyanı sevir, həm də ona biganələşir, yadlaşır. Bu keçən zamanla dəyişikliyə uğrayan insanlığın - cəmiyyətin şairdə olan əksidir. Zaman-zaman hər kəs dünyadan əlini üzmək istəyər, lakin yenə də yaşamaq və yaratmaq istəyi onu yalnız buraxmaz. M.Araz da bunu hiss edir və insani münasibətləri elə insanın özünə çatdırırdı. Onun bəzən qəzəblə, bəzənsə də kədərlə yazdığı misralarında belə ümidi hiss etmək mümkün idi. O, klassikləşmiş şeiri "Dünya sənin, dünya mənim"də duyğularını ən çarpıcı halıyla bunu ifadə edirdi. "Gülünclərə gülünc gələn bu ada güldüm" deyərək insanlara bu dünyada hər kəsə yer olduğunu, ancaq onun heç kimsəyə aid olmadığını göstərdi. Bunu edərkən şair özünü də digərlərindən ayırmır, oyun olan dünyadakı halına gülür.

Şairin böyük fəlsəfi düşüncəsi yazdığı hər bir sətrdə sezilir. Həssas məqamlardakı incə toxunuşları onun görkəmli söz ustası olmasından əlavə duyğularını ifadə edə bilən, çəkinməyən bir insan olmasını da yansıdırdı. Mövzusu vətən eşqi, azadlığı olanda da, təbiət, sevgi, dünya haqqqında yazanda da o elə həmin şairin — insanın özü idi..

Bu səbəbdən M.Arazın şair duyumuna görə həyatı tam mənasıyla anlamaq üçün duyğularımız ilə hərəkət etməliyik. Torpağı, daşı, insanı, heyvanı — qısaca bütün yaradılmışları hiss etmək, onu özündən bilmək şairin düşüncəsinə görə üçün çox da çətin deyildi. Qəşəm İlqar da şair haqqında belə yazırdı: "Məmmədin şerlərində xüsusi həzinlik vardır. Bu da ondan irəli gəlir ki, Məmməd təbiətə bağlı şairdir. Çox vaxt başqalarının duya bilmədiyini şair qəlbi ilə duyandır". "İnsanın ürəyi" adlı şeirində bəşər övladının dünyanı düzgün duyması üçün lazım olan tək şeyin könül, vicdan olmasını bildirir:

Sev ürək, duy ürək, ağla, gül ürək!

Şairin gözü də ürəkdir bəzən.

Ulduzlar göz olsun, nəyimə gərək

Dünyanı ürəklə görə bilməsəm

M.Araz üçün suallar bitmir, onun lirik-fəlsəfi obrazı hər zaman axtarışda olub. Bu sualları isə yalnız öz adından deyil, bütün insanlıq adından yenə insanlara ünvanlayırdı ki, özümüzü daha yaxşı tanıya bilək.

Bu gün şairin anım günü olması səbəbiylə onun ölməz fəlsəfi düşüncəsini yada saldım və xatırlatmaq istədim. Son söz kimi bunu yazmaq istəyirəm.. M.Araz müxtəlif ziddiyyət və ortaq cəhətləri ilə bir-birini tamamlayan bəşər övladının ruhunu şeirlərinin hər bir misrasında əks etdirərək göz və söz yaddaşımızda öz imzasını əbədiyyətə qədər qoruyub-saxlayacaqdır.

 

Həyat Hacıyeva