13 Sentyabr 2013 00:45
8523
MƏMLƏKƏT

MƏKTƏBLİ LƏVAZİMATLARI...

Onlar niyə baha qiymətə satılır?
Yeni dərs ilinin başlanmasına barmaqla sayılası günlər qalıb. Onsuz da həmişə valideynlər və şagirdlər, eləcə də tələbələr yeni dərs ilinin başlayacağı günü həyəcanla gözləyirlər. Ən azından ona görə ki, məktəb həyatının çətin, həyəcanlı anları yenidən davam edəcək. Buna görə də bəri başdan həm valideynlər, həm də şagirdlər lazımi hazırlıq işlərini görürlər.
İlk növbədə yeni dərs ilində hər bir şagirdə məktəbli forması, çantası, müxtəlif dərsliklər və ləvazimatlar lazımdır. Əlbəttə, bunları almaq üçün hər bir ailə öz büdcəsindən kifayət qədər pul ayırır. Çox uzağa getməyək, əgər bir ailədə 2-3 nəfər uşaq orta məktəbə gedirsə, ona yeni dərs ilində lazımi paltarları və dərs ləvazimatları almaq üçün nə az, nə çox 600 manat pul lazımdır. Bu pulu isə əldə etmək, xərcləmək hər ailənin imkanı daxilində deyildir.
Amma buna baxmayaraq, ən kasıb adamın belə bir uşağı məktəbə gedirsə, ona dərs ilində yeni paltar, dəftər, qələm və digər dərs ləvazimatları almağa məcburdur. Adi bir məktəbli geyiminin qiyməti 35 manatla 40 manat arasındadır. Düzdür, valideynlər övladlarını məktəbə göndərərkən bir çox çətinliklərlə üzləşirlər. Ancaq bir məsələni xatırlatmalıyıq ki, onsuz da həyatımız çətinliklər üzərində qurulub və hər birimiz bu anları yaşamağa məcbur oluruq.
Təbii ki, dərs ili başlayanda və daha doğrusu, dərs ilinin başlanmasına bir neçə həftə qalmış bazar-dükanlarda məktəbli geyimlərinin və dərs ləvazimatlarının qiyməti süni surətdə qaldırılır. Bunu da ayrı-ayrı işbazlar və dələduzlar həyata keçirirlər.
Belə ki, həmin işbazlar insanların mağazalara, topdansatış yerlərinə, ticarət mərkəzlərinə çox gəldiyini görüb, qiyməti artırırlar. İndi həm məktəbli geyimlərinin, həm çantaların, həm də dərs ləvazimatlarının qiymətində xeyli artım var.
8-ci Kilometr bazarındakı məktəbli mağazasında övladlarına dərs ləvazimatları alan Hüsniyyə Babayeva dedi ki, 20 gün bundan qabaq dəftər-qələmin və eləcə də digər ləvazimatların qiyməti bu qədər baha deyildi. Biz istədik uşaqlar üçün lazım olan məktəbli formasını və dərs ləvazimatlarını bir ay bundan qabaq alaq. Amma istirahətə getdiyimiz üçün o vaxt ala bilmədik. İndi də gəlib görürük ki, hər şeyin qiyməti kəllə-çarxa çıxıb. Ancaq neyləmək olar?! Yenə məcburuq ki, lazımi şeyləri alaq. Bir fikir söyləmək istəyirəm: qoy əlaqədar təşkilatlar məktəbli ləvazimatların satılmasına monitorinq keçirsinlər. Bax, onda görəcəklər ki, qiymətlər nə qədər bahalaşıb. Ona görə də xahiş edirik ki, bu məsələlərə xüsusi bir nəzarət olsun ki, ayrı-ayrı işbazlar qiymətləri bahalaşdırmasınlar.
İndiki dövrdə bütün qiymətləri bazar münasibətləri tənzimləyir. Bir də görürsən ki, bir satıcı on iki vərəqli dəftəri 5 qəpiyə, biri 10 qəpiyə, digəri isə 15 qəpiyə satır. Onlara, yəni satıcılara irad tutanda deyirlər ki, kefimiz belə istəyir. İstəyirsiniz alın, istəmirsiniz almayın!
Bax, belə anlarda istər-istəməz alıcılar da əsəbiləşir və nəticədə məcbur olub baha qiymətə məktəbli ləvazimatları alırlar. Təbii ki, hər bir məsələnin həlli yolu var. Məktəbli ləvazimatları da mərkəzləşdirilmiş qaydada satılsa, bu işə nəzarət edilsə, bax onda qiymətlər o qədər də ceyran belinə qalxmaz.
Sadəcə olaraq, görünür, kimlərsə, qaz vurub, qazan doldurmaq üçün məktəbli ləvazimatlarının satışını monopilyaya çeviriblər. İnhirsaçılıqsa bütün hallarda haqq-ədalətin tapdanmasına və dələduzların, furuldaqçıların varlanmasına xidmət eləyir.

Faiq QİSMƏTOĞLU